Dünyanın müxtəlif ölkələrindən olan erməni icmalarını təmsil edən 28 gənc “Diasporun gənc səfiri” proqramı çərçivəsində Ermənistanda təlimlərdə iştirak edib. Artıq dördüncü ildir reallaşan bu layihə Ermənistanın Diasporla İş üzrə Baş Komissarlığı Aparatı tərəfindən həyata keçirilir.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, layihədə 18 ölkədən 20-35 yaş arası gənclər iştirak edib. Onlar Ermənistanda başa vurduqları təlimlərdən sonra yaşadıqları ölkələrdə fərdi proqramlarını həyata keçirməli olacaqlar.
Bundan əlavə, onlara öz ölkələrindəki Ermənistan səfirlikləri də kömək göstərəcək. İştirakçılar kursların sonunda jurnalistlərə bildiriblər ki, onlar “iddialı layihələri həyata keçirmək və öz icmalarının vətənləri ilə əlaqələrini gücləndirmək üçün bütün potensiallarından istifadə etməyə hazırdırlar”.
15 günlük təlimləri əhatə edən “Diasporun gənc səfiri” proqramı bir il, 2025-ci ilin avqust ayına qədər davam edəcək. Bu dəfə proqramın iştirakçıları Rusiya, Belarus, Fransa, Almaniya, İsveç, Litva, Latviya, Polşa, Çexiya, Rumıniya, Hollandiya, Böyük Britaniya, Gürcüstan, İran, Avstraliya, ABŞ, Suriya və Çindən olan ermənilər olub.
Diasporla İş üzrə Baş Müvəkkilin Aparatı xəbər verir ki, proqramın məqsədi budur:
- gənclərə Ermənistanın hansı siyasi, sosial, iqtisadi və digər problemlərin olduğunu anlamaq imkanı vermək;
- onların icmaların həyatında iştirakını dəstəkləmək;
- yeni biliklər, bacarıqlar, əlaqələr və təcrübə mübadiləsi sayəsində diasporun müxtəlif icmalarının gəncləri və Ermənistan arasında əməkdaşlığın formalaşmasına və inkişafına kömək etmək.
Diasporla iş üzrə baş komissar Zareh Sinanyan deyir ki, proqramın digər məqsədi “diasporda fəal erməni gəncləri şəbəkəsi” yaratmaqdır. Proqram çərçivəsində gənclər il boyu Ermənistanda, o cümlədən regionlarda mühazirələrdə, ustad dərslərində iştirak edəcək, elm, təhsil, mədəniyyət mərkəzlərinə baş çəkəcəklər.