Tarix: 09.04.2024 / 17:14
"Fəxr edirəm ki, köklərim Azərbaycandadır"-  Amerikada yaşayan Yusif Pənahpur

"Fəxr edirəm ki, köklərim Azərbaycandadır"- Amerikada yaşayan Yusif Pənahpur

Yusif Pənahpur – Qarabağ xanlığının banisi Pənah Əli xan Cavanşirin və İbrahimxəlil xan Cavanşirin varisidir. Azərbaycanın Şuşa şəhərinin əsasını qoymuş məşhur Cavanşirlər nəslinin davamçısıdır. Uzun illərdir ki, Amerikada yaşayan Yusif Pənahpur ana tərəfdən isə məşhur Şıxlinskilər ailəsinin üzvüdür.

Azərbaycan tarixində mühüm yer tutan 2 nüfuzlu nəslin davamçısı olan 82 yaşlı Yusif Pənahpur ilk dəfə olaraq HafizTimes.com-a eksküziv müsahibə verib.
Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Y. Pənahpur müsahibə zamanı ailəsi ilə bağlı gizli qalan bir çox mühüm məqama aydınlıq gətirib. Şuşanın təməlini qoyan nəslin davamçısı Y. Pənahpur şanlı Azərbaycan Ordusunun Qarabağı, Şuşanı düşmən işğalından azad etməsi ilə bağlı da fikirlərini bölüşüb. O həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Cavad bəy Şıxlinski haqqında da önəmli faktlar açıqlayıb.



– Hazırda harada yaşayırsınız və nə işlə məşğulsunuz? Sağlamlığınız necədir?

– Ailəmlə birlikdə Texas ştatının Hyuston şəhərində yaşayırıq. 1976-cı ildə orada daşınmaz əmlakla bağlı şirkət qurmuşam. 1979-cu ildə İranda baş verən inqilabdan sonra Londona, 1980-ci ildə isə Hyustona (Texasa) köçdük. Sağlamlıq baxımından, yaşıma (82 yaş) görə yaxşıyam.

– Bəs Amerika həyatınız necə başladı?

– Mən 1958-ci ildən 1962-ci ilə qədər ABŞ-da Purdue Universitetində inşaat mühəndisliyi üzrə təhsil almışam. 1962-ci ildə İrana qayıtdım, ailə qurdum və 1980-ci ilə qədər orada işlədim.

– Soyadınız haqqında bilmək istərdik. “Pənahpur” soyadı Qarabağ xanlığını yaradan, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin soyadı ilə bağlıdır? Pənahpur soyadının tarixcəsi necədir? Siz məşhur Cavanşirlər soyunun davamçılarındansız?

– Soyadımızın Pənahəli xan Cavanşirlə əlaqəli olması haqda düz deyirsiniz. Bu soyad fars dilində Pənahzadə (Pənahəli xanın nəslindən gələn) deməkdir. 1930-cu illərdə İranda ailə üçün soyad seçimi məcburi olanda atamın əmisi Davud xan da bu soyadı seçib.

– Cavanşirlər soyu haqqında ailəniz sizə nə deyərdi?

– Biz əslində Cavanşirlərik. Pənahəli xan Cavanşir mənim ulu babamın ulu babasıdır.



– Ailəniz Qarabağdan, Şuşadan İrana (Cənubi Azərbaycana) necə köçüb? Bu haqda nələr bilirsiniz?

– Əbülfətəli xan Cavanşirin (İbrahim Xəlil xan Cavanşirin oğlu və Pənah Əli xanın nəvəsi) bacısı Fətəli şah Qacarla evli idi. Həmin vaxt şah və oğlu Abbas Mirzə onu inandırdılar ki, 1804-1813 və 1826-1828-ci illər müharibələrində ruslara qarşı döyüşmək üçün İran tərəfinə qoşulsun. İranın ruslara məğlub olması və Qafqazı tamamilə itirməsindən sonra Əbülfətəli xan və onun bir neçə qardaşı Qarabağdan İrana köçməli oldular. Onların hamısı şah tərəfindən yüksək vəzifələrə təyin edildi. Biz Əbülfət xan Cavanşirin övladlarıyıq.

