Tarix: 02.07.2024 / 12:25
Görəsən bir dəfə də olsun millətim mənimlə qürur duydu, yoxsa…?   - Tanınmış rəssam

Görəsən bir dəfə də olsun millətim mənimlə qürur duydu, yoxsa…? - Tanınmış rəssam

“Azərbaycan Rəssamlıq Akademiyasında təhsil almışam, magistr təhsilimi isə fərqlənmə diplomu ilə bitirmişəm. 2010-cu ildən Londonda yaşayıram. Bura gəldiyim zaman məni Azərbaycan məktəbinə müəllim təyin etdilər, orada soydaşlarımıza Azərbaycan dili və rəsm dərsləri keçirilirdi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Londonda yaşayan azərbaycanlı rəssam Naila Hazell deyib.

Müsahibimiz ötən illər ərzində bir çox sərgilərdə iştirak edib:

“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mediamız bir dəfə də olsun bunu işıqlandırmayıb. 2019-cu ildən Londonda rəssam kimi çalışıram. “Marlborough Gallery”də dünyaca məşhur rəssamların arasında mənim də adım çəkilir və işim orada nümayiş olunur. Əlbəttə, bu böyük bir müvəffəqiyyətdir. Bakıda bəzi qurumlara (məsələn “Yarat”a) yazdım ki, bunu yazın ki, xalq da bilsin, azərbaycanlı xanımın əsərləri İngiltərədə sərgidə nümayiş olunur. Təəssüf ki, onlardan xəbər çıxmadı. Tədbirlərimə səfirliyimizi dəvət etsəm də, bir neçə il ərzində cəmi 1 dəfə iştirak ediblər. Düşünürəm ki, görəsən bir dəfə də olsun xalqım, millətim mənimlə qurur duydu, yoxsa…? Ona görə də, burada özümü tək hiss edirəm”.



Naila Hazell qeyd edib ki, işlədiyi studiyadan bir küçə kənarda yerləşən “Gazelli Art”a da gedib (“Gazelli Art”ın rəhbəri azərbaycanlıdır):

“Söhbət etdim və onlara işlərim barədə məlumat verdim, dəstək üçün email də atdım, amma cavab verilmədi”.

N.Hazell düşünür ki, Azərbaycanın tanıdılması üçün onun hansısa tədbirdə (küçə etirazları və s.) iştirakına ehtiyac yoxdur:

“Gallery”də “Naila Hazell was born in Azerbaijan. Azerbaijani artist in Britsh”, - deyə adımın çəkilməsi Azərbaycanın təbliğinə kifayət edir”.

N.Hazell Azərbaycan diasporunun daha da inkişaf etdirilməsi üçün vətəni xaricdə incəsənətlə təbliğ edən insanları tapıb dəstək göstərilməsinin zəruriliyini vurğulayıb:

“Bu insanlar tarix üçün çox əhəmiyyətli işlər görürlər və onlara dəstək olmaq lazımdır”.



Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...