Tarix: 10.12.2024 / 14:20
Fəhlə kimi işə başladı, hazırda baş mühəndisdir –    Qaranlıqdan aydınlığa çıxan azərbaycanlı

Fəhlə kimi işə başladı, hazırda baş mühəndisdir – Qaranlıqdan aydınlığa çıxan azərbaycanlı

Xaricə heç bir təcrübə olmadan gedib yaşamaq, iş tapmaq, sıfırdan bir düzən qurmaq çox çətindir. Var olan düzəni kənara qoyub, heç bilmədiyin ölkədə yenidən həyata başlamaq insanı ya dibə, ya da zirvəyə aparır. Dünyanın bir çox yerində bu çətinliklərlə qarşılaşan vətəndaşlarımız var. Onlar öz təcrübələrini, qarşılaşdıqları problemləri sosial şəbəkələrdə paylaşırlar.

Həsən Nəsirov da Almaniyada yaşayan həmyerlilərimizdən biridir. Almaniyada yaşayan Həsən Nəsirov Diaspora.TV-yə yenidən başladığı həyatda qarşılaşdığı çətinliklərdən danışıb.

“Bu qədər təcrübə ilə səni təmizlik işçisi kimi götürə bilmərəm”

Həsən Nəsirov deyir ki, Almaniyaya getməzdən əvvəl Azərbaycanda ofis meneceri olub və özünə məxsus mebel firmasında çalışıb:

“Almaniyaya köçdükdən sonra türk dükanında fəhlə kimi işləməyə başladım. Hər gün səhər saat 4-də durur və təxminən 40-45 dəqiqəlik yol gedirdim. Günorta saat 12-yə qədər orada işləyirdim, daha sonra dərsə gedirdim. Axşam saat 5-dən 9-a qədər yenidən işləməyə davam edirdim. Bu rejimdə 3 ay işlədim".



Bir gün tanışlarımdan biri dəmir yollarında sürət qatarlarının təmizliyi üçün işçi axtarıldığını dedi. Daha sonra CV-mi göndərdim və elə üzərindən bir gün keçmədi ki, müsahibəyə dəvət edildim. Müsahibə zamanı hansı dilləri bildiyimi soruşdular. İngilis, rus və türk dillərini bildiyimi dedim. Müsahibədəki şəxs mənim CV-mi nəzərdən keçirdi və Azərbaycanda neft layihələrində, təhlükəsizlik sahəsindəki təcrübələrimdən heyranlıqla bəhs etdi. “Bu qədər təcrübə ilə səni necə təmizlik işçisi kimi işə götürə bilərəm?” dedi. Mən isə cavab verdim ki, “təsəvvür edin, siz Azərbaycana gəlmisiniz və bir yerdən başlamaq lazımdır. Mən də ilk addım olaraq buradan başlamaq qərarına gəldim.” Beləliklə, işə qəbul olundum və bu iş mənə sığorta əldə etməyə imkan verdi”.

“Şərt qoyuldu ki...”

Həsən Nəsirov qeyd edir ki, bir il bu işdə işləyib, sürücülük vəsiqəsi alıb və dil biliklərini inkişaf etdirib:

“Gecələr qatar təmizliyi ilə məşğul idim. Bir il tamam olduqdan sonra gördüyüm işlər barədə məlumat verdim. Məni Hamburqda stansiyaların birində 6 aylıq işə göndərdilər. Vizamın müddəti bitdiyi üçün 5 ay işləyə bildim. Verilən tapşırıqları uğurla yerinə yetirdikdən sonra məni ömürlük müqavilə ilə mühəndislik sahəsinə qəbul etdilər və viza ilə bağlı problemlərimin də həll ediləcəyini bildirdilər”.



Yeni işinin əsasən yanğınsöndürmə avadanlıqları üzrə olduğunu deyən həmyerlimiz bildirir ki, üç aylıq təcrübə müddətindən sonra Berlinə yaxın Nevropen şəhərinə göndərilib:

“Paktiki təlimlər və yazılı imtahanları uğurla keçdim. Nəticədə Almaniyada yanğınsöndürənlər üzrə rəsmi sertifikat aldım və Şimali Almaniya üzrə Dəmir Yollarında Yanğınsöndürənlər üzrə mühəndis vəzifəsinə yüksəldim. Bu sahədə çalışan yeganə azərbaycanlı idim və bütün dəmiryolları üzrə yanğınsöndürmə sistemlərinin yoxlanışı mənim üzərimdə idi. Onların yerlərinin təyin olunması, tam olaraq yoxlanması və hər növünə uyğun düzgün şəkildə yerləşdirilməsindən məsuliyyətli idim. İşlərimə görə “İlin işçisi” seçildim və həftədə 4 gün işləsəm də 5 günün maaşını alırdım. Hətta karantin dövründə də maaşımı davamlı olaraq ödədilər”.

Sonda həmsöhbətimiz Almaniyada yaşayan həmyerlilərinə dəstək göstərdiyini də vurğulayıb:

“Hazırda ikinci vəzifəm Haustechnikdir. Yeni Dəmir Yollarının nəzdindəki binalara nəzarət və binalarda yaranan problemlərin həll olunması sahəsində fəaliyyət göstərirəm. Almaniyaya gəlmək istəyənlərə dəstək olmaq məqsədilə bir firma açmışam. Ali təhsilli, peşə təhsilli və ya peşəkar ustalar üçün fərq etmədən, hər kəsə kömək edirəm. Bundan əlavə, bayramlarda azərbaycanlı ailələrlə bir araya gəlir, buradakı həmvətənlərimizin düzgün həyat qurmasına və işlə təmin olunmasına dəstək oluram”.

Maya
Diaspora.TV








Şərhlər

Rustam B. Rustamov

Sənin, demək olar ki, həyatının hər gününü bildiyimdən uğurunun səbəbləri bəllidir. qazandığın zəhmətinin və səbrinin məhsuludur. Sənə cismani sağlıq arzu edirəm. qalanına zəhmətinlə özün sahib olacaqsan.

17.12.2024 / 15:03

Säbinä Xälilova

Säninlä qürur duyuruq.

16.12.2024 / 15:00

Yaz...