Tarix: 22.10.2024 / 16:30
Gülənçilik  - mələk kimi bir şey...

Gülənçilik - mələk kimi bir şey...

Qərb mənbələri yazır ki, Fətullah Gülənin 1960-cı illərin sonunda İzmirdə yaratdığı "Xidmət hərəkatı" (Hizmet hareketi) hazırda dünyanın 180 ölkəsində fəaliyyət göstərir. 2015-ci ilə qədər bu təşkilatın əlində 20-50 milyard dollar vəsait dövr edirdi. Qərbdə bu hərəkata həmişə ciddi dəstək və maraq olub. O, Qərbdə "altruizmi, zəhməti və təhsili vurğulayan tolerant İslamı təbliğ edən" bir din xadimi kimi təbliğ olunub. Qərb üçün Vahhabilik kimi radikal islamla müqayisədə Gülənçilik mələk kimi bir şey idi...

Müvafiq olaraq Gülənçilik adlanan bu dini-ideoloji cərəyan Qərbin maraqlarından çıxış edib. Məsələn, bu təşkilat İsrail-Fələstin qarşıdurmasında həmişə İsrailin yanında olub. Məsələn, 2010-cu ildə rəsmi Türkiyənin Mavi Marmara Katliamı adlandırdığı olay zamanı Nurçular (Said Nursi (1877–1960) təriqətindən gələn Gülən Hərəkatı bəlkə də, yeganə islam təşkilatı idi ki, Türkiyənin əleyhinə, İsrailin isə lehinə mövqe sərgilədi. O da təsadüfi deyil ki, cənab Gülən 1999-cu ildən ABŞ-də yaşayır. Türkiyənin təkidli tələblərinə baxmayaraq Amerika onu rəsmi Ankaraya təslim etmədi...

Gülənçilər AKP ilə çox yaxın idi. 2012-ci ildə Türkiyədə MİT-lə bağlı qalmaqal yaşandı. Həmin qalmaqalın arxasında Türkiyə polis və jandarmında olan gülənçilər yer alırdı. 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişinə cəhdin arxasında da Gülən Hərəkaı dayanmışdı. O vaxt bu təşkilat ABŞ və Avropa İttifaqı ilə birlikdə Tayyib Ərdoğanı iqtidardan devirmək üçün hərəkətə keçmişdi. Vladimir Putinin prosesə qəfil müdaxiləsi hərbi çevrilişin qarşısını ala bildi...

28 oktyabr 2015-ci ildə Türkiyə Daxili İşlər Nazirliyi Güləni “ən çox axtarılan terrorçular siyahısı”nın qırmızı kateqoriyasına daxil etdi. Nazirlik bu kateqoriyada Gülənin həbsinə dəstək verəcək şəxsə 10 milyon türk lirəsinə qədər pul mükafatı veriləcəyini açıqladı. Təbii ki, Gülən də heç vaxt Amerikadan kənara çıxmadı...

Türkiyə, Şimali Kipr və Pakistan, həmçinin Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı "Gülən camaatı"nı terrorçu təşkilat kimi tanıyıb. Buna baxmayaraq cənab Gülən Türkiyədə ən çox izlənilən və oxunan fenomenal şəxsiyyət idi.

Qərb mənbələrinin hesablamasına görə, Gülən Hərəkatının üzvlərinin sayı 4 milyon nəfərdir. Təsadüfi deyil ki, Fətullah Gülən öz tərəfdarı ilə bağlı belə demişdi: "Mən həqiqətən də, bu hərəkatdakı insanların heç 0,1%-ni də tanımıram".

Atatürkə və İslama bağlı qüvvələr Güləni amerikapərəst birisi kimi təqdim edirdilər və ona qarşı mübarizə aparırdılar.

Qərb mediası yazırdı ki, Trotski Stalin üçün kim idisə, Gülən də Ərdoğan üçün həmin adam idi...

Bir maraqlı detalı da deyim: Misir Fətullah Gülənə siyasi mühacir vermək üçün Qahirəyə dəvət etmək istəyirdi. Misirin tarixində belə şeylər olub. Məsələn, devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvi rəsmi Tehranın etirazına baxmayaraq Qahirəyə səfər edib...

Misir “Müsəlman Qardaşları” hərəkatına qarşı idi. Tayyib Ərdoğan isə bu təşkilatı dəstəkləyirdi. Ona görə də Misirin Fətullah Gülənə xüsusi münasibəti vardı...

2017-ci ildə bir amerikalı rahib- Andrew Brunson Türkiyədə həbs olundu. T.Ərdoğan o rahibi Fətullah Gülənlə dəyişmək üçün Amerika ilə danışqlar aparsa da, bu cəhd uğursuz oldu.

1998-ci ildə Fətullah Gülənin Pope John Paul II ilə görüşü də tarixi hadisə idi.

1965-ci ilin mayında isə o, erməni genosidi ilə bağlı belə bir bəyanat vermişdi: “Mən uşaqlığımda və işlədiyim müddətdə erməni ailələrini, ayrı-ayrı adamlarını tanımışam. 1915-ci ildə ermənilərə qarşı törədilmiş Böyük Soyqırımını lənətləməkdən heç vaxt əl çəkməyəcəyəm. Bilirəm ki, öldürülən və qətlə yetirilən insanlar arasında çox hörmətli, xatirəsi ehtirama layiq insanlar var. Onların qarşısında baş əyirəm. Özlərini müsəlman adlandıran cahil şəxslər tərəfindən Böyük Peyğəmbər Məsihin övladlarının qətliamını böyük kədərlə lənətləyirəm”...

Elbəyi Həsənli
Sürix

Şərhlər

Yaz...