Tarix: 20.06.2024 / 10:22
Həbsdə olan güneyli alimdən İsveçin baş nazirinə:   Məndən üz çevirdiniz

Həbsdə olan güneyli alimdən İsveçin baş nazirinə: Məndən üz çevirdiniz

İsveç vətəndaşı, Tehranın Evin həbsxanasında edam hökmü altında yaşayan Güney azərbaycanlı alim Əhmədrza Cəlali İsveçin baş naziri Olaf Kristersona müraciət edib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, yaydığı səs yazısında İranla İsveç arasında baş tutan məhbus mübadiləsində özünün adının yer almadığına görə İsveçin baş nazirini tənqid edib.

"Mən 8 il 2 aydır saxlanıldığım Evin həbsxanasının qorxunc təkadamlıq kamerasından sənə müraciət edib və deyirəm ki, məndən üz çevirməyi qərara aldınız. Məni edam təhlükəsi ilə qarşı-qarşıya qoyub, bu hökmün dəyişdirilməsinə görə mübarizə aparmadınız", - deyə azərbaycanlı alim deyib.

Cəlali iki İsveç vətəndaşının İsveçdə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsinə toxunub və bu məhbus mübadiləsi zamanı özünün İran həbsxanasından geri alınmamasını barəsindəki ayrı-seçkiliyin nümunəsi adlandırıb.

İki gün əvvəl Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya da İsveçin Baş nazirinə ünvanladığı müraciətdə onu tənqid edib, Cəlaliyə qarşı ayrı-seçkilik edildiyini bildirib.

Qeyd edək ki, İranda casusliq ittihamına görə həbsdə olan iki İsveç vətəndaşı Yuhan Flodrus və Səid Əzizi iyunun 15-də azad edilərək İsveçə qayıdıblar.

Bu, 1988-ci ildə İran həbsxanalarında siyasi məhbusların kütləvi edamlarının həyata keçirilməsində iştirak etdiyinə görə 2019-cu ildə İsveçə səfəri zamanı saxlanılaraq ömürlük həbs cəzasına məhkum edilən iranlı keçmiş prokuror köməkçisi Həmid Nurinin sərbəst buraxılması qarşılığında olub.

İsveç vətəndaşı olan Güney azərbaycanlı Əhmədrza Calali isə 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub./GünazTV

Şərhlər

Yaz...