Tarix: 08.05.2024 / 16:10
Yerimiz yoxdur, yollarda, parklarda tamaşa hazırlayırıq...  – Problem

Yerimiz yoxdur, yollarda, parklarda tamaşa hazırlayırıq... – Problem

“Bizim təşkilatımız teatr üzrə fəaliyyət göstərir. Buna görə də gördüyümüz işlər daha çox mədəniyyət və incəsənət sahəsinə aiddir. Məsələn 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman əsgərlərimizin xatirəsinə həsr etdiyimiz "Cənnətdən gələn məktub" tamaşası bunun bariz nümunəsidir”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında "Era Teatrı"nın bədii rəhbəri, rejissor Anar Rafiqoğlu deyib. Onun sözlərinə görə, fəaliyyətlərində əsas sıxıntı yerlərinin olmamasıdır:

“Biz teatr təşkilatıyıq və bu səbəbdən də tamaşalara quruluş vermək, mütəmadi məşqlər etmək, aktyorlarımızı hazırlamaq üçün məkana ehtiyacımız var. Bu problemi bir müddət Diasporla İş üzrə Dövlət Komitəsinin layihə çərçivəsində həll etmişdik. Təəssüf ki, layihəmiz başa çatandan sonra məkanı da bağlamaq məcburiyyətində qaldıq. Sonra yollarda, parklarda, ev şəraitində iki tamaşanın premyerasını hazırlamağa müvəffəq olduq. Yenidən bir məkana sahib olmağa çalışırıq və bu problemin ilk həllidir. Sonra heyətimizi yeni, istedadlı gənclərlə gücləndirəcəyik. Bununla bağlı artıq müəyyən addımlar da atmağa başlamışıq”.

A.Rafiqoğlu vurğulayıb ki, Azərbaycanın təbliği istiqamətində mütləq şəkildə digər sahələrlə yanaşı, mədəniyyətə də üstünlük verilməlidir:

“Bu gün sevindirici haldır ki, Gürcüstanın bir çox şəhərində icma mərkəzlərimiz mövcuddur. Lakin bu mərkəzlər daha çox təhsil yönündə fəaliyyət göstərir. Düşünürəm ki, sadəcə təhsil yox, həmçinin mədəniyyət istiqamətində də fəaliyyət göstərən mərkəzlərimiz olmalıdır. Eyni zamanda, Gürcüstan azərbaycanlıları arasında sənətə maraq çox böyükdür. Hazırda teatrla, rəssamlıqla, rəqslə, musiqi və digər sənət növləri ilə məşğul olan bir çox gənclərimiz var. Sənət adamlarının, o cümlədən sənətə həvəsi olan gənclərin bir araya toplaşacağı, müxtəlif mədəni layihə və tədbirlər təşkil edəcəyi bir mədəniyyət mərkəzinə ehtiyac var deyə düşünürəm”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...