Tarix: 11.07.2024 / 09:25

Gürcüstanda azyaşlı soydaşlarımız erkən nikaha cəlb olunmasın!

Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin qonağı hüquqşünas, siyasətçi Rəfi Orucov olub.

R.Orucov öz uğur hekayəsində Azərbaycanla Gürcüstan arasında sosial, siyasi və mədəni əlaqələrdən, eləcə də orada yaşayan soydaşlarımızın həyat tərzindən bəhs edib.

Onun sözlərinə görə, hüquqa marağı nəsildən gəlir. Belə ki, onun yaxın qohumları da hüquq və siyasət sahəsində sözünü demiş şəxslərdir:

“Siyasətə və hüquqa marağım genetikdir. Qanuna və ədalətə inanıram, ali təhsilimi də hüquq sahəsi üzrə Tiflisdə aldım və beləcə gənc yaşlarımdan fəaliyyətə başladım”.

Soydaşımız Qardabani rayon Bələdiyyə Məclisinin sədr müavini vəzifəsində çalışıb:

“Gənc yaşda bu vəzifəni tutan ilk azərbaycanlıyam. Gənc olduğum üçün ilk zamanlar çətinliklər və təcrübəsizliyim mənə mane olurdu. Lakin soydaşlarımızın və ailəmin dəstəyi ilə zamanla bu problemlər aradan qalxdı. Doğulub boya-başa çatdığım Qardabani rayonunda vəzifədə olmaq bir başqa hiss idi”.

“Bundan sonra Qardabani rayon, Qaratəhlə kəndinin majoritar deputatı seçildim. Deputat kimi bölgədə yaşayan soydaşlarımıza əlimdən gələn qədər yardımı əsirgəməmişəm. Hətta azyaşlıların məktəbdən çıxarılıb, təhsildən yayındırılmasına qarşı mübarizə də aparmışıq. İstəyirik ki, Gürcüstanda yaşayan azyaşlı soydaşlarımız erkən nikaha cəlb olunmasın”, - deyə o, bildirib.

R.Orucov qeyd edib ki, gələcəkdə Gürcüstan və Azərbaycan arasında ictimai, sosial, mədəni əlaqələri daha güclü görmək arzusundadır:

“Bu istiqamətdə dövlət səviyyəsində layihələr həyata keçirilir. Belə addımların atılması bizi - Gürcüstanda yaşayan azərbaycanlıları çox sevindirir. Burada yaşayan soydaşlarımız, gənclərimiz çox istedadlı və bacarıqlı, intellektualdırlar. İnanırıq ki, onlar da siyasət, eləcə də digər vəzifələrdə çalışaraq Azərbaycan və Gürcüstan arasında əlaqələri daha da inkişaf etdirəcəklər”.

Şərhlər

Yaz...