Tarix: 28.05.2024 / 12:00
Heç bir işlə məşğul olmur, yalnız görüntü yaradırlar...   - Politoloq

Heç bir işlə məşğul olmur, yalnız görüntü yaradırlar... - Politoloq

“Xaricdə yaşayan, vətandaşlığı olan və ya olmayan həmvətənlərimiz diaspora fəaliyyəti ilə miqrant fəaliyyətini bir-birinə qatır və çox vaxt da bu səbəbdən aralarında konfliktlər, gərginliklər yaranır. Bu da bir çox məsələlərin həyata keçməsinə mane olur. Halbuki bunlar bir-birindən tamamiilə fərqli anlayışlardır”.

Bu açıqlamanı Diaspora.TV-yə politoloq Elşən Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri diasporaya cavabdeh olmasalar da mütəmadi əlaqə saxlamalıdırlar:

“Əsas məsələ Diasporla İş üzrə Dövlət Komitəsi ilə xaricdəki diaspora təşkilatlarının işlərini necə qurmasıdır. İstər səfirliklər, istərsə də Diaspora Komitəsi həmin təşkilatlara yanaşmalarda diqqətli olmalıdırlar. Əməkdaşlıq etdiyi təşkilatların nüfuzu, rəhbərliyinə olan münasibət, alt fikirləri olmadan fəaliyyət göstərmək istəklərinin olması dəqiqləşdirilib nəzərə alınmalıdır”.

Politoloq hazırda xarici ölkələrdə çoxlu sayda təşkilatın mövcud olduğunu bildirib:

“Onların arasında elələri də var ki, əslində heç bir əsaslı işlə məşğul olmur, yalnız görüntü yaradır, müxtəlif vasitələrlə komitəyə, yaxud səfirliklərə yol tapıb dövlətin yardımlarından bəhrələnmək istəyirlər. Adətən belə təşkilatların səsi-küyü iş görənlərdən daha çox çıxır, nəticə isə olmur. Bir məsələyə diqqət etmək lazımdır ki, bəzi diaspora təşkilatları fəaliyyətlərini elə qururlar ki, onlar sanki Azərbaycan dövlətinin həmin ölkədəki nümayəndələridir. Əlbəttə, heç kim onlara belə düşünməyi qadağan etmir. Amma nəzərə alınmalıdır ki, adətən hər bir dövlətdə mövcud olan diaspora təşkilatları həmin ölkələrin vətəndaşlarından və cəmiyyətə inteqrasiya olunmuş insanlardan ibarət olmalıdırlar. Belə olan halda Azərbaycanla bağlı hər hansı tale yüklü məsələni hansısa orqan qarşısında qaldıranda onlara diqqət yetirilir və kənardan sifariş həyata keçirməkdə ittiham olunmurlar. Amma bir sıra təşkilatlar özləri bilərəkdən elə fon yaradırlar ki, onlar Azərbaycandan təlimat alır, səfirlik vasitəsilə kordinasiya olunurlar və s. Yəni Azərbaycan vətəndaşı kimi özlərini aparırlar. Belə olan halda da həmin təşkilatların tədbirlərinə gəlmək istəyən, təkliflərini qəbul edən siyasətçilər, ictimai xadimlər çəkinir, əlaqə qurmaq istəmirlər”.

E.Mustafayev qeyd edib ki, vətəndaşı olan ölkənin ictimai-siyasi proseslərinə inteqrasiya etmiş diaspora təşkilatlarının olması daha xeyirlidir, o səbəbdən də bu istiqamətdə əsas yük Diasporla İş üzrə Dövlət Komitəsinə və səfirliklərin üzərinə düşür.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...