Tarix: 15 Sentyabr 2024 09:40 | Baxış sayı: 599

Gələcəyiniz universitetə topladığınız baldan asılı deyil - Oksfordda təhsil alan azərbaycanlı gənc

Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti buraxılışının qonağı Böyük Britaniyada yaşayan azərbaycanlı Nuranə Məmmədova olub.

N.Məmmədova müsahibədə uğur hekayəsindən, Oksfordda təhsilindən, müxtəlif ölkələrdə əldə etdiyi maraqlı təcrübələrdən danışıb.

N.Məmmədova bildirib ki, hazırda Oksford Universitetində Diplomatiya üzrə magistr təhsilini davam etdirir:

“Şəmkir şəhər orta təhsil məktəbini fərqlənmə ilə bitirdikdən sonra, bakalavr təhsilini UNEC və ADAU universitetlərində aldım. Daha sonra magistr təhsilimi Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirdim”.

N.Məmmədova 2019-cu ildə ABŞ-nin Denver Universitetinin versiyasına görə, dünyanın 13 qadın liderləri siyahısında və eləcə də 2024-cü ildə 176 ölkə arasında Qlobal Tələbə Mükafatının Top 50-lik siyahısında yer alıb.

“Bu mənim üçün gözlənilməz oldu. Böyük fəxrdir, bu da mənə imkan verdi ki, getdiyim yerlərdə vətənimi layiqincə tanıda bilim. Hətta bir çox hallarda Azərbaycanla bağlı yanlış informasiyaların qarşısını almışam. Onlara ölkəmiz haqqında doğruları söyləmişəm. Bununla yanaşı neçə gəncə stimul vermişəm, təlimlər keçmişəm. Nəticəsini görmək isə mənim üçün bir başqa sevindirici haldır”,-deyə müsahibimiz bildirib.

Soydaşımız Dünya Diplomatlar Şəbəkəsinin üzvü, gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri yönündə minlərlə gəncə ilham qaynağı olub:

“Buradan valideynlərə səslənmək istəyirəm, uşaqlarınızın həyatı universitet üçün topladıqları baldan asılı deyil. Abituriyentlərin gələcəyi imkanlara və istəklərə bağlıdır. Universitetə qəbul zamanı az bal toplasa da hazırda yaxşı yerlərdə təhsil alıb, işləyənlərin sayı kifayət qədərdir. Onların motivasiyası həm valideynləri, həm də qazandıqları uğurlarıdır. Heç nə üçün gec deyil, sadəcə istəyin və əzmlə çalışın”.

“Oxumağı, imtahanlara hazırlaşmağı çox sevirəm. Hansı ölkədə olsam da Azərbaycana qayıdacağım günləri sayıram. Bu günə kimi 70-ə yaxın ölkədə olmuşam, hər birində müxtəlif təcrübələr əldə etmişəm. Gələcəkdə də diplomat olmaq arzusundayam. Motivasiyası yüksək biriyəm, düşünürəm ki, bu istəyim də qısa zamanda həyata keçəcək”, - deyə N.Məmmədova bildirib.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır