Tarix: 19.12.2024 / 17:21
Gürcüstanda Azərbaycan dili müzakirəsi:    “Kim səhv edib?”

Gürcüstanda Azərbaycan dili müzakirəsi: “Kim səhv edib?”

Marneuli Bələdiyyə Məclisinin bu gün keçirilən iclasında müxalif "Vahid Milli Hərəkat" partiyasının deputatı Ramal Əhmədov şəhərin müxtəlif yerlərində yerləşdirilmiş bilbordlarda əhaliyə Yeni il təbrik mesajlarının gürcü dili ilə yanaşı Azərbaycan dili əvəzinə ingilis dilində yazılmasının səbəbini soruşub.

"Mən milliyyətçi deyiləm, sadəcə olaraq mənə maraqlıdır ki, seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində şəhərdə yerləşdirilən bannerlərdə yazılar bir tərəfdə gürcü, digər tərəfdə isə Azərbaycan dilində yazılmışdı. İndi isə təbrik bannerləri Azərbaycan dilində yazılmayıb. Bu məsələdə kimdir məsuliyyətli şəxs və kim səhv edib?", - deyə azərbaycanlı deputat bildirib.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze R. Əhmədovun sualını cavablandıraraq bildirib ki, məsələnin həlli yönündə müzakirə olacaq:

"Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, istənilən banner dövlət dilində və beynəlxalq dildə olmalıdır. Ancaq buna baxmayaraq, Marneulidə yaşayanların əksəriyyəti etnik azərbaycanlılardır, buna görə də biz bu məsələyə hörmətlə yanaşırıq və bu məsələni necə həll edə biləcəyimizi müzakirə edəcəyik".

Diaspora.TV

Şərhlər

Yaz...