Tarix: 27.09.2024 / 12:38
Gürcüstan azərbaycanlıları seçkiyə gedir...    - Onlar kimlərdir?

Gürcüstan azərbaycanlıları seçkiyə gedir... - Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcək azərbaycanlıların adları açıqlanıb.

Diaspora.TV Gürsüstanda fəaliyyət göstərən neytral.ge-yə istinadla onların bəzilərini təqdim edir.

Oqtay Kazımov – İctimai fəal, filoloq, ədəbiyyatşünas, müxalif “Dəyişiklik Koalisiyası” nın üzvüdür.

Koalisiyanın təqdim etdiyi proporsional seçki siyahısında Oqtay Kazımov 10-cu yerdə göstərilib. O, həmçinin “Fəallar Gələcək Naminə” siyasi hərəkatının nümayəndəsidir. Bu hərəkat Gürcüstanda gördükləri işləri ilə tanınmış gənclərin əhəmiyyətli bir hissəsini özündə birləşdirir.

Aqil Mustafaev – “Güclü Gürcüstan” koalisiyasının üzvüdür.

Son bir neçə ildir aktiv siyasətlə məşğul olan Aqil Mustafayev “Güclü Gürcüstan” koalisiyasının proporsional seçki siyahısında yer alıb. O, siyahıda 22-ci yerdə qərarlaşıb.

Aqil Mustafayev 2012-c ildən aktiv siyasətlə məşğuldur. O, siyasi karyerasına “Vahid Milli Hərəkat” partiyasında başlayıb, lakin 2021-ci ildə könüllü olaraq partiyadan ayrılıb, 2024-cü ilindən isə müxalif “Lelo” partiyasına qoşulub.

Ceyhun Narzalov – Tanınmış tele-jurnalist, "Mtavari Arxi” kanalında illərdir fəaliyyət göstərən yeganə azərbaycanlıdır.

Ceyhun Narzalov “Birlik - Milli Hərəkat” koalisiyasının seçki siyahısında yer alıb, o, siyahının 34-cü pilləsində göstərilib.

Məlumat üçün bildiririk ki, partiyanın təqdim etdiyi siyahıda o, yeganə azərbaycanlıdır.

Daha bir azərbaycanlı namizəd Əhməd İmamquliyev isə adının "Vahid Milli Hərəkat" Partiyasının siyahsına salınmasına etiraz edib. Ə.İmamquliyev bildirib ki, onun razılığı olmadan adını siyahıya salıblar və təcili olaraq çıxarılmasını tələb edir:

"Buradan "Vahid Milli Hərəkat" Partiyasının sədri, xanım Tina Bokuçavaya müraciət edirəm ki, mənim adımı təcili olaraq parlament siyahınızdan çıxarın. Mənim razılığım olmadan adımı Milli Hərəkatının parlament siyahısına salıblar. Kim mənim adımı deputat siyahısına yazıb, bununla məni təhqir edəcəyini və ya mənə təzyiq göstərəcəyini düşünübsə, o, ilk növbədə məsuliyyətsiz bir insan, qalanlarını isə bunu açıq şəkildə burada yaza bilmirəm!”.


Şərhlər

Yaz...