Tarix: 22.04.2024 / 17:04
Helsinkidə azərbaycanlılar  bir araya gəldi

Helsinkidə azərbaycanlılar bir araya gəldi

Helsinki şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, tədbirdə Finlandiyada yaşayan həmvətənlərimizlə yanaşı, Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Moldova, Qazaxıstan, Gürcüstan, Ukrayna icmalarının nümayəndələri, Cənubi Azərbaycandan olan soydaşlar və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Helsinkidəki “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova azərbaycanlıların öz ata-baba yurdlarından, Qərbi Azərbaycandan deportasiyaya məruz qalmaları ilə bağlı həqiqətləri diqqətə çatdırıb. Tədbirə Helsinki və London Cambridge Universitetindən elm adamlarının iştirakının Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, “İZ” sənədli filminin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov və digər qonaqlar çıxış ediblər.

Tədbir “İZ” sənədli filminin nümayişi ilə davam edib.

Filmdən sonra əslən Gəncədən olan, Helsinki şəhərində yaşayan gənc fəal Mona “Sarı Gəlin” və “Gündüz-gecə” mahnılarını səsləndirib.




Şərhlər

Yaz...