Azərbaycanın Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.
Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Gürcüstan Təhsil və Elm Nazirliyinə təqdim edilib.
Gürcüstan tərəfinə azərbaycandilli məktəblərə paylanılması üçün 18 adda 23 min 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb.
Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycanlılar üçün 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.