– İki il öncə şanlı Azərbaycan Ordusu Qarabağı və Şuşanı düşmən işğalından azad etdi. Şuşa şəhərinin əsasını qoyan bəy nəslinin nümayəndəsi, məşhur Cavanşirlər soyunun davamçısı kimi bu Zəfərimizlə bağlı nə demək istərsiniz? Şuşa, Qarabağa səfər etmək istəyirsiniz?

– Mən Azərbaycan ordusu və ölkə rəhbərliyinin əldə etdikləri böyük nailiyyətlə fəxr edirəm və mümkün olan kimi Şuşaya və Qarabağın işğaldan azad edilmiş digər ərazilərinə səfər etməyi planlaşdırıram.



– Siz ana tərəfdən isə məşhur Şıxlinskilər ailəsinin üzvüsünüz, Cahangir bəy Şıxlinskinin nəvəsisiniz. Bu barədə bilmək istərdik. Ailə kökləriniz barədə ilk dəfə necə məlumat öyrəndiniz?

– Valideynlərimdən, ana nənəm (Səadət xanım Vəkilova) və xalalarımdan ana tərəfdən olan nəsil-kökümüz barədə məlumat aldığım üçün özümü xoşbəxt hiss edirəm.

İllər öncə həyat yoldaşımla birlikdə ailəmizin yaşadığı Qazax rayonuna səfər etdik. Həmin səfər zamanı bizi müşayiət edən ana tərəfdən olan qohumlarımızdan da çox məlumatlar öyrəndim.

Ancaq ata tərəfimizlə bağlı tarixdə bəzi boşluqlar vardı ki, onlar izah edə bilmirdilər. 1992-ci ildən 2005-ci ilə qədər çoxlu araşdırma apardım, o cümlədən Tehranda və Tiflisdə ekspertlərlə görüşdüm, oradakı ailələrim vasitəsilə Bakıdakı insanlar mənə çox kömək etdilər. Milli Azərbaycan Tarixi Muzeyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası araşdırmalarım üçün mənə çoxlu məlumatlar verdi. Hətta, internet vasitəsi ilə bir neçə ailə üzlərimi də tapdım.

– General Əliağa Şıxlinski sizin üçün kimdir?

– General Əliağa Şıxlinski mənim ana tərəfdən nənə-babamın (babam Cahangir bəy Şıxlinski və ana tərəfdən nənəm Səməd Vurğunun qohumu Səadət xanım Vəkilova) əmisi olub. Mənim ana tərəfdən babam və nənəm əmiuşağıdır. Həm də bildiyiniz kimi, Əliağanın birbaşa nəsli (varisi) olmayıb.



– Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri Cavad bəy Şıxlinski haqqında siz nələr bilirsiniz?

– Cavad ağa Şıxlinski (1875-1959) Azərbaycan Demokratik Respublikasında bir ordu generalı idi. O, Bakıdan göndərilən kommunist qüvvələrinə qarşı təşkil edilmiş Gəncə üsyanı zamanı əsir düşüb. Qardaşı Rüstəm Şıxlinski kommunistlər tərəfindən edam edildi. Cavad ağa ətrafındakılarla birlikdə hərbi tribunal tərəfindən ölümə məhkum edildi. Onu 3 hərbçi ilə birlikdə dostları həbsxanadan azad etdi, minməyə at verdilər və qaçmağına kömək etdilər. Kommunistlər onları təqib etdi. Cavad ağa Türkiyəyə getməyi bacardı. Digər qaçanları isə öldürdülər.

Orada bir neçə il qaldıqdan sonra Cavad ağa İrana gedib. Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad ağa orada polkovnik-leytenant rütbəsi alıb, sonradan polkovnik rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib.

Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda zabitlər klubunun rəhbəri vəzifəsinə təyin edilib. İşlədiyi müddətdə bir çox hərbi əməliyyatlarda iştirak edib və vəzifəsini uğurla icra edib.

