Tarix: 05.04.2024 / 10:00
“Həmvətənlərimiz ölkəyə investisiya qoymaq istəyirlər, amma...”  - Rauf Qarayev

“Həmvətənlərimiz ölkəyə investisiya qoymaq istəyirlər, amma...” - Rauf Qarayev

“Xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana investisiya qoymaq istəyirlər. Çünki bununla bağlı mənə də müraciətlər olub”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı Rauf Qarayev bildirib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar qeyd edirlər ki, ölkəyə gələndə ümumi vəziyyəti öyrənməyə çalışırlar:

“Onlar bildirirlər ki, sahibkarlarla bağlı problemlər mövcuddur. Bu baxımdan da onlar deyir ki, pulumuzu götürüb ölkəyə gəlmək istəsək belə, tərəddüd edirik. Nəticədə də, onlar yaşadıqları yerə geri dönürlər. Burada problem nə ilə bağlıdır? Nə üçün investisiya qoymaq istəyirlər, amma müəyyən abu-havaya görə investisiya qoymaq fikrindən daşınırlar? İlk növbədə məsələ onunla bağlıdır ki, xaricdə yaşayan azərbaycanlı iş adamları buraya gələndə yaxın çevrəsindəki insanlarla araşdırma aparırlar. Bundan sonra digər proseslər məsələyə qoşulur. Burada hüquqi, vergi və gömrük məsələri var. Hansı ki, bu sahədəki çətinliklər də diqqətə alınır. Yəni, ümumi olaraq araşdırmaları nəticəsində onlar yekdil qərara gəlir ki, investisiya qoymaq olar, ya olmaz. Düzdür, qeyd edilən məsələlərlə ölkədə mübarizə aparılır. Amma, real olaraq biz onu görə bilərik ki, investisiya qoymaq istəyən şəxslər üçün bu yetərli deyil”.

Ekspert vurğuladı ki, əsasən işğaldan azad olunmuş ərazilərdə investisiya qoyuluşu nəzərdə tutulub:

“Bu ərazilərdə investorlar üçün vergi, gömrük, sığorta ödənişləri ilə bağlı güzəştlər var. Üstəlik, həmin ərazilərdə sənaye zonalarının yaradılması nəzərdə tutulub və bununla bağlı işlər görülür. Amma biz gördüyümüz mənzərə odur ki, həmvətənlərimiz təhlükəsiz, bütün işlərin qaydasında olduğu şəhərlərə və rayonlara investisiya yatırmaq istəyirlər. Bu da mümkün olmur, çünki qeyd etdiyim müəyyən strukturlarda işlər görülməlidir. Vergi, gömrük, monopoliya, eləcə də məmur müdaxiləsi amili həll olunmalıdır ki, sahibkar artıq özünü rahat hiss etsin. Həmçinin, burada nəqliyyat məsələsini də daxil etmək olar. Məhkəmələrin işi düzgün icra etməsi məsələsi də var, hansı ki, burada da müəyyən problemlər mövcuddur. Yəni, xaricdə yaşayan həmvətənlərimiz ölkəyə investisiya qoymaq istəyirlər, amma şərt kimi qeyd etdiyim məsələlər həll olunmalıdır. Bundan sonra onlar rahat şəkildə öz yatırımlarını edə biləcəklər”.

R.Qarayev dövlətin görəcəyi işlərlə bağlı Danimarka təcrübəsinə əsaslanaraq qeyd etdi ki, orada sahibkarlar şəhərlərə deyil, kəndlərə yönəlir:

“Səbəb isə odur ki, böyük şəhərlərdə nəqliyyat problemi var və daşınmada vaxt itkisinə yol verilir. Amma kəndlərdə daimi elektrik enerjisinin, keyfiyyətli kommunal xidmətlərin olması, nəqliyyat probleminin olmaması sahibkarlara geniş imkanlar açır. Çünki yük maşınları rahat şəkildə kəndə daxil olub, zavoda gedib, daşınmanı həyata keçirə bilir. Faktiki olaraq, onlara vergi güzəşti də nəzərdə tutulub”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...