Tarix: 15.11.2024 / 15:33
Güney Azərbaycan Aktivistləri  COP29-a müraciət etdi

Güney Azərbaycan Aktivistləri COP29-a müraciət etdi

Güney Azərbaycanın ətraf mühit, vətəndaş və siyasi aktivistləri Cop 29- un təşkilatçılarına və şəxsən Prezident İlham Əliyevə müraciət ediblər.

Bu barədə Diaspora.TV-yə Çağdaş Azərbaycan Kültür Mərkəzinin rəhbəri Cemal Mehmethanoğlu məlumat verib.

Aktivistlər müraciətdə İranın qeyri-demokratik və məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini COP29-un təşkilatçılarının və iştirakçılarının diqqətinə çatdırıblar:

“Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri, xüsusən haqlı olaraq özünü dünya azərbaycanlılarının maraqlarının qoruyucusu kimi təqdim edən cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaq.

1. İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısı alınsın! Bu, birinci növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir. Mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz tozları potensial təhlükə yaradacaq.

2. Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından Araz çayına kimyəvi və radioaktiv tullantıların atılması dayandırılsın! Bu tullantılar cənub bölgələrdə yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Çirklənmə Xəzər dənizinə də təsir göstərir və uzun müddət ərzində ekoloji təsirlərindaha da ağırlaşacağı gözlənilir.

3. Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutun yandırılması dərhal dayandırılsın! Artıq İsfahan, Ərak, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazut yandırılmasını dayandırıb və təbii qazdan istifadə edir.

4. İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq siyanid istifadə edilməsinə son qoyulsun! Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geri dönməz ziyanlar vurulmasına səbəb olub.

5. Ətraf mühit aktivistlərinə qarşı əsassız ittihamlarla cəza tədbirlərinə son qoyulsun! Onlar casusluq və xarici ölkələrlə əlaqə kimi əsassız ittihamlarla üzləşirlər".


Şərhlər

Həbib Yakamoz

Bir olaq, yumuruq olaq

15.11.2024 / 17:11

Yaz...