Tarix: 11.09.2024 / 15:40
Azərbaycanda da süni intellekt metodlarına fikir verək    - Professor

Azərbaycanda da süni intellekt metodlarına fikir verək - Professor

Son 20 ildir ki, Berklidə (ABŞ) yerləşən Birləşmiş Genom İnstitutunda çalışan professor Asəf Salamov bioinformatika sahəsində dünyanın elmi məqalələrinə ən çox istinad olunan alimlərindən biridir.

Diaspora.TV xəbər verir ki, xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda iştirak edən A.Salamov sentyabrın 11-də keçirilən panel sessiyadakı çıxışında öz tədqiqatları və onların Azərbaycan üçün maraqlı tətbiq sahələrindən danışıb.

Alim hazırda əsas tədqiqatlarının DNT zülal ardıcıllığının kompüter metodları ilə analizi ilə bağlı olduğunu deyib.

Son illər yeni texnologiyaların yarandığını bildirən alim bu texnologiyaların hüceyrə daxilində baş verən prosesləri öyrənməyə imkan verdiyini vurğulayıb. Çalışdığı Berkli laboratoriyasının ABŞ-nin Energetika Nazirliyi tərəfindən maliyyələşdirildiyini qeyd edən alim əlavə edib edib ki, burada iqlim dəyişikliyinin, energetika, genomların analizi aparılır.

Azərbaycana gəldikdə, konkret olaraq isə bioinformatikanın ölkəmizdə necə inkişaf edə bilər məsələsinə toxunan alim qeyd edib ki, biz genomun sekvensiyasını ayrı-ayrı ölkələrə göndərə bilərik:

“Əsas məsələ növlərdən DNT-ni çıxarmaqdır. Sonra Azərbaycanda olan növlərin analizi daha faydalı ola bilər. Məsələn, kənd təsərrüfatında xeyirli olan bitkilərin genetik analizi məhsuldar bitki növlərinin yetişdirilməsinə imkan verə bilər. Bununla da iqlim dəyişkənliyinə davamlı bitkilərin yetişdirilməsinə nail olmaq olar”.

Bundan əlavə alim hesab edir ki, Azərbaycanın zəngin fauna və florası var. Onların unikallığının qorunmalarına kömək edə bilər. Tibb sahəsinə gəldikdə alim qeyd edir ki, Amerikada bu barədə çox danışılır:

“Tibb genetikləri (genetik məsləhətçilər) bir çox xəstəliklərlə əlaqəli genlərlə bağlı ətrafllı məsləhət verə bilərlər. Yeni evlənən gənclərə məsləhət verə bilərlər ki, sizdə hansı genlər var, onların kombinasiyası gələcəkdə hansı xəstəliklərə gətirib çıxara bilər. Bu sahədə Azərbaycanda da işlər aparılsa, çox xeyirli ola bilər”.

Metodlara gəldikdə, alim hesab edir ki, ənənəvi olaraq bioinformatika klassik metodlara əsaslanır. Kompüter elmlərindən maşın öyrənmə, statistik analiz, süni intellekt indi daha çox aktual olub. Bioinformatikada artıq onlardan daha geniş istifadə edilir:

“Məsələn, hazırda böyük elmi tədbirlərdə süni intellekt, maşın öyrənmə metodlarından, onların cürbəcür tətbiqindən çox danışılır. Bu, indi bir dəb halını alıb, trendə çevrilib. İki ay əvvəl iştirak etdiyim genom konfransının böyük bir hissəsi zülalların funksiyasının proqnozlaşdırılmasın həsr olunmuşdu. Bu da genomların annotasiyasında çox vacibdir. Bütün dünyada 2 min laboratoriyanın iştirakı ilə müsabiqə keçirilib, I və II yerləri Çin və Rusiya laboratoriyaları tutub. Düzdür, onlar müsabiqəyə gələ bilmədilər, çünki onlara viza verməmişdilər”.

A.Salamov qeyd edir ki, buna baxmayaraq bu metodlar hələ o qədər də dəqiq deyil və onların bioinfomatikada o qədər təcrübələri yox idi:

"Onlar sırf süni intellekt laboratoriyalarıdır, ancaq müsabiqədə I və II yeri tutdular. ABŞ-nin Energetika Departmentindən Berkli laboratoriyasına gələn təşəbbüs əsasında laboratoriyada süni intellekt, fizika, kimya, yumşaq bacarıqlar və s. geniş tətbiq olunur. Maraqlısı odur ki, adətən bu təşəbbüs alimlərdən gəlir, ancaq indi yuxarıdan, Energetika Departamentindən gəldi. Onlar alimləri dəvət edirlər ki, süni intellekt metodları üzərində işləsinlər".

Alim qeyd edir ki, indi bu sahəyə milyardlarla dollar vəsait axır:

“Maraqlısı odur ki, indi ayrı-ayrı sahələrdə maliyyənin azalması gözlənilir, amma süni intellekt və maşın öyrənmə metodlarına daha çox fikir verirlər. Ona görə də mənə elə gəlir ki, gərək gələcəkdə Azərbaycanda da süni intellekt metodlarına çox fikir verək. Bu çox perspektivli istiqamətdir. Ənənəvi olaraq həm Azərbaycanda, həm də xaricdə riyaziyyatçılar, fikiziklər çox güclü olub".

A.Salamova görə süni intellektin riyazi əsası o qədər də rəvan deyil. Bu xətti cəbr, fizika, proqramlaşdırma tələb edir. Stenford Universitetində, Massaçusets Texnologiya İnstitutunda yaxşı proqramlar var. Onları da öyrənmək olar:

“İndi bizə gənc tələbələr gəlir. Onlar əsasən iki istiqamətdə - genomun redaktəsi və süni intellektə maraq göstərirlər. Onların çoxu gəncdir. Bunun Azərbaycan üçün də xeyri ola bilər. Sıfırdan dil modellərini öyrənmək çox çətindir. Bundan ötrü çox güclü kompüterlər lazımdır. “Google” kimi iri şirkətlərdə o modellərin tətbiqi nisbətən zəif olub. Bunu Azərbaycan necə tətbiq edə bilər, bunu bilmirəm. Ancaq məncə, bu, bütün dünyada ən böyük problemlərdən biridir. Süni intellekti mən biologiyada, fizikada, kimyada, ictimai elmlərdə görürəm. Aparıcı elmi jurnallara baxsaq, bu mövzuda hər həftə maraqlı məqalələr görə bilərik".

Qeyd edək ki, ABŞ-nin Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri, professor Asəf Salamov dünyanın tanınmış alimlərindən biridir. Onun elmi məqalələrinə 56000-dən çox istinad edilib və hirş indeksi 86-dır. Alimin çoxlu sayda məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında, o cümlədən tanınmış “Nature” və “Science” jurnallarında dərc olunub. O, həmçinin “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçısı olan yeganə azərbaycanlı alimdir. /Azərbaycan müəllimi

Şərhlər

Yaz...