Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyada səfərdədir.
Diaspora.TV xəbər verir ki, bu gün komitə sədrinin iştirakı ilə Roma şəhərində İtaliyadakı Azərbaycan icması ilə görüş keçiriləcək.
Tədbir çərçivəsində İtaliya Azərbaycanlıları Koordinasiya Şurasına və Azərbaycan İtaliya Gənclər Assosiasiyasına seçkilərin keçirilməsi də planlaşdırılıb.
İtaliyada yaşayan azərbaycanlılar və dost diasporların nümayəndələri İtaliya Azərbaycanlıları Koordinasiya Şurası ilə əlaqə saxlayaraq görüşdə iştirak edə bilərlər.
Səfər çərçivəsində komitə sədri Milan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş “Nakhchivan cento anni di luce” (Naxçıvan 100 işıq ili) adlı sərgidə iştirak edəcək.
Daha sonra Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim olunacaq.