Tarix: 15.05.2024 / 12:55
Erməni millətçiləri ilə müharibəyə başladım…-  Oqtay Hüseynov

Erməni millətçiləri ilə müharibəyə başladım…- Oqtay Hüseynov

“44 günlük Vətən müharibəsindən 7 il öncə erməni millətçiləri ilə müharibəyə başladım və qalib gəldim”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Moskva Azərbaycan icması”nın rəhbəri, Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov deyib.

O.Hüseynov bildirib ki, bəzən gecələr belə, yatmadan sosial şəbəkələrdə, mediada yazılar dərc edərək erməniləri susdurub:

“Demək olar ki, gecə ilə gündüzü səhv salmışdım. Sosial media hesablarımda, həm başqa dostlarımın dəstəyi ilə ayrı-ayrı səhifələrdə şərhlər yazaraq Azərbaycan həqiqətlərini işıqlandırmağa çalışırdım. Əlimdə olan ən böyük faktım da o idi ki, Qarabağ xanlıq olaraq Rusiyanın tərkibinə daxil edilib. 1805-ci ildə Kürəkçay müqaviləsi ilə xanlığın Rusiyaya daxil olması barədə müqaviləyə hansısa erməni yox, məhz Qarabağ xanı İbrahimxəlil xan imza atıb”.

Müsahibimizin sözlərinə görə, digər bir faktda odur ki, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri ilə məhz Azəbaycan xanlıqları Rusiyaya birləşdirilib:

“Üçüncü önəmli bir fakt da odur ki, müqaviləyə imza atana qədər İbrahimxəlil xanın rəhbərlik etdiyi Qarabağ xanlığı güclü dövlət idi. Güclü olduğu üçün, 10 il öncə Qacar xana qalib gələ bilmişdi. Ağa Məhəmməd şah Qacar Şuşanı 3 ay mühasirədə saxlamasına baxmayaraq, zəbt edə bilməmişdi. Bundan sonra ordu Gürcüstana tərəf hərəkət edərək o vaxtın böyük şəhərlərindən biri olan Tiflisi işğal edib. Bu da o vaxtkı Qarabağ xanlığının dövlətçiliyinin möhkəm olduğunu təsdiq edir”.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Yaz...