Tarix: 23.09.2024 / 12:19
 Gürcüstanda seçkilər: Azərbaycanlılar yenə də   “ofsayt”da qalacaq?

Gürcüstanda seçkilər: Azərbaycanlılar yenə də “ofsayt”da qalacaq?

Gürcüstan Azərbaycanla dost ölkədir. Tarixin müxtəlif vaxtlarında Azərbaycanın bir çox mütəfəkkirləri Tiflisdə yazıb-yaradıb, həm Gürcüstana, bu cəmiyyətin mədəni-humanitar, ictimai-siyasi fikir tarixinə, həm də orada yaşayan soydaşlarımıza töhfə veriblər. Bu və ya digər səbəblərdən qonşu Gürcüstanı özümüzə hər zaman yaxın hesab etmişik. Amma bu yaxınlığı tarixin müxtəlif dövrlərində uzaqlaşdıran amillər olub. Gürcüstanda yaşayan soydaşlarımızın milli hüquqlarının tapdanması, mülki və siyasi hüquqlarının tam mənada təmin edilməsində ciddi problemlər yaşamaları yenilik deyil. Gürcüstan idarəçiləri tərəfindən hələ SSRİ dövründən başlayaraq soydaşlarımızın gürcü cəmiyyətinə tam inteqrasiyasına ciddi əngəllər yaradılıb, onların hakimiyyət qollarında təmsilçiliyinə imkan verilməyib. Oradakı azərbaycanlılar hətta kəmiyyətcə mütləq əksəriyyət təşkil etdikləri bölgələrdə də yerli özünüidarə orqanlarında belə, bir çox hallarda iştirakdan kənarda saxlanılıblar.

Qonşu ölkə əhalisinin 6-10 faizini təşkil edən soydaşlarımız Marneuli, Bolnisi, Qardabani, Dmanisi rayonlarında kompakt halda məskunlaşıblar. Bu ölkənin digər rayonlarında, xüsusən də paytaxt Tiflisdə də xeyli azərbaycanlı yaşayır. Lakin onların milli, mülki və siyasi hüquqlarının təmin olunmasında böyük problemlər mövcuddur. Təəssüf ki, azərbaycanlılar Gürcüstanda ən böyük milli azlıq olsalar da, ictimai və siyasi fəaliyyətləri ən aşağı səviyyədədir. Hər gün geriləyən bu statistika bir neçə ilə bizim üçün heç də xoş olmayacaq mənzərə ortaya çıxaracaq.

Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, qeyd edilən hüquqlarının təmin olunması istiqamətində qonşu ölkə ilə müxtəlif səviyyəli danışıqlar aparılsa da, təəssüf ki, bu dövlətin hakimiyyətləri sözügedən problemlərin həllinə həvəsli görünməyiblər, zəruri addımlar atmayıblar.

Azərbaycanlılar Gürcüstanda yüz illər boyu yaşadıqları ərazilərdə tarixi yer adlarının heç bir əsaslı səbəb göstərilmədən dəyişdirilməsindən tutmuş, siyasi iştirakçılığa qədər çoxsaylı böyük problemlərlə üz-üzədirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu ilin payızında keçiriləcək parlament seçkilərində də soydaşlarımızın qələbəsi bir yana dursun, onların namizədliklərinin irəli sürülüməsi ilə bağlı da ürəkaçan bir söz demək mümkün deyil (bu məsələ ilə bağlı hazırda araşdırma aparırıq). Parlamentdə təmsil olunmaları ilə bağlı proqnozlar da həmişəki kimi bədbindir. Halbuki, kompakt yaşadıqları tarixi ərazilərindən parlamentə təmsilçi seçmək Azərbaycan türklərinin ən təbii haqqıdır. Əvvəlki seçkilərin təcrübəsinə istinadən deyə bilərik ki, seçki hüquqlarının tapdalanmasına qarşı çıxan soydaşlarımız Gürcüstan hakimiyyəti tərəfindən cəzalandırılırlar və bu dəfə də həmin halların təkrarlanacağı istisna edilmir.



Qeyd edək ki, bir çox seçkilərdə hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının əhalisinin mütləq əksəriyyəti ermənilərin təşkil etdiyi bölgələr (məsələn, Axalkalaki) üzrə partiya siyahısının ilk onluğunda 6-7 erməni namizəd olduğu halda, azərbaycanlıların yaşadığı yerlərdə (məsələn, əhalisinin 91 faizini soydaşlarımızın təşkil etdiyi Marneuli) bir nəfər də olsun azərbaycanlı olmayıb. Əlbəttə, burda əsas günah yükü bu bölgədə yaşayan azərbaycanlılarda olsa da onlara stimul vermək, prosesə hazırlamaqda müvafiq qurumlarımız qeyri-rəsmi də olsa dəstək verməli idi. Bu və ya digər nəticələrə diqqət edəndə müvafiq qurumlarımızın soydaşlarımıza nə qədər stimul verdikləri göz qabağındadır.

Digər bir problem, daha doğrusu, qorxulu tendensiya isə İranın bölgəyə sürətlə nüfuz etməsidir. Azərbaycan mediası davamlı olaraq İranın regionundakı ardıcıl təbliğatı ilə bağlı materiallar yayır, ciddi şəkildə Xomeyni ideyalarının təbliği, Tehranın maraqlarının daha üstün tutulması ilə bağlı həyəcan təbili çalırlar. Amma bu təbilin səsini bizim müvafiq qurumlar “eşitmir”. Həmin yazılarda İranın bəzən açıq, bəzən isə dolayı yollarla həqiqətən də Gürcüstan azərbaycanlılarını öz ideoloji və siyasi təsir dairəsinə daxil etmək üçün addımlar atdığını görməmək, sezməmək mümkün deyil. Diqqət edin, İran Azərbaycanın üzərindən “hoppanaraq” Gürcüstan azərbaycanlılarının ələ alınmasına çalışır, onların dini və siyasi baxışlarına təsir edir, biz isə öz soydaşlarımıza yetərincə sahib çıxa bilmirik.

Bəzən beynəlxalq təşkilatlar da Gürcüstandakı azərbaycanlıların sadaladığımız bu və ya digər problemlərini öz hesabatlarına daxil ediblər (hazırda bu istiqamətdə araşdırma aparırıq), amma bizim müvafiq qurumlar soydaşlarımızla bağlı narahatedici məsələləri səsləndirməyə belə, ehtiyac duymayıblar.

Gürcüstanda yaşayan soydaşlarımızın ürəkağrıdan bu problemlərinin həlli dövlət strukturlarımızın ciddi yanaşması zərurətini ortaya çıxarır. Susduqca, tutarlı əməli addımlar atılmadıqca, sözügedən ölkədə yaşayan azərbaycanlıların hüquqlarının tapdanması adi hala çevrilir. Təəssüf hissi ilə vurğulayaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə məsul olan qurumlarımızın bu istiqamətdəki fəaliyyəti qənaətbəxş deyil.



Dövlət başçısı İlham Əliyev dünya azərbaycanlıları ilə bağlı təşkil olunmuş müxtəlif səpkili tədbirlərdə, görüşlərdə soydaşlarımıza dəstək olmanın, onların problemlərinin həllinə yardım göstərmənin vacibliyini dəfələrlə vurğulayıb. Hələ Ulu Öndər Heydər Əliyev 2002-ci ildə siyasi iradə nümayiş etdirərək “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti” haqqında mükəmməl bir qanunun qəbul edilməsinə də nail olmuşdu. Hələ də qüvvədə olan Qanunun tələblərinə görə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərmək xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin əsas məqsədlərindən biridir.

Azərbaycan Respublikasının dövlət orqanları bu Qanunda göstərildiyi kimi, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə köməklik göstərməli, onların əsas hüqüq və azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməlidirlər. Lakin aidiyyəti dövlət qurumları üzərinə düşən qanuni vəzifələri, cənab Prezident İlham Əliyevin göstərişlərini tam yerinə yetirirlərmi?

Bir neçə xırda istisnaları nəzərə almasaq, zənnimizcə, xeyr. Hər il bir maşın dərslik göndərməklə, Gürcüstan rəsmiləri ilə nəticəsi olmayan səmərəsiz görüşlər keçirməklə, orada yaşayan soydaşlarımızla xırda mədəni tədbirlər təşkil etməklə bu qədər böyük və saysız problemlərin köklü həllinə nail olmaq qeyri-mümkündür.

Diaspora.TV olaraq Gürcüstanda yaşayan soydaşlarımıza hər zaman tribuna verməyə, onların səsi olmağa çalışırıq. Onların səsləndirdikləri problemləri saymaqla bitirmək olmaz. Yəni “qazan daşır, amma üfləyənin kəpkiri yoxdur...”.

Soydaşlarımız Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətindən razılıqlarını ifadə edirlər, amma səfirliyin də görəcəyi işlər bir yerə qədərdir.

Kiçik layihələrlə uzunmüddətli nəticələr əldə edə bilmərik. Gürcüstanda 350-dən çox təşkilatın olduğu vurğulanır. Onların yaradılış fəlsəfəsi – missiyası azərbaycanlılarla bağlı fəaliyyət olub. Təəssüf ki, o təşkilatların bir neçəsi aktivdir. Onların da işi kurs və ya dərs keçmək üzərində fokuslanmamalıdır.

Ədalət naminə qeyd edək ki, Heydər Əliyev Fondu Gürcüstan azərbaycanlıları üçün xeyli iş görüb. Məktəblər, məscidlərin təmiri, səhiyyə istiqamətində müəyyən yardımlar, mərkəzlərin tikintisi həyata keçirilib. Eyni zamanda SOCAR-ın da müəyyən layihələri var.


Lakin Gürcüstanda yaşayan azərbaycanlıların getdikcə artan və böyüyən problemlərinin həlli istiqamətində sistemli fəaliyyət tələb olunur ki, bunu da aidiyyəti dövlət qurumlarımızdan görmürük. Hətta aldığımız məlumata görə, bu fəaliyyətə cavabdeh olan Diasporla İş üzrə Dövlət Komitəsində Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri vəzifəsi (Vüsal Məmmədov işdən çıxarılıb) 1 aydan çoxdur ki, boş saxlanılır. İlk baxışdan xırda və əhəmiyyətsiz görünsə də elə bu ştirixin özü Gürcüstanda yaşayan qardaş və bacılarımıza diqqətsiz yanaşmanın bariz göstəricisi sayılmalıdır. Belə həssas zamanda və xüsusən də seçki ərəfəsində belə bir addımın atılması bu məsələyə biganəliyin və ya qeyri-peşəkarlığın göstəricidir. Ümid edirik ki, müvafiq qurumlarımız ölkə rəhbərimizin tapşırıqları və qanunlarımızın tələbinin yerinə yetirilməsi barədə nəhayət ki, düşünəcək, bu ölkədə taleyin ümidinə buraxılmış soydaşlarımıza sahib çıxacaqlar.

P.S. Azərbaycanın Qax rayonunda 8 minə yaxın gürcü yaşayır (ümumilikdə Azərbaycanda 14 mindən çox gürcü yaşayır). Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Qaxingiloy kənd tam orta məktəbində 150-dən çox şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 40-dək müəllim məşğul olur. Qaxingiloy kəndində “Müqəddəs Georgi” kilsəsi fəaliyyət göstərir.

P.P.S. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri sürətlə azalır.

Diaspora.TV-nin
Analitik Qrupu


Şərhlər

Yaz...