Tarix: 17.04.2024 / 13:26
“Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti” mövzusunda  Dəyirmi masa keçirilib

“Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti” mövzusunda Dəyirmi masa keçirilib

Türk Ağsaqqalları Birliyi -TAİB-in Mərkəzi Ofisində Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlının iştirakı ilə “Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Diaspora.TV xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyətinin və Gənclər Təşkilatının üzvləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbirdə “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı çıxış edərək bildirib ki, Gürcüstanda azərbaycandilli məktəblərin ümumi sayı son illərdə azalıb. Hazırda ən vacib məsələ odur ki, azərbaycandilli məktəblər artırılsın və tədrisin keyfiyyəti ilə bağlı tədbirlər görülsün. Gürcüstandakı məktəblər arasında əlaqələri genişləndirmək, dərs saatlarının bölgüsünü düzgün müəyyənləşdirməsi ən ümdə vəzifələrdən olmalıdır. Sevindirici haldır ki, Azərbaycan Təhsil Nazirliyi həmin məktəblərdə şagirdləri dərsliklərlə təmin edir. Ələddin Qarabağlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyini də xüsusi qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, uzun illərdir Gürcüstanda Azərbaycandilli məktəblərin fəaliyyəti ilə bağlı işlər görülür. Buna baxmayaraq, məktəblərin bağlanmasına valideynlərin seçimi, miqrasiya, təhsil ocaqlarının vəziyyəti, müəllimlərin sayı və digər amillər də təsir edə bilər.

Bildirilib ki, qeyd olunan məsələlərlə bağlı ictimai təşkilatların da üzərinə mühüm vəzifələr düşür və bu məsələdə Gürcüstan azərbaycanlıları ilə əlaqələrin daha sıx olmasının vacibliyi vurğulanıb.

Çıxışlarda Gürcüstan və Azərbaycanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyi, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələrinin getdikcə möhkəmlənməsi qeyd olunub.


Şərhlər

Yaz...