Tarix: 25.05.2024 / 08:20
Filmin təqdimatının qarşısını biz aldıq, amma...  – Nüsrət Məmmədov

Filmin təqdimatının qarşısını biz aldıq, amma... – Nüsrət Məmmədov

“Tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, Azərbaycanda aparılan daxili və xarici siyasəti özündə əks edən 165 kitabı tərcümə və nəşr edərək pulsuz paylamışıq. Bundan başqa 2008-ci ildə Çingiz Aytmatovu 31 nümayəndə heyəti ilə Azərbaycana gətirmişik. 2009-cu ildə isə Qırğızıstan parlamentinin 1-ci vitse-spikeri və bir neçə deputatla Azərbaycana səfər etmişik. Bütün bunları öz maliyyə imkanlarımızla etmişik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib.

Onun sözlərinə görə, son vaxtlar 19-20-ci əsrin əvvəllərində “İrəvan şəhərinin tarixindən” adlı kitabı qırğız dilinə tərcümə etdiriblər:

“Bu yaxınlarda o kitabı həm də rus və qırğız dillərində nəşr etdirəcəyik. Ulu öndər Heydər Əliyevin 100 illiyinə aid “Xalqa bağışlanmış ömürdən anlar” kitabını da qırğız dilində tərcümə və nəşr etdirmişik, saytımızda kitabın elektron variantı da yerləşdirilib. Bundan başqa, İlham Əliyevin prezidentliyinin 20 illiyini özündə əks etdirən “Zəfər Çələngi” kitabını da nəşr etdirmişik. Hazırda Azərbaycan yazarlarının 3 cildliyini qırğız dilində hazırlayırıq. Kitabın ilk səhifəsi professor Cümşüd Nuriyevin “100 yaşlı Heydər Əliyev kimdir?” adlı elmi əsəri ilə başlayır. Həmin kitabda Rəsul Rza, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Mircəlal Paşayev və digər şair və yazarların əsərləri yer alacaq. Bundan başqa, “Erməni tarixçilərinin etdiyi qələtlərə Azərbaycan alimlərinin verdiyi cavablar” adlı kitabımız da var. Bu kitabı noyabr ayında Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq kitab sərgisində nümayiş etdirmişik”.

N.Məmmədov qeyd edib ki, Ermənistan, Fransa və Belçika tərəfindən hazırlanan antiazərbaycan filmin təqdimatına Qırğızıstanda imkan verməyiblər:

“Filmin təqdimatının qarşısını biz aldıq, amma bunu başqasının adı ilə verdilər. Bu hadisəyə görə mən Fransaya gedə bilmirəm. 2009-cu ildə nəşr etdirdiyimiz “Ermənilərin Azərbaycan torpağında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabına görə Ermənistan Qırğızıstana nota verdi. Həmin kitabı qırğız, rus və ingilis dilində nəşr etdirmişdik”.

Həsən Hüseynov
Diaspora.TV





Şərhlər

Yaz...