Tarix: 31.08.2024 / 09:22

Ermənilərin İrana ərazi iddiası aktuallaşır - “Şərqi Ermənistan”

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

Ermənistanda son aylarda “Şərqi Ermənistan” termini gündəliyə daxil oldu. Bəlli olur ki, bu terminin arxasında ABŞ dayanır. Əgər ABŞ səfiri Sünikdə kitabxananın maliyyələşməsini təmin edirsə, bu ABŞ səfirliyinin Ermənistanın regionları ilə əlaqələrinin dərinliyini göstərir. Sünik regionunun İran sərhədinə söykənməsi ABŞ üçün daha xüsusi əhəmiyyətə malikdir. ABŞ Süniki İranın deyil, özününkü hesab edir. Maraqlıdır ki, ABŞ səfirliyi Ermənistan-Gürcüstan sərhədində iş görməyə böyük həvəsli deyil. O sərhədi yaxında su basdı və su basma zamanı ABŞ-ın təbii fəlakətin nəticələrini aradan qaldırmaqda yardımı minimal oldu. ABŞ səfiri və digər rəsmiləri Ermənistanın İranla sərhəddə olan Sünik regionundan çıxmırlar.

N.Paşinyanın erməni xalqının tarixi, yoxsa Ermənistanın tarixi adı altında açdığı mübahisə sonda buna gətirib çıxardı. Vaxtilə “Şərqi Ermənistan” adlı ərazi olubmuş və o dövləti Rusiya işğal edibmiş. Çar Rusiyası İrana hücum edib və Şərqi Ermənistanı İrandan işğal edib. Rusiya-İran müharibələri tarixi iki müqavilə ilə bitib. Birinci Gülüstan müqaviləsidir. İranın şimal regionlarının böyük əksəriyyəti Çar Rusiyanın tərkibinə keçib. İran Gülüstan müqaviləsində itirdiyi torpaqları geri qaytarmağa cəhd edib. Amma əlavə torpaqlar itirdi və xeyli miqdarda qızıl, töycü verməli oldu. İkinci dəfə itirəndə çar Rusiyasının qoşunları Təbrizdən Tehrana doğru hərəkət edirdilər. Qayıdıb Təbrizin şimalında Türkmənçay kəndində müqavilə imzaladılar və bu müqavilədə əlavə iki xanlıq da çar Rusiyasının tərkibinə keçdi. Müqavilənin mətnində də onların adı xanlıq göstərilib. O vaxt erməni tarixçilərinin anlamında “xanlıq” termini olmayıb.

Ermənilərin regionumuzda işlətdiyi termin inzibati ərazi vahidi kimi məliklik olub. Müqavilədə xanlıqdır. Çox böyük prinsipial fərqdir. Birinin adı Naxçıvan xanlığı, digəri isə İrəvan xanlığıdır. Çar Rusiyası bu torpaqları təsiri altına keçirdikdən sonra İrəvan xanlığında yaşayan çox azsaylı ermənilərin sayını artırmağı qarşısına məqsəd qoyur. Külli miqdarda vəsait sərf etməklə Osmanlı imperiyasından erməniləri indiki Ermənistanın ərazisinə köçürdü. İrandan gələn ermənilərdən də bir qismini tək Qarabağa deyil, Ermənistana da köçürdü. Bu niyyətini reallaşdırmazdan əvvəl Çar Rusiyası İrəvan xanlığı adı ilə işğal etdiyi torpaqların müsəlman dünyası ilə Azərbaycanın əlaqəsini kəsmək, buranı tamamilə yeni ərazi olduğunu göstərmək məqsədilə Rus Ermənistanı və ya kiçik Ermənistan adını verir, az keçmiş Şərqi Ermənistan adına dəyişir.

Çar Rusiyanın ortalığa qoyduğu “Şərqi Ermənistan” termini bu gün N.Paşinyana və onun ABŞ-dakı havadarlarının işinə yarayır. Rəsmi Yerevan indi Şərqi Ermənistanın işğal olunduğundan danışır.

Avarayr döyüşünü indi də ermənilərin ciddi aktuallıqda saxlayırlar. Kökü 1500 il bundan öncə xristian missionerlərinin təhriki ilə ermənilərin İrana qarşı apardığı müharibədir.

M.Əhmədnecatın dövründə Ermənistan Vatikanın arxeoloqlarını dəvət edərək İran ərazisində böyük ekspedisiya keçirdilər, reallaşdırdılar. Vatikanı inandıra bildilər ki, bu torpaqlar xristian torpaqlarıdır və daha çox erməni xristianlarına məxsusdur. “Parsaayk” termini var. Urmiya və İranın digər ərazilərinə ermənilərin ərazi iddiası mifologiyasını yaşadandır. İndi ABŞ köməkliyi ilə belə sistemləşdirildi. Şərqi Ermənistan dedikdə həmişə ermənilər Türkiyə ərazisində qalan Ermənistanı başa düşüblər və bunu da bütün Qərb dünyasında təbliğ ediblər. İndi ABŞ bildirir ki, Şərqi Ermənistan İrana aid olmalıdır, Türkiyəyə qarşı ərazi iddiasını dayandır, İrana qarşı ərazi iddiasını reallaşdırır. N.Paşinyanı Ermənistanda ABŞ hakimiyyətə gətirəndə qarşısına tək Rusiyaya qarşı mübarizə aparmağı qoymayıb, İrana qarşı da mübarizə aparmağı qoyubmuş. İndi də proseslər həmin ssenari üzrə hərəkət edir.

