Tarix: 29.08.2024 / 12:11
Haqq yolçusu Rüstəmxanlıların haqqı   olan məqam

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Sabir Rüstəmxanlı - Azərbaycan boyda bir adamdır. O təkcə “Ömür kitabı”nın müəllifi deyil, şair, yaxud ayrıca ictimai - siyasi xadim kimi təqdim olunması da onun şəxsiyyətini tam ifadə edə bilməz.

Sabir Rüstəmxanlı o taylı - bu taylı Azərbaycandır. Həmədandan Dərbəndə qədər hansı qapını döysə, ona qucaq açarlar, hansı məhəlləyə getsə, ehtiramla qaşılanar.

Onun millət vəkili kimi seçkilərdə iştirakını da çoxları düzgün saymırdı – çünki Sabir bəy onsuz da millətinin vəkilidir. Xalqının sonsuz məhəbbətini qazanmış bu müdrik şəxsiyyətin Vətən torpağında ayağının dəydiyi, isminin zikr edildiyi istənilən yerindən istədiyi qədər səs toplamaq iqtidarında olması şəksizdir.

On illərdir bu, belədir.

Bütöv Azərbaycan məfkurəsinə könül vermiş, Türk milliyyətçiliyi ideyalarına bağlanmış milyonların Lideri, başbuğudur.

Onun nəşr etdirdiyi “Bakı-Təbriz” dərgisi minlərlə insan üçün mayak, Bütöv Azərbaycanın yol xəritəsi oldu…

O, Dünya Azərbaycanlıları Konqresinə (DAK) həmsədrlik etməyə başladıqdan sonra quzeyli - güneyli soydaşlarımız arasındakı parçalanma səngidi. DAK Bütöv Azərbaycan uğrunda birləşən, milyonlarla soydaşımızı sıralarında qovuşduran Böyük Bir Quruluşa çevrildi. Proses indi də çox sürətlə davam edir.

Dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlılar artıq bilirlər ki, güvənə biləcəkləri milli bir Qurum var. Çünki o qurumun başında duranlardan biri də Sabir Rüstəmxanlıdır. O, dünya azərbaycanlılarını layiqincə təmsil etməyi bacardı, onların haqq səsi oldu, vəkilliyini etdi.

Bütöv Azərbaycanın səsini beynəlxalq təşkilatlarda eşitdirdi, soydaşlarımızın sözünü mötəbər tribunalardan bütün dünyaya çatdırdı.

Bu cür adamları balaca bir mahala, rayona sığdırmaq insafsızlıqdır. Lakin belə adamlar üçün millətə xidmət üçün məkan, mənsəb də önəmli deyil. Təki xidmət üçün imkan olsun.

O, həqiqətən də millətinin vəkili, xalqının xidmətçisi olduğunu rəsmi deputat olduğu illərdə də sübut etdi. Sonuncu dəfə deputat seçildiyi Neftaçalada gördüyü işlər fikrimizi təsdiq edir. Özü isə Facebook postunda bu barədə yazır:

“Hər halda neftçalalılar mənim təşəbbüsümlə çəkilən yolları, su, qaz xətlərini, Kürün şorlaşmasının qarşısını alan bəndi, şəhidlərin ruhunu sevindirmək üçün gördüyüm işləri, Qəhrəmanlar parkını, şəhid və qazi ailələrinə yardımlarımı, seçicilərdən aldığım tək bir məktubu belə diqqətdən kənarda saxlamadığımı, nəhayət, parlamentdə həm Neftçalanın, həm də ölkəmizin, bölgələrimizin problemləri barədə çıxışlarımı az-çox bilmiş olarlar”.

Sabir bəy təvazökarlıq edir və gördüyü işlərin siyahısını verməyi bir kişi kimi özünə sığışdırmır. Özünü ona rəqib bilənlərin şəxsiyyətdən kənar, qurşaqdan aşağı zərbə endirənlərdən fərqlənmək istəyir. Onu fərqli edən, böyük edən xüsusiyyətlərdən biri də elə budur.

“Hər bir uğurlu kişinin arxasında güclü qadın dayanır” ifadəsi Rüstəmxanlılar ailəsində keçərli olmasa da, Tənzilə xanımın Sabir bəyin gücünə güc qatdığı, onların birlikdə daha güclü olduğu şübhəsizdir. Şəxsi həyatda, ictimai-siyasi fəaliyyətdə Sabir bəyə hər zaman dəstək olan Tənzilə xanım da Bütöv, Qüdrətli Azərbaycan yolunda onunla birgə addımlayıb. Sabir bəy kimi o da daim haqq yolçusu olub. Özünün ayrıca Vətən və Millət üçün gördüyü işlər, böyük layihələr təqdirəlayiqdir. Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında, Azərbaycan qadının hüquqlarının müdafiəsi sahəsində yorulmadan çalışan, minlərlə işgüzar lider xanım yetişdirmiş Tənzilə Rüstəmxanlı indi sözünü millət vəkili statusunda demək məqamındadır. Əslində O bu məqamı çoxdan haqq edib.

Əminik ki, neftçalalılar onun bu haqqını sentyabrın 1-də rəsmiləşdirəcək.

Diaspora.TV

Şərhlər

Yaz...