Tarix: 21.10.2024 / 19:00
Azərbaycan Çinin Qafqazdakı maraqlarının mərkəzi kimi görünür -     Eurasianet

Azərbaycan Çinin Qafqazdakı maraqlarının mərkəzi kimi görünür - Eurasianet

Çin son aylar Cənubi Qafqazda strateji mövcudluğunu möhkəmləndirmək niyyətindədir. Bu dövlətin Azərbaycan və Gürcüstanla Orta Dəhliz vasitəsilə Şərq-Qərb ticarətinin genişləndirilməsinə dair sazişlər imzalaması da bu məqsədə xidmət edir. eurasianet.org-da dərc olunmuş “Çin Cənubi Qafqazda iqtisadi iştirakını genişləndirir” adlı təhlildə bildirilir ki, bu sövdələşmələr ciddi maliyyə öhdəliklərini ehtiva etməsə də, kifayət qədər iddialı görünür.

Pekinin bağladığı son müqavilələr sentyabr ayında imzalanıb. Birincisi, Gürcüstanla ticarətə dair anlaşma memorandumudur ki, bu, keçən il elan edilmiş daha əhatəli strateji tərəfdaşlıq sazişinin iqtisadi versiyasıdır. Memorandumun müddəaları arasında infrastrukturun birgə inkişafı, gömrük prosedurlarının optimallaşdırılması, təhlükəsizliyin təkmilləşdirilməsi və logistikanın rəqəmsallaşdırılması üzrə öhdəliklər də var.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bu barədə bəyanatında bildirilir:
"Memorandumun imzalanması bizə Çinlə daha sıx ticari-iqtisadi əlaqələr qurmaq, ölkəyə əlavə investisiyalar cəlb etmək, həmçinin, Gürcüstan məhsullarının Çinə ixracını artırmaq imkanı verir".

Sentyabrın 19-da Azərbaycanın dövlət dəmir yolu şirkəti elan etmişdi ki, Çin Orta Dəhliz marşrutu üzrə yükdaşımaların səmərəliliyini artırmaq üçün ötən il yaradılmış birgə müəssisəyə qoşulmağa hazırlaşır.

Azərbaycan Çinin Qafqazdakı maraqlarının mərkəzi kimi görünür. İki ölkə təkcə ticarət və investisiyaları genişləndirmək istiqamətində çalışmayıb, həm də siyasi əlaqələri gücləndirib. Yayda Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatındakı rolunu gücləndirməyə başlayıb. Eyni zamanda, Çinin əsas rol oynadığı BRİKS-nin inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna qoşulmaq üçün müraciət edib.

İyulda Azərbaycan və Çin ötən il Gürcüstanla bağlanmış sazişə bənzər siyasi, mədəni və iqtisadi məsələlər üzrə münasibətləri strateji tərəfdaşlığa yüksəltmək barədə razılığa gəlib. Birgə bəyannamədə Orta Dəhliz boyunca ticarəti genişləndirmək üçün əməkdaşlıq planlarından xüsusi olaraq bəhs edilib. Əlavə edilib ki, ölkələr “istehsal və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə” çalışırlar.

İmzalanma mərasimində Çin lideri Si Cinpin bildirib ki, bu saziş “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisini sürətləndirəcək, Çin-Avropa yük qatarlarının etibarlı, sabit fəaliyyətini təmin edəcək”.

Qeyd edək ki, Orta Dəhliz boyunca ticarət həcmi 2024-cü ildə xeyli artıb. Bu ilin ilk üç rübündə marşrut üzrə 3,4 milyon ton yük daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 70 faiz çoxdur.

Şərhlər

Yaz...