Tarix: 16.07.2024 / 08:50
Hər yoldan keçəni koordinator qoyurlar...   - Mərkəz rəhbəri

Hər yoldan keçəni koordinator qoyurlar... - Mərkəz rəhbəri

“Vahid idarəetmə o demək deyil ki, bir nəfər yuxarıda otursun və hər kəs ondan asılı vəziyyətdə iş görsün. Elə olan halda Azərbaycan diasporu heç vaxt inkişaf edə bilməyəcək”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov deyib.

Q.Nəsirovun sözlərinə görə, indiyə qədər vertikal idarəetmə sistemi ilə işləmək hər kəsin narazılığına səbəb olub:

“Bu halda gərək ki, hamı hər kiçik məsələdə yuxarıdakı insanın qərarını və onun məsələyə yanaşmasını, bu işi həyata keçirmək üçün qərar qəbul edib, təsdiqləməsini gözləsin”.

“Mənim fikrimcə, idarəetmə hər zaman horizantal olmalıdır. Ələlxüsus da diaspor sahəsində olanlar, xaricdə yaşayan soydaşlarımız bu sistemdə işləməlidir. Biz öyrəşməmişik ki, bizimlə koordinatorlar günlərlə nə isə danışıb sonda desinlər ki, qərarı biz vermirik, 3 aydan sonra kimsə qərar verəcək. Belə olan halda iş getməz, iş belə həll olunmaz”, - deyə Mərkəz rəhbəri bildirib.

Q.Nəsirov qeyd edib ki, bəlli bir çərçivə daxilində koordinatorların da qərar qəbul etmək haqları olmalıdır:

“Qərar verdikdən sonra maliyyə məsələlərində də koordinatorların söz haqqı olmalıdır. Əlbəttə ki, böyük büdcələrdən söhbət getmir. Koordinatorlarla saatlarla, günlərlə boş-boşuna danışıb zaman itiririk və sonda danışılan məsələlər itir-batır. Neçə aydan sonra qərar yuxarıdan, kimdənsə gəlir. Belə olan halda da hər kəs narazı olar və görülən işlər də ürəkaçan olmur”.

Mərkəz rəhbəri bildirib ki, əgər güclü diaspor istəyiriksə, horizantal rəhbərlik üsuluna əl atmaq lazımdır:

“Təyin olunan koordinatorlar Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən düzgün seçilməlidir. Hər yoldan keçəni koordinator qoyub nə var ki, bu adam ingilis dili bilir, yaxud da nə var ki, bu adam Avropada, Amerikada təhsil alıb və s. hallara görə qərar verilməməlidir”.

“Koordinator seçilən adam doğru düşünən, qərar qəbul etməyi bacaran informasiyalı və müzakirə etməyi bacaran, eləcə də başqa ölkələrdə vəziyyətdən xəbərdar olan adamlar seçilməlidir. Zəncirvari bir sistem olmalı, qırılmamalıdır. İstər koordniator seçimində, istərsə də koordinatorun səlahiyyətləri və öhdəlikləri bir-birinə bağlı olmalı, onlar işlərinə peşəkar yanaşmalıdırlar”, - deyə Q.Nəsirov qeyd edib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Vüqar Əhmədov

Yuxarıdan Yalnız Istiqamət Verilməlidir, Yerlərdə Isə Bu Istiqamət Üzrə Iş Aparılmalıdır. Hər Bir Vəzifəli Şəxs Öz Vəzifəsi Çərçivəsində Özü Qərar Qəbul Etməlidir Və Qəbul Etdiyi Qərara Görə Məsuliyyət Daşımalıdır. Qohum Və Yerlibazlıqla Iş Getməz.

16.07.2024 / 11:36

Yaz...