Tarix: 21.08.2024 / 08:55

Hər iki ölkənin diasporu arasında koordinasiya əskikliyi var

"Azərbaycanın dostları" verilişinin növbəti qonağı Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç olub.

"Azərbaycana səfir təyin olunmamışdan əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın Protokol müdiri vəzifəsində çalışırdım. Barəmdə əmr verildiyi zaman hər yeri seçə bilərdim. Mən isə Azərbaycanda səfir olmağı seçdim. Çünki bura təyin olunmaq həyatımın röyası idi, bu da gerçəkləşdi. Gələndə dedim ki, vətənə gedirəm, əsas məqsədim Azərbaycan və Türkiyə üçün çalışmaq olacaq. Həmin illər həqiqətən çətin idi. Yəni 2009-cu ildən başlayan illər... O zaman erməni protokollarının imzalanması gündəmdə idi. Mən şəxsən bu protokolların imzalanmasının tərəfdarı deyildim. Hörmətli prezidentimiz də bu protokolları istəmirdi, nəticədə imzalanmadı. Hər zaman deyirəm ki, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan bizim qardaşlarımızdır, amma Azərbaycanla əkizik”, - H.Kılıç deyib.

H.Kılıç Moldovoya səfir təyin edildikdən sonra da Azərbaycan və Türkiyə üçün xidmət etdiyini bildirib:

“Moldovada əsasən Azərbaycanın səfiri Qüdsi Osmanovla birlikdə çalışdıq, hər zaman yan-yana durduq, çünki 2 hər zaman 1-dən böyükdür. Orada da gücümüzü birləşdirdik”.

Sabiq səfir təqaüdə çıxandan sonra ictimai fəaliyyəti davam etdirmək üçün dostlarla birgə yaratdığı Türk Dünyası Parlamentlər Birliyininin (TDPB) fəaliyyətindən də bəhs edib. Qeyd edib ki, məqsəd bütöv türk dünyasına xidmət göstərmək, insanları bir yerə toplamaqdır:

“Mən həmçinin İMZA İctimai Birliyinin Türkiyədəki nümayəndəsiyəm, önəmli tədbirlər həyata keçiririk. Cənab prezidentin dediyi kimi, türk dünyası mənim ailəmdir".

Türkiyə və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən danışan H.Kılıç ölkələr arasındakı koordinasiyanın əskik olduğunu vurğulayıb:

"Biz bir ordu, bir mətbuat modelinə doğru gediriksə, tək diaspora modelini də tətbiq etməliyik. Cənab Prezidentin belə bir sözü var: "Bir millətin iki diasporu ola bilməz”. Əslində ölkə başçısı bu ideya ilə ortaq yol xəritəsi təqdim etdi. Lakin bu söz havadadır, onu reallaşdırmaq lazımdır. Mən də payıma düşəni edirəm və yaxın gələcəkdə daha effektiv fəaliyyət göstərəcəyik. Hər iki ölkənin diasporu arasında koordinasiya əskikliyi var. Bu işə bilən birisini rəhbər təyin etmək lazımdır. Danışırıq, müzakirə edirik, təkliflər veririk, amma sonra dağılırıq. Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyədəki komitə ayrı-ayrılıqda yaxşı işlər həyata keçirirlər. Türk dünyasının güclərini birləşdirmək lazımdır”.




Şərhlər

Yaz...