Tarix: 16.10.2024 / 14:50
“Filmlər ortaq türkcədə    çəkilməlidir”

“Filmlər ortaq türkcədə çəkilməlidir”

Son illər türk dünyasında yeni ortaq filmlər istehsal olunur. Azərbaycan kinorejissorları siyasi ab-havanın təsiri ilə Türkiyədən olan prodüserlərlə birgə işlər görür. Rejissor Elçin Musaoğlu da onlardan biridir. O, 61-ci Antalya Qızıl Portağal Film Festivalında TRT ilə birgə ekran işi olan "Meryem" filmi ilə tamaşaçıların görüşünə gəliB.

Diaspora.TV “Türkiye” qəzetinin soydaşımızdan aldığı müsahibəni təqdim edir:

“EURIMAGES” KİMİ FOND OLMALIDIR

Kino sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı sanki getdikcə artır. Siz ortaq layihələr həyata keçirən rejissorlardansınız. Bu dəyişiklik haqqında nə düşünürsünüz?

-Bu əməkdaşlıq çox faydalıdır və daha da inkişaf etməlidir. Ümumi kino fondu olsaydı, işlər asanlaşar, işə mane olan problemlər aradan qalxardı. İdarə heyətində bütün dövlətlərin nümayəndələri yer alar və bu insanlar türk dünyasına uyğun olan bütün layihələri araşdırar, filmlərə dəstək verərdilər. Avropada "Eurimages" adlı kino fondu var. Biz türk dünyası olaraq niyə öz kino fondumuzu yaratmırıq və beləliklə də öz qəhrəmanlarımızı ortaq filmlərimizdə təqdim etmirik? Yəni ortaq fond olsa, bütün türk dövlətləri öz dəyərlərini asanlıqla filmə çevirə bilərlər. “Məryəm” mənim ikinci Azərbaycan-Türkiyə birgə istehsalı olan filmimdir. Mən hər zaman türk dövlətləri ilə, xüsusilə, Türkiyə ilə işləməyin tərəfdarıyam.

TÜRK DİLİNDƏ HƏDDİNDƏN ARTIQ FRANSIZ SÖZLƏRİ VAR

- Azərbaycanda insanlar Türkiyə türkcəsini çox asanlıqla başa düşürlər. Bəs sizcə, Türkiyə türkcəsi kinoda ortaq dil ola bilərmi?

- Bəli, bütün dünyada olduğu kimi, Azərbaycanda da türk istehsalı olan filmlərə üstünlük verilir. Türkiyə türkcəsində çoxlu fransızca söz var, buna baxmayaraq biz türk istehsalları olan filmləri anlayırıq. Bununla belə, düşünürəm ki, biz ümumi dil yaratmalıyıq.

- Yaxşı, bu necə baş verməlidir?

- Dilçilərin, ədəbiyyat adamlarının iş birliyi ilə türkcənin bütün zənginlikləri üzə çıxarılmalıdır. Bundan sonra hər şey ahəngdar şəkildə öz yerinə düşəcək və kinoda öz əksini tapacaq. Bu yaxınlarda açıqlanan “Ortaq əlifba” qərarı da türk dünyasının birliyinə xidmət edəcək. Bütün türk dövlətləri də belə bir qardaşlıq birliyi altında toplana bilər. Mən də filmlərimdə məsləhətləşərək ümumi sözləri seçirəm ki, Türkiyədə insanlar onları anlasınlar.

- İşinizlə “Qızıl portağal” festivalında iştirak etmisiniz. Festival haqqında nə düşünürsünüz?

- “Qızıl Portağal” adını gənc olanda eşitmişdim və bir gün burada yarışacağımı bilirdim. Bununla belə, bizim işimiz yarım əsrdən çox müddətdə “Qızıl portağal”da yarışan ilk Azərbaycan filmi oldu. Əvvəllər də filmlər nümayiş etdirilib, amma müsabiqədə iştirak edən olmayıb.

- “Meryem” filmində nəyə diqqət yetirməyə çalışırsınız?

- Hekayə haqqında düşünəndə ilk olaraq içimdə obrazlar yaranır. Uşaq vaxtı lunatik idim. Yuxuda gəzmək təkcə gecələr dolaşmaq deyil, həm də bəzi görüntüləri görməkdir. Mən daim yuxu görürdüm. Bunların çoxu kinoya uyğundur. Artıq bir çox filmlərimdə yuxularımı qeyd etmişəm. Mən hələ də bunu edirəm. Məsələn, mənim son layihəm mənim yuxularım üzərində qurulub...

BİR ŞƏXSİ XİLAS EDƏN BÜTÜN İNSANLIĞI XİLAS EDİR

- Bəs bu filmdə tamaşaçılara nə vermək istəyirdiniz?

- Əslində, mən bir insanı xilas edənin bütün bəşəriyyəti xilas etdiyi inancı ilə başladım. Bu filmin ana məqsədi budur. Yaxında olsun, ya uzaqda, hələ də özünü başqası üçün qurban verən insanlar var.

“Qardaşım Türkiyədən gəlib”

- Azərbaycan olaraq uzun müddət Türkiyədən ayrı yaşadıq. "Yadımdadır, Sovetlər dağılandan sonra küçədə türkcə danışan bir kişi görəndə hamı onu evinə qonaq aparmaq üstündə mübahisə edirid. Deyirdilər ki, qardaşım Türkiyədən gəlib. Biz həmişə həsrət hissi keçirmişik. Təbii ki, bundan başqa, bizim ümumi dəyərlərimiz də var.

Şərhlər

Yaz...