Tarix: 23.09.2024 / 15:36
“Google”da işləyən həmyerlimizdən     azərbaycanlılara dəstək

“Google”da işləyən həmyerlimizdən azərbaycanlılara dəstək

İT sahəsində 20 ildən artıq təcrübəsi var, eyni zamanda vətənpərvər biridir. 7 ildir ölkə xaricində yaşayır. Azərbaycana və ölkədəki kadrlara dəstək olmaq üçün bir layihə reallaşdırmaq istəyir. Söhbət “Google” şirkətində “YouTube”un kibertəhlükəsizliyinə cavabdeh olan və həmin şirkətin Almaniya ofisində Baş Əmtəə Meneceri (Principal Product Manager) vəzifəsində çalışan həmvətənimiz Azər Əliyevdən gedir.

Diaspora.TV xəbər verir ki, Azər Əliyev layihəsi ilə bağlı Valyuta.az-ın suallarını cavablandırıb.

- Azər bəy, Azərbaycanın yerli mütəxəssislərinə bilik və təcrübə ötürməklə bağlı layihə üzərində işləyirsiniz. Necə bir layihə olacaq?

- Xaricdə əmək fəaliyyəti ilə məşğul olan istedadlı azərbaycanlıların əksəriyyəti yerli əmək bazarını əhəmiyyətli dərəcədə zənginləşdirə biləcək unikal bilik, bacarıq və təcrübəyə malikdirlər. Mən öz həmvətənlərimi bir arada birləşdirən, dünyanın müxtəlif yerlərində çalışan azərbaycanlı mütəxəssislərlə vətənimizdəki soydaşlarımız arasında bilik mübadiləsi apara bilən platforma yaratmaq istəyirəm.

- Belə bir layihənin reallaşdırılması ideyası hardan yaranıb?

- Artıq 7 ildir ki, ölkəmizdən kənarda yaşayır və əmək fəaliyyəti ilə məşğul oluram. Bu müddət ərzində xaricdə çalışan azərbaycanlı mütəxəssislərin qlobal miqyaslı informasiyaya çıxışlarının olduğunun və bunun onlar üçün sərhədsiz imkanlar yaratdığının şahidi oldum. O zaman anladım ki, Azərbaycanda gənclərin əksəriyyəti biliklərini praktikada necə tətbiq edəcəkləri barədə məlumatlı deyillər. İdeya da həmin məlumatı vətənimdə yaşayan gənclərə əlçatan etmək, öz təcrübəmi bölüşərək Azərbaycandakı gənc mütəxəssislərə kömək etmək istəyindən yaranıb. Axı hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, çiçəklənsin. Hazırda bu, hələ ki, arzudur, ancaq mən bu istəyimi həyata keçirmək istəyirəm.

- Səhv etmirəmsə, siz həm də pedaqoji fəaliyyətlə məşğul olursunuz...

- Bəli, uzun illərdir ki, ESMT Berlin-də çevik təcrübələr, əmtəənin idarə edilməsi (agile practices/ product management) üzrə təlimlər keçirəm. Əsasən oyunlar vasitəsilə öyrədirəm. Məsələn, tələbələrə “Gəmilər” kimi oyundan istifadə edərək çevikliyin (agile) əsas üstünlüyünü izah edirəm və ya “Lego”dan istifadə edərək rəy toplama prosesini işə inteqrasiya etməyin nə üçün çox faydalı olduğunu başa salıram. Adətən, şokoladlar dadıma çatır. “Şirinlik” təkcə Azərbaycanda yaxşı işləmir (Gülür). Payızda İsveçrədə Kibertəhlükəsizlikdə Əmtəənin İdarə Edilməsi üzrə təlimə başlamağı planlaşdırıram.

- Bu platforma necə işləyəcək?

- İstənilən platforma qarşılıqlı yoldur. Bir tərəfdən Azərbaycanda əldə edilməsi çətin olan biliyə ehtiyacı olan insanlar var və nəzərə almaq lazımdır ki, həmin bilik və bacarıq dalınca xaricə getmək kifayət qədər baha başa gəlir. Onlarla müsahibə aparılmalı, ehtiyacları öyrənilməli, həmin ehtiyaclara uyğun Avropanın aparıcı şirkətlərində qabaqcıl təcrübəsi olan mütəxəssis tapılmalı və Azərbaycana səfəri təşkil edilməlidir. Bu, kifayət qədər vaxt və resurs tələb edən iş olduğuna görə də bu məsələdə dəstəksiz ötüşmək mümkün deyildir.

- Azər bəy, bu cür təlimlərin strukturunu necə görürsünüz? Bu, hansısa konkret kurslar, yaxud daha sərbəst mentorluq formatında olacaq?

