Tarix: 09.09.2024 / 12:16
Gənc istedadlıların vətənə qayıdışını necə təşviq    edə bilərik?

Gənc istedadlıların vətənə qayıdışını necə təşviq edə bilərik?

“Təhsil milli inkişafın əsasını təşkil edir və gənc vətəndaşlarımıza, onların harada yaşamasından asılı olmayaraq, əlçatan imkanlar təmin etmək vacibdir. Azərbaycan vətəndaşları xaricdə təhsil və peşə imkanlarını artırdıqca, onların vətənimizlə əlaqəsini necə qoruyub saxlaya biləcəyimizi düşünmək lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Elvin Məmmədov xaricdə yaşayan azərbaycanlı gənclərə vətəndə edilə bilən təhsil güzəştlərindən danışarkən deyib. Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşlarımız üçün Azərbaycanın ali təhsil müəssisələrində təhsil güzəştlərinin tətbiqi tələbələri cəlb etmək istiqamətində mühüm addım ola bilər:

“Bu, həmin gənclərin köklərinə bağlı qalmalarını təmin edir və onların vətənin inkişafına töhfə verməsinə şərait yaradır. Xaricdə yaşayan azərbaycanlı gənclərin yerli universitetlərdə təhsil almalarına maliyyə dəstəyini təqdim etməklə, onların milli kimlik hissini möhkəmləndirə bilərik. Bu əlaqə güclü, birləşmiş bir millətin formalaşması üçün vacibdir və ölkənin mədəni və iqtisadi rifahına töhfə verə bilər”.

Elvin Məmmədov hesab edir ki, güzəştlər və dəstəklər, eyni zamanda, gənc istedadların vətənə qayıdışını təşviq edən strateji bir vasitə kimi xidmət edə bilər:

“Onların təhsilini vətəndə asanlaşdırmaqla, bilik və təcrübələrini Azərbaycana geri qaytarmağa daha çox maraq göstərəcək peşəkarların ölkəyə qayıtmasına şərait yarada bilərik. Qloballaşan dünyada rəqabət qabiliyyətini qorumaq üçün tələbələrə maraqlı gələcək təhsil paketləri təklif etmək vacibdir. Bu güzəştlər, xaricdə yaşayan vətəndaşlarımız üçün Azərbaycanın universitetlərini daha seçilə biləcək versiya kimi göstərərək, istedadlı tələbələri ölkəmizdə saxlamağa şərait yaradacaq. Buna misal olaraq, Qoşulmama Hərəkatına (NAM) üzv dövlətlərin gənclərinə bənzər dəstəyin göstərilməsi qlobal təhsil nüfuzumuzu artırır və beynəlxalq əlaqələri möhkəmləndirir”.

Ekspertin fikirincə, xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün təhsil güzəştlərinin tətbiqi yalnız maliyyə siyasəti deyil:

“Bu, ölkəmizin gələcəyinə bir investisiyadır. Qlobal Azərbaycan icmasını təhsil vasitəsilə birləşdirərək gənclərimizin harada yaşamalarından asılı olmayaraq vətənimizin milli yolunun ayrılmaz bir hissəsi olmasını təmin edə bilərik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...