Şərqi Ermənistan anlayışı N.Paşinyan və onun ABŞ havadarlarının timsalında Rusiyanı işğalçı göstərmək üçündür. Rusiya adında “Ermənistan” sözü olan ərazini işğal edib. Amma bilirlər ki, “Şərqi Ermənistan” deyilən İrəvan xanlığıdır və o da Türkmənçay müqaviləsinə qədər İran adlanan ərazinin tərkibində olub.

ABŞ-ın Ermənistanda gördüyü hərbi işlər müasir tariximizdə analoqu olmayan işlərdir. Bu işləri Britaniya ilə birlikdə görür. Britaniyanı gətirməkdə məqsədi Azərbaycan və Gürcüstanı arxayın salmaqdır. Çünki Britaniyanın neft infrastrukturu Azərbaycan və Gürcüstanın ərazisindən keçir. Tərkibində ingilislərin olduğu ordu regionumuzda öz infrastrukturlarını vura bilməzlər. Etnik erməniləri gətirir, İranda da etnik ermənilər var. İranlılar Los-Ancelesi Tehranceles adlandırır. Bu gün Kaliforniya ştatının paytaxtında erməniləri yetişdirib, Ermənistana gətirirlərsə, orada çox asanlıqla iranlıları, İrandan köçüb ABŞ-da yaşayan erməniləri də hərbi cəhətdən öyrədib, Ermənistan-İran sərhədinə, oradan da İrana doğru yönəldə bilərlər. Bunu İranda başa düşürlərmi? Əlbəttə, başa düşürlər. İranın siyasətçiləri dar intellektli şəxslərdir və beyinlərinin böyük hissəsini də anti-Azərbaycançılıq tutub.

Ermənistan tərəfindən təhlükə onlar üçün real iynə, daha kobud batıcı alət rolundadır. Sadəcə dözümləri də çoxdur. Çünki fikirləşirlər ki, İran müstəqil dövlət ola bilməyəcək. İran həmişə xarici dövlətlərin təsirinin altında olub. İndi də İranın daxilində baş verənlər onları inandırır ki, İran Çinə, Rusiyaya, ABŞ-a tərəf yıxılmalıdır. İranın elitasında bu sahədə konsensus artıq formalaşıb. İran ABŞ-ın Yaxın Şərq regionunda satrapı olmalıdır. ABŞ nə deyir, ona qulaq asmalıdır. Bu fikirlə də düşünürlər ki, vacib ABŞ Ermənistana gəldikcə Rusiya Ermənistandan uzaqlaşsın. Sonra İran yalvarıb, İrəvan xanlığını özünə qaytara bilər. İki imperiya niyyəti üst-üstə düşür. ABŞ aldanmağa o qədər vərdiş verməyib. Bir-iki belə hadisə ola bilər. İranın bütün tarixi boyu aldanmadığı hadisələrin sayı bir-ikidir, İran aldanmağa vərdiş verib. ABŞ-da bunu bilirlər. Amerika və qalan bütün dünyanın təhlili var. İranın atdığı addımlarda bu aydın görünür ki, İranda bir kəs ABŞ-a deyə bilməz qoşunlarını Ermənistandan çıxart. İran bilmir ki, ABŞ onun başına nə oyun açacaq, RF buna necə reaksiya verəcək. Əksərən İranla əlaqəli mübahisələr olanda İranın ərazisində müxtəlif imperiyaların, güclərin maraqları toqquşanda İran üzərində razılaşmanın modeli var. Bu da sanki tarixin ortalığa qoyduğu modeldir. Həmin xarici qüvvələr İranın daxilinə hərbi güc yerləşdiriblər. I və II dünya müharibəsində də belə olub. İran siyasətçilərinin işi-gücü ancaq oturub Azərbaycanı izləməkdir. Bakının üstündən sərçə uçur, sərçə filan yerdə zılladı. Bunu dəqiq bilir. Çox yaxşı olardı İranın siyasətçiləri İranın siyasətini təhlil etsinlər. Tarixi və bu günü arasında paralel axtarsınlar. İranın baş bilənləri başa düşəcəklər ki, indi hansı qaydada siyasət aparmaq lazımdır. Ermənistanın İrana ərazi iddiası ABŞ və Rusiya qüvvələrinin İranın daxilində konsensus halı yarada bilər. ABŞ Ermənistanla İrana qarşı gördüyü işə Azərbaycanı dəvət edə bilər. ABŞ vaxtilə müsəlman dünyasının iki idarəçiliyini müəyyənləşdirmişdi. Türkiyə bütövlükdə sünni dünyasını idarə etməli idi, şiə dünyasının koordinatoru isə Azərbaycan olmalı idi. Bu planlar da yada düşə bilər. Bunu İranın müasir siyasətçiləri üçün qeyd edirəm. “Əlində tüfəng olan meymun” anlayışı var. ABŞ və Rusiya birdən-birə razılaşa bilərlər ki, İranda bəzi generallar nəinki əlində tüfəng tutan meymun, hətta əlində pulemyot gəzdirən meymun qədər təhlükəlidir və təcili işlər görə bilərlər.

İran Azərbaycanı unutsun, problemlərini aradan qaldırmağa çalışsın. Kömək üçün ən yaxşı ünvan Azərbaycan Respublikasıdır və onun Prezidentidir.

Şərhlər

Yaz...