Tarix: 01.05.2024 / 09:20
Haqsız tənqidlər, yoxsa...  - Diaspor fəallarımız nədən narazıdır?

Haqsız tənqidlər, yoxsa... - Diaspor fəallarımız nədən narazıdır?

Hərb meydanında olduğu kimi, informasiya savaşında da şəxsi maraqların önə çıxarılması, əsgərin silahdan soyudulması vətənə xəyanət hesab olunur…

Erməni millətçiliyi hərb meydanında rücvayçı və acı məğlubiyyətdən sonra daha da quduzlaşaraq, bütün qüvvə və vasitələrini cəlb etməklə informasiya savaşında bütün cəbhə boyu hücuma keçib. Qeyd edək ki, informasiya müharibəsində qalib gəlmək, heç olmasa, haqlı mövqeləri qorumaq elə Vətən torpaqları uğrunda aparılan mübarizə kimi müqəddəs və vacib savaşdır.

Bütün potensialını Azərbaycana qarşı gözdənsalma və qarayaxma məzmunlu hücumlara yönəldən mənfur erməni-şovinist diasporu qara PR kampaniyasının aparılmasında istismarçı imperialist fövqəlgüclərdən və talançı transmilli korporasiyalardan hərtərəfli dəstək alır. Belə bir mürəkkəb və gərgin qarşıdurma vəziyyətində hər bir vətəndaş və təşkilat bu müqəddəs müharibədə dövlət başçısına əlindən gələn dəstəyi verməlidir. Haqlı olaraq bu müharibədə ilk nəzərlər dövlətdən sonra diaspor qurumlarına yönəlir.

Digər sahələrdə olduğu kimi, diaspor fəaliyyətində də vəzifəsinin öhədəsindən layiqincə gəlməyə çalışan yurdsevər, təəssübkeş şəxslərlə yanaşı, diaspor işinə barmaqarası yanaşan kəslərin də olduğu sirr deyil. Belə halların mövcudluğu haqlı tənqidlərə və narazılıqlara səbəb olur. Lakin bəzi oyunbazlar, diaspor işindən şəxsi mənafeləri və maddi maraqları üçün sui-istifadə etməyə çalışan, bu sahəyə biznes mənbəyi kimi baxan qruplar belə halları ümumiləşdirərək iş görən digər diaspor təşkilatlarını və xadimlərini də gözdən salmağa çalışırlar. Bu kimi faktlar həm də xaricdə Vahid Vətənin və Dövlətin nəfinə fəaliyyət göstərən, bunun üçün bütün qüvvə və bacarığını sərf edən, məhdud imkanlarla Prezidentinin və xalqının haqq işinə dəstək verməkdən ötrü cani-dildən çalışan mühacir soydaşlarımızı da incik salır.

Başa düşmək lazımdır ki, "diaspor" dediyimiz sosial-mədəni, siyasi institut olsa da, bu qurumları insanlar formalaşdırır və idarə edir. Diaspor qurumları bu vətənpərvər insanların sevgisi və enerjisi hesabına inkişaf edir. Bu cür insanlardan potensialından artığını tələb etmək, haqsız tənqid söyləməklə işdən soyutmaq amansız informasiya savaşının içində olduğumuz gərgin bir vaxtda xeyrimizə işləmir. Nəinki xeyrimizə işləmir, hətta Vətən naminə fəaliyyəti özünün müqəddəs vəzifəsi hesab edən belə şəxslərə qarşı haqsızlıq, troll fabrikinin muzdurlarının əli ilə ucuz gözdənsalma və qaralama kampaniyasının aparılması düşmən dəyirmanına su tökməkdir.

Bəli, doğrudur ki, diaspor təşkilatlarımız düşmənlərimizin eyni mahiyyətli şəbəkəsi kimi güclü deyil. Lakin nəzərə almaq və birdəfəlik yadda saxlamaq lazımdır ki, daşnakların (erməni diaspor qurumlarının nüvəsini məhz şovinist daşnak partiyası təşkil edir) diaspor şəbəkəsini formalaşdıran, mövcudluğunu qoruyub saxlayan və gücləndirən şərtlər və əsaslar bizdə yoxdur. Erməni diasporunun bizim mühacir təşkilatlarla fərqləri, təşəkkül tarixi, onların həmin qurumlarının yaranmasında və mövcudluğunu saxlamasında rol oynayan əsas amillər barədə əvvəlki yazılarımızda toxunduğumuzdan bu məsələnin üzərində dayanmağa lüzum görmürük.

Bundan əlavə, əvvəlki yazırlarımızda diasporumuzun güclənməsinə mane olan əngəllər barədə, obyektiv və subyektiv səbəblərdən də yazmışıq. Və bu subyektiv amillərin arasında naşı koordinasiya və bu sahəyə cavabdeh bəzi şəxslərin səriştəsizliyi ilə yanaşı, diaspor institutuna qarşı olan haqsız hücumlar, ədalətsiz tənqidlər dayanır. Ədalətsiz tənqidlərdən, görülən işə layiqli qiymət verilmədiyindən incik düşən diaspor fəallarımızı sonra yenidən bu işə cəlb etmək asan olmur. Bəzi diaspor təşkilatlarının rəhbərləri artıq bizimlə əlaqə saxlayaraq bu cür haqsız tənqidlərdən narazılıqlarını ifadə ediblər.

Belə haqsız tənqidlərin diaspor işinə əhəmiyyətli töhfə verə bilməyənlər tərəfindən səslənməsi isə xaricdəki yurdsevər fəallarımızı daha artıq narazı salır. Belə vətənpərvər və passionar şəxsləri tənqid etməkdənsə, onlara hərtərəfli dəstək olmaq, ümumi işin naminə rəhbərlik etdikləri təşkilatların gücləndirilməsinə kömək etmək lazımdır. Vətən və Dövlətin maraqları şəxsi ambisiyaları kənara qoymağı tələb edir.

Təkrar edirik: İnformasiya savaşı hərb meydanındakı mübarizədən fərqlənmir. Bu müqəddəs savaşda da şəxsi ambisiyaların önə çıxarılması, həqiqi savaşçıların mübarizədən soyudulması vətənə xəyanət hesab olunur.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...