Tarix: 29.04.2024 / 10:44

Fuad Muradova təklif etdim ki... – Diaspor fəalı

“Diasporla müsahibə” verilişinin növbəti qonağı 42 ildir Özbəkistanda yaşayan azərbaycanlı məhəllə rəisi Mehriban Rəhimova olub.

M.Rəhimova müsahibəsində Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətindən, soydaşlarımızın sosial-mədəni inkişafından bəhs edib.

Qəriblikdə Vətən həsrəti çəkən məhəllə rəisi əsası dövlət başçıları tərəfindən qoyulan Azərbaycan-Özbəkistan xalqlarının qardaşlığını irəli aparmaq üçün diaspora olaraq üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını söyləyib.

II Qarabağ müharibəsindən söz açan M.Rəhimova özbəklərin də bu Zəfərə elə azərbaycanlılar qədər sevindiklərini bildirib. O, qeyd edib ki, onun oğlu da müharibə başlayanda döyüşmək üçün Azərbaycanın Özbəkistandakı səfirliyinə müraciət edib:

“Gənclərimiz Ana vətənə çox bağlıdır. Bu bağı daha da möhkəmləndirmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təklif etdim ki, onların qrup halında Azərbaycana, xüsusən də Qarabağa səfərləri təşkil olunsun”.

M.Rəhimova məhəllə rəisi olmağın çətinliklərindən, məsuliyyətindən də danışıb. Onun fikrincə, məhəllə rəisi olmaq bir ailənin başçısı olmaq kimidir.

Qonağımız sonda Azərbaycan mədəniyyətini, adət-ənənələrini necə yaşatmalarından danışıb:

“Müxtəlif tədbirlər, bayramlar keçirir, soydaşlarımızı bir-birinə tanıtdırır, əlaqələri daha da möhkəmləndirməyə çalışırıq. Burada əsas yük də anaların, qadınların üzərinə düşür”.

Şərhlər

Yaz...