Tarix: 12.07.2024 / 19:30
Güney azərbaycanlı soydaşlarımıza sahib çıxmalıyıq   - Politoloq

Güney azərbaycanlı soydaşlarımıza sahib çıxmalıyıq - Politoloq

“Hər bir ölkədə Azərbaycan diasporu özü-özlüyündə institutlaşmalıdır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Turan Rzayev deyib. Politoloqun sözlərinə görə, diasporların fəaliyyəti tənqid edilir, qüsurlar deyilir, amma onların uğurları da deyilməlidir:

“Birmənalı olaraq diasporun fəaliyyətini pisləmək düzgün olmaz. Bəzi ölkələr var ki, orada Azərbaycan diasporu güclü işləyir. Onların hətta minimum imkanlarla maksimum nəticələr yaratdığının şahidi oluruq. Bunu da qeyd etmək lazımdır, amma bütün bu sahədə olan qüsurlarımızı görməliyik”.

Politoloq bildirib ki, bu gün Güney azərbaycanlı soydaşlarımıza sahib çıxmalıyıq:

“Onları diaspor fəaliyyətimizə cəlb etməsək sabah bundan Azərbaycanın əleyhinə istifadə edəcək qüvvələr var. Məsələn, xaricdə yaşayan Güney azərbaycanlıların arasında şah tərafdarları, hətta İranın devrilmiş şahı Rza Şahın oğlu Məhəmməd Rzanın ətrafına toplaşan şəxslər də var. Paralelində isə Güney azərbaycanlıların müstəqillik tərafdarı olanlar da var. Əslində Güney Azərbaycanda, eləcə də xaricdə yaşayan Güney azərbaycanlılar arasında vahid fikir, ideologiya yoxdur. Əslində biz onları dövlətimizin sütunu olan və Ümummilli lider Heydər Əliyevin bizə bəxş etdiyi uzaqgörən bir ideologiya var, azərbaycançılıq ideologiyası ətrafında birləşdirə bilərik. Şahçılıq tərafdarı olanlar, ya da mövcud rejimin əksinə gedənlər, muxtariyyat, müstəqillik tələb edənlər kimi fərqli firqələrə ayrılmış Güney azərbaycanlı soydaşlarımızı xaricdə diaspora ətrafında və vahid azərbaycançılıq ideologiyası əsasında bir araya gətirə bilərik”.

T.Rzayev hesab edir ki, bununla bağlı əlimizdə ideoloji resurslar da var:

“Dövlət dəstəyi və Prezidentin bu istiqamətdə konkret mövqeyi də var. Hesab edirəm ki, bu məsələlərdə daha çox biz maraqlı olmalıyıq. Diasporumuzun güclənməsini istəyiriksə, bu şəxslərin prosesə cəlb edilməsi zəruridir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...