“Finlandiyanın Helsinki şəhərində Azər-Türk Gənclər Təşkilatının fəal üzvüyəm. Tədbirlərdə müğənnilik və aparıcılıq da edirəm. Çalışıram ki, mədəniyyətimizi yüksək səviyyədə təmsil edim”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Finlandiyada yaşayan soydaşımız, Azər-Türk Gənclər Təşkilatının fəal üzvü Mona Safojifar deyib.
Onun sözlərinə görə, Finlandiyada ermənilərin çox olmasına baxmayaraq, 44 günlük müharibə zamanı Azərbaycanın haqq səsinin təbliği ilə məşğul olub:
“2020-ci ildə mənim 15 yaşım var idi. Finlandiyada ermənilər çoxdur, amma bu məni qorxutmadı. Finlandiyanın “Kuva Lehti” qəzetində “Xocalıya Ədalət” adlı məqalə yazmışam. Onu çap etdirmək mənə min əziyyətlə başa gəldi”.
“Finlandiyada çox aktiv olduğum üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci ilin yayında Şuşaya dəvət olundum, oranı çox sevdim. Hətta xəyal etdim ki, kaş orada evim olardı”, - deyə M.Safojifar qeyd edib.
Gənc soydaşımız bildirib ki, onun iki vətəni var: biri Azərbaycan, digəri isə Finlandiya:
“Azərbaycan doğma vətənimdir, mənim üçün çox əzizdir. Finlandiyanı da vətənim kimi sevirəm. Burada çox aktiv fəaliyyət göstərirəm. Finlandiyanın təhsil naziri Lii Andersonla görüşlərim olub. “Climate change” mövzusunda 10 000-dən çox insanın qarşısında çıxış etmişəm”.
Müsahibimiz əlavə edib ki, “Etela-Tapiola” liseyində təhsil alır və bu il təhsilini başa vuracaq:
“Məktəbimizdə fransız və isveç dillərini öyrənirəm. Özüm də bir neçə dildə danışıram. Fin, Azərbaycan, türk, ingilis, fars, rus dillərini mükəmməl bilirəm. Dillərdən başqa elmi də çox sevirəm, elm təqaüdü alıram. Liseyi bitirib tibb universitetinə qəbul olmaq istəyirəm. Dərslə yanaşı, mənim ürəyimdə musiqi həmişə var. 2023-cü ildə azərbaycanlı gənc kimi “The Voice of Finland” müsabiqəsinə qatıldım və 4 mərhələ keçdim, top dördlüyə daxil oldum. Televiziyada da özümü azərbaycanlı kimi tanıtdım. Orada tanış olduğum insanlar Azərbaycana getmək istəyirlər”.
M.Safojifar gələcəkdə “Eurovision” Mahnı Müsabiqəsinə qatılaraq ölkəmizi, mədəniyyətimizi təmsil etmək istəyini bildirib.
Xəyalə Zöhrab
Diaspora.TV