Azərbaycanlı gənc 176 ölkə arasından qalib oldu - Video
Oksford Universitetinin azərbaycanlı tələbəsi Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının Top 50-lik siyahısına daxil edilib.
Bununla bağlı Diaspora.TV-yə danışan Nuranə Məmmədova bildirib ki, finalçılar dünya üzrə 11 000-dən çox nominasiya və ərizə arasından seçilib.
“176 ölkədən təmsil olunan namizədlər arasında yekun siyahıya cəmi 30 ölkə çıxıb. Mən də siyahıda yer almışam. Finalistlər akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, o cümlədən icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir gücünə görə qiymətləndirildilər”, - deyə, o, bildirib.
Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər orta təhsil məktəbini fərqlənmə ilə bitirdikdən sonra, bakalavr təhsilini UNEC və ADAU universitetlərində alıb. Daha sonra magistr təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirib. Hazırda Oksford Universitetində Diplomatiya üzrə magistr təhsilini davam etdirir. O, bununla yanaşı sözügedən universitetdə doktorantura üzrə təhsil almağı düşünür.
N.Məmmədovanın ən böyük uğuru 2019-cu ildə ABŞ-nin Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderlərinin siyahısında yer alması olub.
Həmvətənlimiz gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri yönündə minlərlə gəncə ilham qaynağı olub.