Tarix: 02.09.2024 / 18:59

Güneylilər diasporun fəaliyyətindən niyə şikayətlənir?

"Diasporla Gündəm"in növbəti qonağı Güney Azərbaycan İcmasının sədri, yazar Sayman Aruz olub.

S.Aruzla söhbət zamanı güney ədəbiyyatının vəziyyəti, güneyli soydaşlarımızın problemləri kimi məsələlər müzakirə edilib.

Müsahibimiz qeyd edib ki, Cənubi Azərbaycan ədəbiyyatının ölkəmizdə təbliği prioritet məsələdir.

"Hamımızın istədiyi budur ki, Güney Azərbaycan ədəbiyyatı burada daha çox təmsil olunsun və birləşsin. Təəssüf ki, bu, ürəkaçan deyil. Bunun da bir neçə səbəbi var. Maliyyənin və ciddi səlahiyyətin olmaması əsas problemlərdəndir. Ona görə də Cənub ədəbiyyatı özfəaliyyət çərçivəsindən çıxa bilmir. Mən hər zaman deyirəm ki, kitablar çap edilmədikcə təbliğ effektiv olmayacaq. Cənubi azərbaycanlı İranda öz ana dilindən məhrumdur, kitablar baxımından senzuraya məruz qalır. Milli məfkurə faşist ölkə tərəfindən yazılardan silinir və müəllif də təqiblərə məruz qalır. Bu kimi problemlərin həlli üçün səlahiyyət və maddiyyat lazımdır. Lazımi güc bizdə yoxdur".

S.Aruz Cənubi Azərbaycanda soydaşlarımızın qarşılaşdıqları problemlərdən söhbət açıb:

"Qeyd etdiyim kimi, ən böyük problem ana dili ilə bağlıdır. Qarşılıqlı oxunmada əlifba problemi var. İranda hakimiyyətə 100 ildən sonra azərbaycanlı olan Pezeşkian gəldi və bu barədə göstəriş verdi. Lakin əməli fəaliyyətə keçilmədi. Seçdiyimiz prezidentə tələblərimizi irəli sürməliyik. Kənara çəkilsək, tək qalacaq və güc təşkilatları onu sıxacaq. Güney Azərbaycan məfkurəsinin inkişafı üçün addımlar atılmır".

S.Aruz Dünya Azərbaycanlıları Yazarlar Qurumunun fəaliyyətini dayandırmasının səbəblərini açıqlayıb:

"Biz birinci şair kimi başladıq. Güney Azərbaycanda inqilab edənlərin əksəriyyəti şairlərdir. Onlar xalqın düşünən beyinləridir. Yazdıq, siyasət meydanına qatıldıq. Problemləri həll etmək üçün bir masa arxasına oturduq, amma gördük ki, bura alver meydanı imiş. Hərə bir yerə bağlıdır, onların maraqlarını müdafiə etməyə çalışır. Qurban isə xalqdır. Qılıncın kənarına qələm qoymaq lazımdır. Tək yazmaqla iş düzəlmir".

Yazıçı bildirib ki, güneyli soydaşlarımız daha çox diaspor təşkilatlarının fəaliyyətsizliyindən şikayət edir.

Şərhlər

Yaz...