Tarix: 09.09.2024 / 13:50
 Foruma dövlət dəstəyi var, faydası böyük olacaq    – Dilqəm Əhməd

Foruma dövlət dəstəyi var, faydası böyük olacaq – Dilqəm Əhməd

"Qloballaşan dünyanın bir çox ölkələrində azərbaycanlı alimlər fəaliyyət göstərir, yaşadıqları yerlərdə elmin inkişafına töhfə verirlər”.

Bu sözləri Diaspora.TV-yə İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun məqsəd və məramlarını açıqlayarkən deyib.

O bildirib ki, bir neçə ay əvvəl Dünya Azərbaycanlı Alimlər Birliyi yaradılıb:

“Müxtəlif ölkələrdəki bu elm adamları arasında koordinasiya olsun, bilik və təcrübələr paylaşılsın, xarici təcrübənin Azərbaycana tətbiqi məsələsi sürətlənsin. Nəticədə bu təşkilat qısa zamanda uğurla formalaşdı, bugünkü forumun təşkilatçılarından biri oldu”.

Dilqəm Əhmədin sözlərinə görə, Gülüstan sarayında baş tutan foruma dünyanın bir çox ölkələrində yaşayan alimlərimiz gəliblər:

“Onların hər birinin müxtəlif panellərdə çıxışları olacaq. Eləcə də tədbirə yerli universitetlərin rektorları, elm adamları qatılıblar. Bu baxımdan yerli və xarici təcrübə arasında faydalı əməkdaşlıq olacaq”.

Dilqəm Əhməd hesab edir ki, forumun ən qiymətli cəhətlərindən biri də xaricdəki alimlərimizin Qarabağ Universitetinə gözlənilən səfərləridir:

“Bu baş tutacaq. Düşünürəm ki, həssaslıqla, böyük zəhmətlə qurulan bu universitetin əməkdaşları ilə xaricdəki alimlərimizin görüşü ümumi iş baxımından faydalı olacaq. Tədbir Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutmaqdadır. Yəni birbaşa dövlət dəstəyi var, ona görə də faydasının böyük olacağına inanıram".

Qeyd edək ki, hazırda Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin qatıldığı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...