- Mən buna hər iki formatın birləşməsi kimi baxıram. Konkret mövzular (məsələn, “Yüksək yüklü tətbiq arxitekturası” və ya “OKR vasitəsilə Şirkət İdarəetməsi” kimi xüsusi mövzular) üzrə strukturlaşdırılmış kurslar da ola bilər. Bununla yanaşı, biz daha çevik mentorluq sistemi də təşkil edə bilərik ki, burada hər bir iştirakçı oxşar maraqları olan mentoru seçib fərdi dəstək ala bilər. İxtisaslaşma təlimlərinin bəziləri üz-üzə formatda aparıla bilər və aparılmalıdır da. Əlavə təlim və ya mentorluq isə onlayn şəkildə həyata keçirilə bilər. Bu yanaşma iştirakçılara seçilmiş mövzu üzrə dərin biliklər verməyə, ünsiyyət və təcrübə mübadiləsi üçün rahat mühit yaratmağa, öyrənməni daha çox insan üçün əlçatan etməyə imkan verəcək.

- Öyrədiləcək istiqamətlərdən danışaq. Hansı sahələrdə öyrətməyə ehtiyac var?

- Mümkün təhsil sahələrinin siyahısı çox genişdir. İT sektorunda proqram təminatının inkişafı, verilənlərin təhlili, məhsulun/əmtəənin idarə edilməsi, kibertəhlükəsizlik və s. Biznes yönündə strateji planlaşdırma, layihənin idarə edilməsi, marketinq, maliyyə. Başqa sahələrdən dizayn, beynəlxalq hüquq, insan resurslarının idarə edilməsi kimi istiqamətlər ola bilər.

- Maraqlıdır, təlim nəticələrinin qiymətləndirilməsi haqqında nə demək olar? Layihənin uğurlu olduğunu necə başa düşəcəyik?

- Yaxşı sualdır. Həyatlarının bu mərhələsində insanları qiymətləndirməyin lazım olduğuna inanmıram. Mən daha çox iştirakçı rəyləri vasitəsilə öyrənmə prosesini təkmilləşdirməyə diqqət yetirirəm. Onların təlimdən nə dərəcədə razı qaldıqlarını anlamaq üçün sorğular keçirə bilərik. İkincisi, biz iştirakçıların karyera yüksəlişini izləyə bilərik. Təlimdən sonra yeni iş təklifləri alacaq və ya irəli çəkiləcəklərsə, bu, layihənin bəhrə verdiyini göstərəcək.

- Azər bəy, ideyanız Azərbaycana nə verəcək?

- Bilirik ki, Azərbaycandan savadlı kadrların xaricə axını ciddi problemdir. Yerli şirkətlər üçün, xüsusən də İT kimi dinamik inkişaf edən sahələrdə təcrübəli mütəxəssislər tapmaq getdikcə çətinləşir. Eyni zamanda, dövlətin mühüm layihələr üçün podratçı tapması da çətinləşib. Hələ kibercinayətkarlıq təhlükəsi və potensial kibertəhlükəsizlik problemlərindən danışmıram. İnanıram ki, xaricdə işləyən həmvətənlərimizlə təcrübə mübadiləsi yerli mütəxəssislərin ixtisaslarının artırılması, ölkəyə yeni investisiyalar və texnologiyaların cəlb olunması, Azərbaycanın iş və biznes üçün cəlbedici yer kimi imicini gücləndirilməsinə imkan verəcəkdir. Mən özüm spamerlər, xakerlər və fırıldaqçılarla mübarizə təcrübəmi bölüşməkdən məmnun olaram.

- Bəs potensial müəllimlər məsələsi necə həll ediləcək?

- Xaricdə yaşayan azərbaycanlıların çoxu vətənpərvərdirlər, təşkilati və maliyyə dəstəyi göstərilsə, qazandıqları bilikləri çatdırmaqdan məmnun olarlar. Bundan əlavə, bu və ya digər şəkildə biz ildə bir dəfə Azərbaycana dost-tanış, qohum-əqrəba görmək üçün gəlirik. Niyə bu vaxtdan daha faydalı istifadə etməyək?

- Sizə necə qoşulmaq olar?

- Hamını öz bilik və təcrübəsini bölüşməyə dəvət edirəm. İstər təcrübəli proqramçı, istər uğurlu sahibkar və ya başqa bir sahədə mütəxəssis olmağınızdan asılı olmayaraq, töhfəniz qiymətsiz olacaq. Bu layihə ilə bizə qoluşmaq istəyənlərə aşağıdakıları təklif edirəm: Təcrübənizi həmfikir insanlarla bölüşmək imkanı, doğma ölkənizin inkişafına töhfə vermək, yeni tanışlıqlar və peşəkar əlaqələr. Bəs bu layihəni necə dəstəkləmək olar?
Bu layihəni həyata keçirmək üçün sizin köməyiniz lazımdır. Edə biləcəyiniz müəllim olaraq təlim keçirmək, maddi dəstək göstərmək, tədbirlərin təşkilində kömək etməkdir.

- Proqramdan yararlanmaq üçün hansısa ödəniş edilməlidir?

- Xeyr, ödənişsiz olmasını nəzərdə tutmuşam.


Şərhlər

Yaz...