– Cavad bəy Şıxlinskinin məzarının dəqiq yeri ilə bağlı mübahisələr var. Onun məzarı haradadır? Övladları ilə əlaqə saxlayırsınızmı? Harada yaşayırlar?

– Cavad bəy Şıxlinski İranda Zari xanım Əsədzadə adlı iranlı xanımla ailə həyatı qurub və onların üç övladı olub:

Çingiz 1927-ci ildə anadan olub, həyat yoldaşı və bacısı (Suri xanım) ilə Tehran yaxınlığında yaşayır. Övladı yoxdur.

Məhəmməd isə 1931-ci il doğulub, ölüm tarixi məlum deyil. Təranə xanımla ailə həyatı qurub, iki övladı var: Əli və Məhəmməd Rza.

Cavad ağa isə 1959-cu ildə Tehranda dünyasını dəyişib və orada dəfn olunub.



– Cümhuriyyət ordusunun general-mayoru Cavad bəy Şıxlinski ilə görüşmüsünüz? Onu necə xatırlayırsınız?

– Bəli, mən onunla dəfələrlə görüşmüşəm. Sonuncu dəfə 1958-ci ildə görüşmüşük. O, şən adam idi, tar çalardı, ailə məclislərində də gözəl ləzgi rəqsi edərdi.

– Babalarınız sizə Azərbaycan haqqında nə deyərdilər?

– Ana tərəfdən babam Cahangir bəy Şıxlinski (İran Jandarm Qüvvələrinin mayoru) aorta anevrizmasından (yırtılma) gözümün qabağında dünyasını dəyişdi. Həmin vaxt mənim cəmi 9 yaşım vardı. O, mənimlə Azərbaycan barədə danışmazdı. Amma məni əyləndirməkdən həzz alardı. Mənə daha çox ana nənəm ailəmizdən, həyat yoldaşının Azərbaycanda hərbi xidmət keçməsindən, kommunist rejiminə görə Türkiyəyə və nəhayət İrana qaçmalarından danışardı. O, həmişə Qazax, Gəncə və Şəkini tərifləyərdi.

– Azərbaycan sizin üçün nə deməkdir?

– Azərbaycan mənim köklərimin ölkəsidir və ailəmiz üçün çox dəyərlidir.

– Azərbaycanda ailənizi sevən insanlara nə demək istərdiniz?

– Mən fəxr edirəm ki, bu ailələrin üzvüyəm və köklərim Azərbaycandadır.

Qeyd edim ki, 1996-cı ildə ailəmizdən ilk dəfə məhz oğlum Bəhram Pənahpur Azərbaycana səfər edib və oradakı ata-ana qohumlarımızla əlaqə qurub. Daha sonra həyat yoldaşımla birlikdə Azərbaycana üç dəfə səfər etdik (2004, 2007 və 2010-cu illərdə).Oradakı əziz və mehriban ailə üzvlərimlə birlikdə demək olar ki, bütün ölkəni gəzdik. Xəstələnməyimlə əlaqədar yalnız şimal-şərq bölgəsinə gedə bilmədim. Əziz əmim qızı Həmidə Məlikova ilə birlikdə Şəkidə olduq, anamın doğulduğu Gəncəyə getdik. Daha sonra Qarabağın Kəhrizli kəndində olduq. Mənim ata tərəfdən nənəmin babası olan Əhməd bəy Cavanşir həmin kənddə o dövrün müasir kənd təsərrüfatı sisteminin təşəbbüskarı olub. Bu fəaliyyət Həmidə xanım Cavanşir (Cəlil Məmmədquluzadənin həyat yoldaşı) tərəfindən davam etdirilib.

Mənim anam tərəfdən əziz qohumum Ziya bəy Şıxlinski daha bir səfərimi isə Qazax rayonuna təşkil etdi və bizi müşayiət etdi. 2005-ci ildə isə həyat yoldaşımla mən atamın doğulduğu Tbilisi şəhərində də olduq.

Hafiz Əhmədov

HafizTimes.com

Şərhlər

Yaz...