Tarix: 17.09.2024 / 14:00
 Həm Slovakiya dövləti, həm də xalqı Azərbaycana çox  yaxındır...   - Ruslan Abdullayev

Həm Slovakiya dövləti, həm də xalqı Azərbaycana çox yaxındır... - Ruslan Abdullayev

Xəbər verdiyimiz kimi, Slovakiyada miqrantlara verilən sosial müavinətlər ləğv edilib. Bu, miqrant lobbisinə qəti “yox” deyən hakimiyyətin iradəsi sayəsində mümkün olub.

Diaspora.TV məsələyə aydınlıq gətirmək üçün Slovakiyada yaşayan soydaşımız, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) İdarə Heyətinin üzvü Ruslan Abdullayevlə əlaqə saxlayıb.

R.Abdullayev yardımların dayandırılması məsələsinin mediada fərqli təqdim olunduğunu bildirib:

“Sadəcə Ukrayna qaçqınlarının müəyyən kateqoriyasına verilən yardım dayandırılıb. Yəni çağırış yaşlı, avtomobili, Slovakyada evi, biznesi olanlara bundan sonra yardım verilməyəcək”.

R.Abdullayev bildirib ki, həm Slovakiya dövləti, həm də xalqı Azərbaycana çox yaxındır:

“Azərbaycan səfirliyi şəhərin ən gözəl yerində, mərkəzində yerləşir. Azərbaycan adı gələndə çox hörmətlə qarşılayırlar”.

R.Abdullayev əlavə edib ki, Slovakiya dövləti işğaldan azad olunan Ağdamın Baş Qərvənd kəndinin bərpasında da iştirak edəcək:

“Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək. Bu barədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib”.

Şərhlər

Yaz...