Tarix: 06.05.2024 / 09:10
Erməni diasporunun NÜVƏSİ...  -  Qriqoryan kilsələri

Erməni diasporunun NÜVƏSİ... - Qriqoryan kilsələri

Əslində bu mövzuda hər dəfə yazmaq bizim üçün də ağrılıdır. Axı niyə biz hər dəfə düşmənin diaspor hərəkatını bu qədər araşdırmalı, ictimailəşdirməliyik. Təbii ki, bu yazılarımız – araşdırmalarımız heç də səbəbsiz deyil. Biz əsrlərdir dünyada rəqabət şəraitində olduğumuz erməni diaspor təşkilatlarını öyrənmək məcburiyyətindəyik. Nədən ki, düşməni tanımaq onunla mübarizəni daha da asanlaşdırır. Ötən yazılarımızda erməni diasporunun vahid, güclü orqanizm kimi fəaliyyətinin səbəblərinə epizodik də olsa, toxunmuşduq. Hazırda erməni diaspor təşkilatları tərəfindən bizə qarşı intensiv qara PR kampaniyasının aparıldığını, haqsız informativ hücumlar edildiyini nəzərə alaraq, bu institutun formalaşma tarixi və özünəməxsus cəhətləri barədə daha çox məlumata ehtiyac duyulduğunu düşünürük.

Etiraf edək ki, qonşularımız içində ən çox təmasda olduğumuz və obrazlı desək, evimizin içinə qədər buraxdığımız xalqlardan biri ermənilərdir. Tarix boyu dəfələrlə mənfur qonşularımızın xəyanətləri ilə qarşılaşsaq da, dərslərdən nəticə çıxarmamış, yenə onların xain əməllərini unudaraq dinc yanaşı yaşamaq yolunu seçmişik. Onlardan aldığımız zərbələrin əsas səbəblərindən biri də mənfur qonşuları yaxından tanımamağımızdır. Həm bu, həm də yuxarıda qeyd etdiyimiz səbəbdən oxucularımızı şovinist qonşularımızın əsas zərbə qərargahı olan, erməni şovinizminin fitnə yuvalaları – diaspor təşkilatlarından qısa da olsa, bəhs etmək istərdik.

Azərbaycan ermənilərin xarici ölkələrə
kütləvi axın etmədiyi yeganə ölkədir

Ermənilərin diaspor təşkilatlarının formalaşması barədə bilgi əldə etmək üçün əvvəlcə onların köç tarixlərinə nəzər salmaq lazımdır. Tarixdən bildiyimiz kimi, ermənilərin Qafqazda kütləvi məskunlaşması 19-cu əsrin birinci yarısına təsadüf edir. Uzun illər qadaş Türkiyənin Anadolu bölgəsində kompakt şəkildə yaşayan ermənilər Birinci Dünya Müharibəsi illərində qəbul edilən Deportasiya Qanunu ilə də bölgələrindən deportasiya edilmişdi (bu hadisənin tarixinə toxunacağıq). Sözügedən qanundan sonra ermənilər Suriyaya köçürülsə də, hazırda onlar Rusiya və ABŞ kimi ölkələrə üz tutub, bu ölkələrdə fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Əsrlər boyu əsasən Anadoluda məskunlaşan erməni milləti Birinci Dünya Müharibəsindən sonra da müəyyən bir ərazilərə, torpaqlara sahib deyildi. Hələ 1918-ci ildə Osmanlının dəstəyi ilə Qafqazda Ermənistan dövləti yaradılarkən, xaricdə - müxtəlif ölkələrdə yaşayan xeyli erməni vətəndaşı var idi. Yeri gəlmişkən, haşiyə çıxaq ki, Azərbaycan ermənilərin xarici ölkələrə kütləvi axın etmədiyi yeganə ölkədir. Azərbaycan ermənilərinin digər ölkələrdə yaşayan soydaşları kimi xaricə kütləvi mühacirət tarixi yoxdur.


Bu gün Türkiyə ilə dünya erməni təşkilatları, eyni zamanda Ermənistan Respublikası arasında deportasiya qanununa dair mübahisələr hələ də davam edir. Bu mübahisələrdən doğan "etnik təmizləmə" və "genosid" problemi erməni diasporunun iftira gündəliyinin daimi məsələsidir. Bundan əlavə, bu diasporun şər və böhtan maşınının əsas yanacaqlarından biri Ermənistanın imperiya dövlətlərinin təhriki ilə yaratdığı, artıq cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu tərəfindən köklü şəkildə həll olunmuş və bitmiş Qarabağ konfliktidir.

