Tarix: 29.09.2024 / 09:50

Əvvəl həyat yoldaşımı, sonra onun vətənini sevdim

Diaspora.TV-də yayımlanan “Azərbaycanın dostları” verilişinin növbəti qonağı Niderlandda yaşayan Azərbaycan sevdalısı, "Birlikdə Güclüyük" Fondunun həmsədri, maliyyəçi Robert van den Berg olub.

Robert van den Berg verilişdə Azərbaycana olan sevgisindən və marağından bəhs edib.

O bildirib ki, azərbaycanlı həyat yoldaşı ilə ailə qurandan sonra Azərbaycanı tanıyıb:

“Əvvəlcə həyat yoldaşıma, sonra isə onun vətəninə sevgim yarandı. Azərbaycan çox zəngin mədəniyyətə və təbiətə sahibdir. Bakını çox sevirəm, tez-tez səfərlər edirəm”.

Robert qeyd edib ki, Qarabağ onlar üçün çox doğmadır:

"Həyat yoldaşım, diaspor fəalı İlkanə Qoca Ağdamda doğulub və böyüyüb. Hətta ermənilərin azərbaycanlılara və Qarabağda etdiklərini, terrorları, işğalı burada yerli cəmiyyətə tanıtmağa birgə çalışırıq. "Birlikdə Güclüyük" Fondu olaraq, Azərbaycan üçün könüllü işlər görürük”.

Qeyd edək ki, cütlüyün iki övladı var. Övladlarına da Azərbaycanı sevdirmək üçün Niderlandda yaşayan digər qarışıq millətli ailələrlə münasibətlər qururlar.

“Övladlarımız Azərbaycanı, elə azərbaycanlıların özündən öyrənirlər. Bayramlarda, özəl günlərdə bir araya gəlirik. İstəyirik ki, övladlarımız da bir-birini tanıyıb, vətənlərini unutmasınlar”, - deyə Robert əlavə edib.

Şərhlər

Yaz...