Tarix: 06.05.2024 / 17:27
Gerçək bir Türk birliyinə nail olmaq üçün nə vacibdir?  - İlqar İlkin

Gerçək bir Türk birliyinə nail olmaq üçün nə vacibdir? - İlqar İlkin

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin mütəxəssisləri tərəfindən "Ortaq türk əlifbası"nın layihəsi hazırlanıb. "Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış "Türk dünyasının coğrafiyası" və "Ortaq türk ədəbiyyatı" tədris vəsaitlərinin layihələri üzrə işlər davam etdirilir. Hazırda Akademiyada fənn üzrə mütəxəssislərin dərslik layihələrinə dair rəy və təkliflərinə baxılır.

Diaspora.TV xəbər verir ki, bu sözləri Türk Dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib.

O qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatları daxilində siyasi, iqtisadi, mədəni və demək olar ki, bütün sahələrdə əməkdaşlıq və inteqrasiya çox sürətlə baş verir:

"Biz hər ay demək olar ki, TDT üzv ölkələrin müxtəlif məsələlər üzrə görüşlərinin, tədbirlərin keçirilməsinə şahidlik edirik. Bu görüşlərin intensivliyi, həm də TDT üzv ölkələrin hər birində keçirilməsi inteqrasiya prossesinə ciddi və həssas yanaşılmasından xəbər verir. Biz sadəcə son bir il ərzində TDT daxilində görülən işlərə nəzər salsaq görərik ki, qısa zaman ərzində böyük məsafələr qət etmişik, artıq üzv dövlətlər qərarlı bir şəkildə bütün prosseslərdə fəal və heç bir fikir ayrılığı olmadan iştirak edirlər".

İlqar İlkin bu gün Bakıda keçirilən Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclasında müzakirə olunan məsələlərə də toxunub. O, qeyd edib ki, Türk dünyasının ortaq əlifbası üzrə komissiyası Astana şəhərindən sonra bu il Bakıda toplanması həm də ölkəmizin bu məsələyə olan münasibətini sərgiləyir.

"Bilirsiniz ki, üç il öncə TDT üzv ölkələrin prezidentlərinin Zirvə görüşündə qəbul olunan "Türk Dünyası 2040 Baxışı" adlı əsas sənəddə əks olunan məsələrdən biri də ölkələrimiz arasında ortaq əlifba və terminologiya məsələsində bir birliyin yaradılması olub. Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ortaq ədəbi dil və ünsiyyət dilinin var olması çox vacibdir. Ona görə də bu sahədə fəaliyyət göstərən komissiyaların tez-tez görüşüb, müzakirələr aparması olduqca vacibdir. Amma bu məsələlər sadəcə müzakirə olunub, növbəti müzakirəyə qədər passiv mövqe tutulmamalı, bir an öncə real addımlar da atılmalıdır".

Şərhlər

Yaz...