Tarix boyu bir çox xalqlar müxtəlif səbəblərdən öz vətənlərini tərk etsələr də, bəzi xalqlar digərlərindən fərqli olaraq özünə yer tapa bilməmiş və daim bölgələrini dəyişmək məcburiyyətində qalmışlar. Bu onların etnopsixoloji xüsusiyyətidir. Belə xalqların fərdləri daim mühacirətə meyl edir, daha əlverişli mühit və münbit yer axtarışında olurlar. Ermənilər də belə xalqlardandır. Müxtəlif dövlətlərin suverenliyi altında yaşayan və həmişə azlıq təşkil edən ermənilər Avropaya, Asiyaya və Qafqaza köç ediblər.

Ermənilərin arzusu, Osmanlı hakimiyyətinin töhfəsi

İndiki Ermənistan qurulana qədər Osmanlı İmperiyasının hakimiyyəti altında yaşayan ermənilər tarix boyu bir çox dövlətlər görüblər və daimi köçdə olublar. Ermənilər Anadoluda yaşadıqları uzun müddət ərzində heç vaxt tam müstəqil olmamış, 19-cu əsrin ikinci yarısından başlayaraq Avropa dövlətlərinin təşviqi ilə ölkədə iğtişaşlar yaratmağa başlamış, müstəqillik arzularını ifadə etmişlər. Onların sözügedən arzularına uyğun olaraq kompakt yaşadıqları ərazilərdə Osmanlı hakimiyyəti tərəfindən klublar, kitabxanalar, məktəblər açılmışdı. Lakin buna baxmayaraq, ermənilər bu təsisatlardan məkrli məqsədlər üçün - türklüyə və türklərə qarşı nifrət aşılanması üçün istifadə etdilər. Əsasən, erməni patriarxlığı dini vəzifələrini tərk edərək sözügedən təbliğatın lokomotivinə çevrilmişdi. Erməni kilsələri antitürk və antimüsəlman təbliğatının qərargahına çevrilmişdi. Onlara bu məsələdə hərtərəfli dəstək verən Rusiya ermənilərdən istifadə edərək Osmanlı dövlətini daxildən zəiflətmək və beləliklə də Aralıq dənizinə və digər isti dənizlərə enməyi planlayırdı. Böyük Britaniya, Fransa və ABŞ da ermənilərdən o zaman Osmanlı əleyhinə sui-istifadə edirdilər.


Osmanlı İmperiyasının zəiflədiyi və xeyli ərazilər itirdiyi Balkan müharibəsindən sonra erməni birlikləri siyasi fəaliyyətlərini bir az da artırmış və onların quldur dəstələri Şərqi Anadoluda xaos yaratmış, müsəlman kəndlərinə basqın etmişdilər. Osmanlı İmperiyası 1914-cü ildə faktiki olaraq Birinci Dünya Müharibəsinə daxil olduqdan sonra ermənilər basqınlarını davam etdirərək bölgədə davamlı iğtişaşlar yaradırdılar. Erməni silahlı dəstələrinin hakimiyyət əleyhinə qiyamı və dinc müsəlmanlara qarşı törətdiyi soyqırımı Osmanlını qəti addımlar atmağa məcbur etdi. İlk növbədə Deportasiya Qanunu elan olundu və bölgədəki erməni icmaları Osmanlı İmperiyasının müxtəlif bölgələrinə, xüsusilə də Suriya tərəfinə köçdü. Deportasiya qanunu nəticəsində türklərin guya erməniləri qətlə yetirməsinə dair iddiası hələ də erməni diasporunun sayəsində Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edilir. Halbuki, həmin köçlər zamanı Osmanlı idarəçiliyi erməni köçkünlərinə yol boyu və məskunlaşma zamanı xüsusi qayğı göstərilməsi barədə Fərman imzalamışdı. Həmin fərmanın əsli bu günə qədər Osmanlı dövrünə dair arxivdə saxlanılır.

Erməni diasporunun təşəkkülü

Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər xalq olaraq mühacirətə meylli xalqlardandır. Hər hansı bir böhran vəziyyəti çox qısamüddətli olsa belə, bu xalqın fərdləri üçün köç bəhanəsi olub. Bu xalq fitnəkar erməni qrupların xəyanətkar əməllərinə görə dəfələrlə daimi yaşadıqları yerlərdən köçürülüb. Məsələn, tarixən ermənilər Suriya, Ukrayna, Rumıniya, Polşa kimi ölkələrə ya yaşadıqları bölgələrin yaşayış şəraitini yararsız hesab etdikləri üçün köçüblər, ya da məskunlaşdıqları ölkənin suverenliyinə təhdid yaratdıqları üçün sürgün ediliblər.

Kilikiya dövlətinin dağılmasından sonra ermənilər Suriya, İtaliya, Fransa və digər Avropa ölkələrinə köç etməyə başlayıblar. Köç etdikləri həmin məmləkətlərdə onların əsas məşğuliyyəti ticarət olub. Hələ 16-cı əsrdən etibarən, onlar Şərqdə və Qərbdə fəal ticarətlə məşğul olub və erməni diasporunun yayılmasına nəzər saldıqda onların daha çox tarixi İpək Yolu üzərində olduqlarını görmək olur. Getdikləri ölkələrdə ticarət qurumları yaradan ermənilər yaşadıqları ölkələrin iqtisadi vəziyyətində də müəyyən rol oynayıblar. Bunun bir nümunəsini də Osmanlı İmperiyasında görə bilərik. Belə ki, ölkədəki ermənilər Birinci Dünya Müharibəsindən sonra müxtəlif ölkələrə köç etdikdə, onların yaşadıqları bölgələrdə ticarət həyatı zəifləmişdi.
Rusiya İmperiyasının cənub bölgələrində ermənilər Rusiya ilə İran arasında ticarət əlaqələrinin qurulmasında böyük rol oynamışdılar. Çar hakimiyyəti həmsərhəd bölgədə yaşayan başqa xalqlarla müqayisədə ermənilərə daha çox ticari güzəştlər etmiş və imtiyazlar vermişdi. Yeri gəlmişkən, qeyd edək ki, 1800-cü illərin ortalarına doğru indiki Ermənistanın yerləşdiyi bölgənin şərqinə İrandan və Türkiyədən təxminən 150.000 erməni köçürülmüşdü.

Haşiyə: Üç əsas siyasi partiya olan Daşnak, Hınçak və Ramkavar partiyaları erməni diasporlarının yerləşdiyi ölkələrdə öz filiallarını açıb bu şəxslərin antitürk, antimüsəlman nifrətinin alovlandırılmasında müstəsna rol oynamışdılar.


Erməni köçləri 1915-1920-ci illərə qədər davam etmişdi. 1920-ci illərdən sonra müəyyən müddət Sovetlərin idarəçiliyində qalan Ermənistan Sovet hakimiyyətinin süqutundan sonrakı ağır iqtisadi dövrlərdə Rusiya və İranın dəstəyindən başqa, həm də erməni diasporunun böyük maddi yardımları nəticəsində mövcudluğunu qoruyub saxlaya bilmişdi.

Erməni diasporunun fəaliyyət xüsusiyyətləri

Sovet idarəsindən çıxandan sonra erməni diaspor qurumları sırasında artım müşahidə olunurdu. Bu dövrdə xüsusilə ermənilərin ən böyük diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ABŞ və Kanadada onların bu cür yüzlərlə təşkilatı var idi. Bu təşkilatlar təkcə meqapolislərdə deyil, müxtəlif şəhər və qəsəbələrdə də fəaliyyət göstərirdi və fəaliyyətlərini bu gün də davam etdirirlər.

Filialların sayını nəzərə alsaq, bu rəqəm kifayət qədər yüksəkdir. Bəzi mənbələrə görə, ABŞ və Kanadada 1887-ci ildən bu günə kimi ümumilikdə erməni təşkilatlarının sayı kilsələr istisna olmaqla, 1046 civarındadır. Bu rəqəmə 182 erməni kilsəsini də əlavə etdikdə, sayı 1 228 - ə çatır. Erməni diasporunun nüvəsini əsasən erməni Qriqoryan kilsələri təşkil edir. Kilsə əsasən birləşdirici institut rolunu oynayır. Əgər hardasa bir erməni kilsəsi varsa, demək orada erməni diasporu da var.

Ermənistanda da diasporlarla bağlı fəaliyyət göstərən qurum və təşkilatlar var. Bu qurum və təşkilatların ümumi məqsədləri erməni diasporunun yerləşdiyi ölkələrdə öz vətəndaşlarının rahatlığını təmin etmək, problem yarandıqda dəstək vermək, öz mədəniyyətini və millətini unutmalarına mane olmaqdır. Bu qurumların ən mühümü Ermənistandakı Diaspor Nazirliyidir.

Diaspora.TV-nin
Analitik Qrupu


Şərhlər

Yaz...