Tarix: 24 May 2024 18:18 | Baxış sayı: 1228
İdeyaları reallaşdırmaq üçün birlik lazımdır   - Həsən Əlizadə

İdeyaları reallaşdırmaq üçün birlik lazımdır - Həsən Əlizadə

“4 ildir Almaniyada yaşayıram və bura təhsil almaq üçün gəlmişəm. Ötən müddətdə həm universitet, həm də iş həyatında Azərbaycanın milli-mədəni dəyərlərini, tanınmış şəxslərini, musiqisini, mətbəxini, təhsil sistemini, coğrafi quruluşunu və təbii sərvətlərini təbliğ edəcək bir sıra tədbirlər həyata keçirmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyada yaşayan fəal soydaşımız Həsən Əlizadə deyib.

H.Əlizadə bildirib ki, keçirdiyi tədbirlər daha çox xarici vətəndaşlar üçün nəzərdə tutulub:

“Məsələn, alman səyyah və yazar Holger Kretzschmarın (Trescher Verlag. Trescher Reiseführer: Mehr wissen. Besser reisen (trescher-verlag.de) iştirakı ilə onun Azərbaycan haqqında yazdığı yeni kitabın təqdimatını etmişik”.

H.Əlizadə qeyd edib ki, universiteti yaxşı nəticələrlə bitirərək elmi işçi kimi fəaliyyət göstərən soydaşlarımızla birgə Azərbaycan-Almaniya təhsil sistemlərini birləşdirəcək və Azərbaycan gənclərinin təhsil səviyyəsini yüksəldəcək bir sıra layihələr üzərində çalışırlar:

“Həmçinin, bəzi gənc soydaşlarımız Azərbaycanda aldığı musiqi təhsili və bacarıqlarından istifadə edərək Almaniyada doğulan azərbaycanlı uşaqlara musiqi mədəniyyətimizi aşılamağa çalışırlar. Son zamanlar bu istiqamətdə daha çox aktivlik və yeni ideyalar görürəm. Sadəcə bu ideyaları reallaşdırmaq üçün daha çox birlik lazımdır. Düşünürəm ki, bu birliyin üzvləri Avropada yaşayan gənclər olmalıdır və onların bir araya gəlməsi ilə daha çox iş ərsəyə gətirə bilərik”.

H.Əlizadə əlavə edib ki, Azərbaycan diasporunun yaşadığımız ölkə və şəhərin ictimai-siyasi həyatına, eləcə də mediasına nüfuz etməsi üçün sosial mediadan daha aktiv istifadə etməliyik:

“Bunun üçün gənclərin diqqətini çəkəcək maraqlı layihələr, məlumatlandırıcı, əyləncəli, həvəsləndirici və məzmunu daha yüksək olan səhifələr yaradılmalıdır. Mən bir çox Avropa ölkəsini gəzmiş və orada doğulan azərbaycanlıların necə böyük Azərbaycan sevgisinin olduğunu, bunun üçün əllərindən gələn hər şeyi etmək istədiklərini görmüşəm”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır