Tarix: 20.05.2024 / 09:06
Erməni diasporu   - Ermənistan münasibətləri

Erməni diasporu - Ermənistan münasibətləri

Ermənilər tarixən yaşadıqları ərazilərdə ən yüksək səviyyədə qayğı ilə əhatə olunmalarına baxmayaraq, müxtəlif xarici güclərin təsiri ilə təəbələri olduqları hakimiyyətlərə xəyanət etmiş, dövlətlərin suverenliyinə təhdidə çevrilmişlər. Onlar, əvvəllər xarici güclərin alətinə çevrilmiş Qriqoryan kilsəsinin, sonralar isə erməni diasporunun təlqinləri ilə daim separatçılığa meylli davranışlar sərgiləyərək özlərinə problemlər yaratmışlar. Bu vəziyyət indi də müşahidə edilir. 1989-cu ildən başlayaraq xaricdəki erməni təşkilatlarının təşəbbüsü və hərtərəfli yardımları ilə azərbaycanlılara qarşı genişmiqyaslı separatçı və terrorçu planlar reallaşdıran erməni faşizmi tarixi zərbəni Müzzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirlmiş "Dəmir yumruq" əməliyyatı nəticəsində aldı. Ermənistandakı bəzi çevrələr bu dərsdən nəticə çıxarmağa meylli görünür, hətta real addımlar da atmaq əzmindədirlər. Lakin xəstə təfəkkürlü erməni diasporunun təsiri altında olan erməni şovinizmi hakimiyyətə təzyiq edərək bölgədə sülhün bərqərar olmasına maneçilik törədirlər. Məsələn, mayın 17-də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərlə söhbətində deyib ki, müxtəlif diaspor nümayəndələri “Vətən Uğrunda” hərəkatına dəstək və köməkliklərini bildiriblər.

Beləliklə, erməni diasporunun Ermənistan hakimiyyəti və cəmiyyəti üzərində təsirini öyrənmək üçün erməni diasporu - Ermənistan dövləti münasibətləri tarixinə qısa ekskurs etməyi zəruri hesab edirik. Bu münasibətlərin tarixinə qısa nəzər salmazdan öncə, kiçik bir nüansa diqqət çəkmək istərdik.

Erməni diasporu öz mövcudluğunu saxlamaq üçün erməni toplumlarını daima alət kimi istifadə etdiyi "Böyük Ermənistan" xülyası, əfsanəvi milli hadisələr, uydurma milli qəhrəmanlar kimi elementlərlə "zəhərləyir".

Ermənilər tarixin müxtəlif dönəmlərində öz köçləri ilə ilk diaspor xalqlarından birinə çevrilməyə başlayıblar. Etnopsixoloji xüsusiyyətlərinə görə, köçməyə, mühacirətə meylli olan ermənilər istər ticarət üçün, istər yaşadıqları yerlərdə hökm sürən böhranları bəhanə edərək zaman-zaman köç ediblər. Yuxarıda qeyd etdiyimiz kimi, separatist və dağıdıcı davranışlarından yana sürgün edildikləri zaman isə qarşılaşdıqları hüquqi prosedurları dünya ictimaiyyətinə "məzlumların zülmə məruz qalması", hətta bəzi məqamlarda "soyqırımı" kimi təqdim ediblər. Kiçik Asiya və Qafqazlarda öz məkrli niyyətlərini həyata keçirmək istəyən imperialist güclər isə onlardan öz məqsədləri üçün istifadə etmək üçün bu məsələdə erməni saxtakarlığına dəstək veriblər. Erməni diasporunun güclənməsində bir tərəfdən erməni xalqına xas olan təşkilatlanma və birləşmə qabiliyyəti (Qriqoryan kilsəsinin davamlı təqlinləri və təsiri bu xüsusiyyətin formalaşmasında əsas amil olub), digər tərəfdən isə imperialist dövlətlərin xüsusi xidmət orqanları tərəfindən verilən ciddi dəstək də böyük rol oynayıb.

Siyasi münasibətlər

1918-ci idə Qafqazda ermənilərin Azərbaycan torpaqları hesabına ilk dövlətləri yaradılanda, artıq erməni diaspor hərəkatı mövcud idi və müəyyən güc toplaya bilmişdi.

Diaspor erməniləri ilə Ermənistan arasında münasibətlər Ermənistan Demokratik Respublikasının yaradılmasının elan edilməsi ilə başlayıb. Bildiyimiz kimi, bu erməni dövlətinin ömrü çox qısa olub. SSRİ tərkibində fəaliyyət göstərən Ermənistan SSRİ-də gizli şəkildə diaspordan müəyyən dəstək alıb. 1980-ci illərin sonunda sovetlərin parçalanma prosesinə girdiyi vaxtdan bu dəstək intensivləşməyə başlayıb. Təsadüfi deyil ki, Qarabağın Ermənistana birləşdirilməsi kimi xəstə təxəyyülün məhsulu olan təşəbbüs ilk dəfə erməni diasporunun çox güclü olduğu xarici ölkələrin birində - Fransada irəli sürülmüşdü. SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun müşaviri olmuş akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinin 1987-ci il noyabrın 18-də dərc olunmuş sayında çıxan müsahibəsində Qarabağın Azərbaycandan çox Ermənistana bağlı olduğunu bəyan etmişdi. Bundan sonra Xankəndiyə dünyanın müxtəlif yerlərindən erməni diasporunun nümayəndələri, o cümlədən, Livandan beynəlxalq miqyaslı terrorçu olan Monte Melkonyan kimi cinayətkarlar gəlib-getməyə başlamışdılar.



1991-ci ilin sentyabrında Ermənistanın müstəqilliyi elan edildikdən sonra erməni diasporu tərəfindən yardımlar daha da güclənmişdi.

Bu dövlət yaradıldığı ilk dövrlərdən onun Türkiyə ilə münasibət qurmasının qarşısı erməni faşistlərindən ibarət diaspor təşkilatları və erməni kilsəsinin təzyiqi ilə əngəllənmişdi. Bu faktın özü erməni diasporunun Ermənistan hakimiyyətinə və cəmiyyətinə təsir gücünü təsəvvür etməyə imkan verir.

1991-ci ilin sentyabrından başlayan, mərkəzi Dağlıq Qarabağ olan Ermənistan-Azərbaycan münaqişəsi erməni diasporu və Ermənistan tərəfdaşlığının inkişafında mühüm dönüş nöqtəsi hesab oluna bilər. Erməni diasporu ermənilərə bu münaqişə fonunda maliyyə yardımından tutmuş muzdlu döyüşçü göndərilməsinə qədər hərtərəfli dəstək verirdilər.

Onlar bütün Ermənistanın tək olmadığını bildirərək dünyaya səpələnmiş soydaşlarını maddi və mənəvi dəstək verməyə çağırırdılar. Erməni diaspor təşkilatları bütün dünya ermənilərinin və lobbi təşkilatlarının cəlb edildiyi böyük beynəlxalq səviyyəli yardım marafonları təşkil edirdilər. Yardım kampaniyalarının təşkilində məqsəd təkcə Ermənistan və Qarabağ ermənilərinə maliyyə yardımı toplamaq deyil, əsasən, "məzlum" ermənilərin "dərdlərinə" diqqət çəkmək idi. Onlar yaşadıqları ölkələrdəki digər insanları "məzlum xalqı" dəstəkləməyə dəvət edirdilər.

Ermənilərin aparıcı diaspor təşkilatlarından biri Amerika Erməni Assambleyası (AEA) məqsədini "təkcə Ermənistanı və Dağlıq Qarabağı yaşatmaq deyil, həm də inkişaf etdirmək" kimi müəyyən etmişdi. Digər diaspor təşkilatı - Erməni Ümumi Xeyirxah Birliyi (AGBU) də eyni məqsədə xidmət etdiyini bildirmişdi. Onların hər biri Ermənistanda və Dağlıq Qarabağda fəaliyyət göstərmək üçün ofis açmışdılar. Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Assambleyası ABŞ Konqresində Dağlıq Qarabağın müstəqilliyi və regiona yardımın artırılması üçün intensiv lobbiçilik fəaliyyəti həyata keçirirdilər. Diaspordakı Daşnaksütyun (Erməni İnqilabi Federasiyası (ARF)) üzvləri Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması üçün başlanılan prosesdə birbaşa iştirak edirdilər. Daşnaklar ABŞ-ın Kaliforniya ştatından və Fransadan da müharibənin ön cəbhəsinə yardımlar göndərirdilər.

Erməni diaspor təşkilatları fövqəldövlətlərin hökumətləri və ali qanunverici orqanlarında da Azərbaycan əleyhinə davamlı fəaliyyət göstərərək Ermənistan diplomatiyasına güclü dəstək verirdilər. Nümunə kimi, 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” Akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi xatırlamaq yerinə düşər.

Eyni zamanda, erməni diasporu Azərbaycanı, həmçinin Ermənistan-Azərbaycan konfliktində münaqişə tərəfi hesab etdikləri Türkiyəni beynəlxalq aləmdən təcrid etmək üçün təkcə fəaliyyət göstərdikləri ölkələrin hakimiyyətləri ilə deyil, beynəlxalq təşkilalarla da iş aparırlar. Erməni diasporunun təmsilçiləri Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Parlamentinin alt komitələrində, Ümumdünya Kilsələr Şurasında və İnsan Hüquqları Assosiasiyası kimi beynəlxalq təşkilatlarda qondarma soyqırımı iddialarını təsdiqlədə bilmişdilər. Argentina, Almaniya, Belçika, Çili, Cənubi Kipr, Fransa, Litva, İtaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Vatikan, Venesuela, Hollandiya, Livan və ABŞ-ın 41 əyalətində də oxşar qərarlar qəbul etdiriblər. Bundan əlavə, lobbiçilik fəaliyyəti həyata keçirən təşkilatlardan biri olan ANCA uzun illər Türkiyənin ABŞ ilə əlaqələrini və aldığı silah yardımını dayandırmağa çalışmışdı.

2020-ci ildə Azərbacyan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin etmək məqsədilə əməliyyatlara başlayan zaman da erməni diasporu Ermənistana hərtərəfli dəstək göstərdi. Hazırda Respublikamızın suverenliyi tam təmin edilsə də, erməni faşizmi yenə də məkrli niyyətlərindən əl çəkməyərək münaqişəni yenidən alovlandrmaq məqsədilə Ermənistan hakimiyyətinə və cəmiyyətinə müxtəlif səpkili təzyiqlər edirlər.


İqtisadi münasibətlər

Maddi yardımlaşma, ehtiyacı olan soydaşlarına kömək göstərilməsi erməni icmaları daxilində uzun illərdən bəri daşlaşmış imperativ qaydalardan biridir. Əvvəllər Qriqoryan kilsəsinin və erməni din xadimlərinin təbliğatı və təşkilatçılığı ilə tətbiq olunan bu qaydalar artıq diaspor təşkilatlarının riayət etdiyi vazkeçilməz doqmalardandır.

Erməni diaspor təşkilatları xaricdə təhsil alan və işləyən erməni gənclərinin demək olar ki, bütün problemlərini həll edirlər. Ermənistan vətəndaşı olan hər bir gənc xaricdə təhsil almağa gedirsə, erməni diasporunun himayəsində olacağından tam arxayındır.

Xaricdəki erməni təşkilatlarının Ermənistandakı soydaşlarına ən ciddi yardımları 1988-ci il dekabrın 7-də baş vermiş zəlzələ zamanı başlamışdı. Onlar Ermənistana yardım üçün müxtəlif kampaniyalar təşkil etmişdilər. Erməni Ümumi Xeyriyyə Birliyinin (AGBU), Amerika Erməni Assambleyasının (AAA) təşəbbüsləri və yardımları ilə, Amerika Erməni Missionerləri Assosiasiyası (AMAA), Ermənilərə Yardım Cəmiyyəti (ARF), Amerika Erməni Kilsəsinin Yeparxiyası, Amerika Erməni Apostol Kilsəsi, Prelacy və Lincy Fondu Birləşmiş Erməni Fondunu (UAF) yaratmaq üçün birləşmişdi. Bu fond vasitəsilə Ermənistana 500 milyon dollar bağışlanmışdı.

O zaman diasporda mövcudluğunu davam etdirən Daşnak, Hınçak və Ramqavar partiyaları da Ermənistana kömək etmişdilər. Ermənistana yardım üçün hərəkətə keçən təşkilatlardan biri də "Bütün Ermənistan" Fondu olmuşdu. Ermənistanda fəaliyyət göstərən bu fondun 32 ölkədə filialları var. Bu fond vasitəsilə 2006-cı ilə qədər 165 milyon dollardan çox yardım toplanmışdı.

1988-ci il zəlzələsindən sonra ABŞ Konqresinin təsdiq etdiyi layihələr üzrə Ermənistana ayrılan maliyyə demək olar ki, ildən-ilə artır.

Diaspor erməniləri Ermənistanın iqtisadi inkişafına da kömək göstəriblər. Ermənistanda diaspor ermənilərinin dəstəyi ilə 2005-ci və 2006-cı illərdə 10% civarında olan Ümumi Milli Məhsul 13-14% artıb. Ölkədə yoxsulluğun səviyyəsi 55%-dən 30%-ə düşüb.

Erməni diasporu Ermənistana birbaşa və ya dolayısı ilə iqtisadi yardım göstərməklə kifayətlənmir. O, Azərbaycana qarşı lobbiçilik edərək, Azərbaycanı zəiflətmək üçün qərarlar qəbul etməyə çalışaraq Ermənistanın regiondakı rəqibini üstələməsinə çalışır. Bir daha xatırladaq ki, bunun ən bariz nümunəsi məlum "907-ci" düzəlişdir ki, 1992-2001-ci illərdə ABŞ Azərbaycana texniki və maliyyə yardımını məhdudlaşdırmışdı.

Diaspor erməniləri Ermənistan və Dağlıq Qarabağın 2020-ci ilə qədər inkişafı üçün ciddi səylər göstəriblər. Sosial və mədəni xidmətlərin inkişafı, məktəblərin təmiri, yolların saxlanması kimi müxtəlif sahələrə milyonlarla dollar xərclənib.

Ermənistan dövlətinin özü də ölkəni iqtisadi cəhətdən canlandırmaq üçün ölkədən kənarda müxtəlif təşkilatlar yaradır. Bu kontekstdə Diaspora Nazirliyinin 2009-cu ildə başlatdığı "Ari Tun" (Evə qayıt) layihəsi diaspor erməniləri ilə Ermənistanın yaxınlaşmasına yönəlib. Bu, mühüm addımdır - Layihə çərçivəsində 2016-cı ildə Ermənistandan kənarda olan 162 nəfər erməni 128 erməni ailəsində yerləşdirilib (Armİnfo, 2016). Diaspor təşkilatlarının Ermənistana təşkil etdiyi səfərlər diaspor erməniləri ilə Ermənistan arasında emosional körpülər yaratmaqla yanaşı, həm də ölkəyə iqtisadi töhfə verir (Piligian, 2021).

Əlbəttə ki, kilsənin vasitəsilə reallaşdırılan layihələr də öz yerində.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...