Tarix: 24 May 2024 09:00 | Baxış sayı: 884
Hər şeyi öz hesabımıza edirik   - Diaspor fəalı

Hər şeyi öz hesabımıza edirik - Diaspor fəalı

“Mən özümü diaspor üzvü saymıram. Düşünürəm ki, Vətən üçün atılan addım könüldən, ürəkdən gəlməlidir. Mən nə edirəmsə vətənim Azərbaycan üçün edirəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Niderlandda yaşayan soydaşımız, Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva deyib.

Onun sözlərinə görə, vətənpərvər bir ailədə böyüyüb, Niderlanda getməzdən əvvəl də Azərbaycan üçün çalışıb:

“Rus məktəbində təhsil almağıma baxmayaraq, çalışıram ki, danışarkən rus sözlərindən istifadə etməyim. Çünki mən öz dilimə böyük qiymət verirəm. Anam Azərbaycan dili və ədəbiyyat müəllimi, atam isə kamança ustasıdır. Hətta Sovetin vaxtında belə atam həmişə deyərdi ki, rus məktəbinin qapısından girəndə rus dilində danışmaq lazımdır. O, 1988-ci ildə Xalq hərəkatına qoşuldu, Vətəni, milləti sevməyin nə olduğunu 14-15 yaşımdan dərk etmişəm”.

L.Babayevanın sözlərinə görə, vətəni sevmək üçün xaricə getmək lazım deyil:

“Azərbaycanda olarkən necə idimsə, xaricdə də eləyəm. Ölkəmizi tanıtmaq üçün geniş fəaliyyət istiqamətlərimiz var. Tovuz döyüşlərində ermənilər səfirliyimizin qarşısına yığışarkən biz də ora toplaşıb bir araya gəldik, diplomatik korpusumuzu ermənilərdən qoruduq. 3 may, 2024-cü il tarixdə “Azərbaycan qadını kimdir?” adlı tədbir keçirdik. Orada həm moderator, həm də tərcüməçi idim. Eyni zamanda 20 Yanvar, Xocalı soyqırımı, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik günü, Zəfər bayramı kimi əlamətdar günlərdə də bir araya gəlirik”.

L.Babayeva bildirib ki, əgər ölkədən kənarda vətənini tanıtmaq istəyirsənsə, mütləq maddi dəstək lazımdır:

“Biz heç kəsdən maliyyə istəmirik, çünki diaspora könül məsələsidir. Əlbəttə, xaricdə hər şey çox bahadır. Buna baxmayaraq nə ediriksə, öz gücümüzə edirik. Lakin hər bir işin başında maliyyə dayanır və zaman qıtlığı əsas problemlərdəndir. Hər kəsin öz həyatı, işi var”.

L.Babayeva əlavə edib ki, 2021-ci ildə Qarabağa - Şuşaya tur təşkilində səfər edib.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır