Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual Media” təşkilatı bu ölkədə yaşayan və böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə “Aktual Media” qrupunun rəhbəri, “aktual.ge” xəbər portalının direktoru İlkin Hüseynov məlumat verib.
Onun sözlərinə görə, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, mənfi rəy yaradırlar.
“Haqlı olaraq azərbaycanlılar bununla razılaşmırlar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəlib. Əsas məqsəd məlum stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları ictimaiyyətə çatdırmaqdır”.
İ.Hüseynov bildirib ki, müxtəlif sahələrdə uğur qazanmış 7 gəncimizin həyat hekayələrini əks etdirəcək “Novella” adlı bədii-sənədli film 45 dəqiqəlik olacaq. Ssenari əsasında artıq çəkilişlərə başlanılıb. Filmin çəkilişləri Gürcüstanla yanaşı, Azərbaycanda da aparılacaq.