Tarix: 18.10.2024 / 16:00
 “Paşinyan Ərdoğanla razılaşacaq”   - Ermənistan mətbuatı

“Paşinyan Ərdoğanla razılaşacaq” - Ermənistan mətbuatı

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetdə bildirilib ki, “3+3” formatı 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyənin təşəbbüsü ilə Rusiyanın dəstəklədiyi regional əməkdaşlıq formatıdır. O, Cənubi Qafqazın üç ölkəsinin - Gürcüstan, Ermənistan və Azərbaycanın, eləcə də regionun üç dövlətinin - Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.

Rusiya Sergey Lavrovun toplantıda iştirakını təsdiqləyib, Gürcüstan isə növbəti dəfə də boykot elan edib. Gürcülər indiyə qədər Rusiya Federasiyası ilə ziddiyyətləri əsas gətirərək heç bir görüşdə iştirak etməyiblər.

Siyasi dairələrdə Nikol Paşinyanın Rəcəb Ərdoğanla razılığa gələcəyi barədə proqnozlar verilir. Söhbət Rusiya Federasiyası üçün qəbuledilməz olan ayrıca razılaşma çərçivəsində Orta dəhlizlə bağlı razılaşmadan gedir. Çünki 9 noyabr tarixli sənəddə təkcə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizindən deyil, ümumiyyətlə, yolların açılmasından bəhs edilir.

Oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiya prezidentinin görüşlərdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini bildirməsinin səbəbi də budur. Dünən Mariya Zaxarova isə onun fikirlərini bir qədər redaktə edərək bildirib ki, Moskva “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, “Hraparak” belə qeyd edir.

Şərhlər

Yaz...