Tarix: 31.05.2024 / 08:46
Erməni diasporu ayaqda,  iqtisadi güc işə salınır...

Erməni diasporu ayaqda, iqtisadi güc işə salınır...

Erməni mediasında tirajlanan bir xəbər "Diaspora TV" Analitik Qrupu olaraq diqqətimizi çəkməyə bilməzdi. Xəbərdə bildirilirdi ki, mayın 25-də Moskvada "Ermənistan Biznes Forumu 2024" tədbiri keçirilib və forum rus və erməni sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi üçün əsas biznes platformasına çevrilib. Tədbir "Taşir" Şirkətlər Qrupunun dəstəyi ilə Ermənistan İş Adamları Assosiasiyası tərəfindən təşkil olunub. Forumda Ermənistan və Rusiyadan 400-dən çox iş adamı, o cümlədən həm iri biznes, həm də kiçik və orta biznes nümayəndələri iştirak edib.

"Taşir" Şirkətlər Qrupunun və Ermənistan İş Adamları Assosiasiyasının sədri Samvel Karapetyan forumun açılışındakı çıxışında Rusiya ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsinin çox vacib olduğunu vurğulayıb:

"Rusiya tarixən Ermənistanın əsas iqtisadi tərəfdaşı olub. Bizim erməni biznes ictimaiyyəti olaraq vəzifəmiz bu əlaqələri qorumaq və genişləndirməkdir. Gəlin birləşək və ölkələrimiz arasında əlaqələrin səmərəli inkişafı üçün "körpü" olaq”.

Tədbirdə həmçinin, diqqətə alınası siyasi mesajlar da verilib:

"Bu gün Ermənistan üçün müxtəlif maraqlı ölkələrin siyasi həllinə boyun əyməmək həmişəkindən daha vacibdir. Hesab edirəm ki, bu hərəkətlər Ermənistanın iqtisadi təhlükəsizliyinə birbaşa təhdiddir. Hər kəsi bu cür addımların nəticələrini ayıq şəkildə qiymətləndirməyə çağırıram. Heç bir xarici vəziyyət Ermənistan-Rusiya əməkdaşlığının iştirakçıları arasında tərəfdaşlıq və əməkdaşlığın inkişafına mane ola bilməz və olmamalıdır. Bunda isə məncə, hər birimizin məsuliyyəti önəmlidir".

Lakin bizim "Diaspora TV" Analitik Qrup olaraq marağımızı çəkən məqam siyasi mesajlardan çox, Rusiyadakı erməni diasporunun, o cümlədən bu böyük ictimai-siyasi, mədəni-iqtisadi "orqanizmin" aorta damarı olan biznes çevrələridir. Dünyanın hər yerində erməni iş adamları diasporları üçün bu funksiyanı könüllü olaraq, danışıqsız və sevə-sevə yerinə yetirirlər. Hətta diaspora yardımı, xaricdəki soydaşlarına və vətənə dəstəyi özləri üçün müqəddəs vəzifə sayırlar. Onların ümdə vəzifələrindən biri də təkcə yaşadıqları ölkələrin dövlət və siyasi dairələrinin deyil, həm də biznes çevrələrinin diqqətini ölkələrinə çəkmək və milli mənafelər üçün istifadə etməkdir.

Göründüyü kimi, yuxarıda xəbəri təqdim olunan tədbir ictimaiyyətə müştərək biznes forum kimi servis edilsə də da toplantının əsl mahiyyəti Rusiyadakı iş adamlarının, xüsusən erməni əsilli biznesmenlərin və maraqlı iqtisadi layihələrin Ermənistana cəlb edilməsidir. Bu cür tədbirlər əslində təkcə xaricdəki iş adamlarının deyil, biznes həyatına yeni atılmış digər diaspor fəallarının da mənsub olduqları ölkənin iqtisadi inkişafı üçün investisiya qoyulmasına təşviq edilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malikdir. Bəyənmədiyimiz erməni diasporları bu cür tədbirləri mütəmadi keçirir və həm xaricdəki önəmli dostlarının sayını artırır, həm də ölkələrinə daha çox sərmayə cəlb olunmasına nail olurlar. Hətta iş adamlarının fəal iştirakı ilə dünya erməniləri arasında Ermənistana yardım üçün telemarafonlar da təşkil edirlər.

Yeri gəlmişkən, qeyd edək ki, mühacirətdəki biznes adamlarının diaspor təşkilatlarının vasitəsilə yuxarıda qeyd olunan təşəbbüslərə cəlb edilməsi də ermənilərin öz ağlının məhsulu deyil. Yəhudilərin bu cür təşəbbüslərinin tarixi az qala, diasporlarının yaşı qədərdir.

Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, biz hələ bu cür tədbirləri davamlı təşkil edib, diqqəti çəkən nəticələr əldə edə bilmirik. Bir neçə istisna nəzərə alınmazsa, bizim xaricdəki iş adamlarımız nəinki xarici investisiya cəlb etmək üçün, heç özləri bir yerə toplanaraq Vətənin iqtisadi inkişafına dəstəkdən ötrü toplantı keçirə bilmirlər. Görəsən niyə?

Əvvəla, bu cür təşəbbüslərin alınmaması və toplantıların təşkil edilməməsinin səbəblərindən danışarkən, ilk növbədə obyektiv amillər önə çəkilməlidir. Birinci səbəb diasporumuzun gəncliyi və zəifliyidir. İkinci səbəb hələ də vahid millət kimi formalaşma prosesinin başa çatmaması və bu üzdən kapital sahiblərinin əksəriyyətində milli təəssüb (oxu: milli qeyrət) hissinin zəifliyi, yaxud da heç olmamasıdır. Xaricdə yaşayan bir sıra azərbaycanlı ticarət adamlarının ermənilərlə heç nəyə məhəl qoymadan canbir dostluğunu unutmadıq.

Qeyd etdiyimiz vacib təşəbbüslərin reallaşması qarşısındakı ciddi səbəblər arasında əlbəttə ki, subyektiv amillər də var. Bu amillər arasında diasporla iş sahəsinə məsul olan bəzi məmurların öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsidir. Apardığımız sorğuların nəticələri və müşahidələrimiz bu iddianı qətiyyətlə irəli sürməmizə əsas verir. Xaricdəki soydaşlarımıza münasibətdə ayrı-seçkiliyə yol verilirsə, ancaq şəxsi münasibətlərə görə əməkdaşlıq edilirsə, bu da əlbəttə ki, qəriblikdə yaşayan həssas insanları incik salır.

Çox uzağa getməyək - yanvar ayının sonunda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətimizə diaspor fəaliyyətinin gücləndirilməsi ilə bağlı çoxmaddəlik təkliflər paketi təqdim etmişdi. Həmin təkliflər arasında xaricdəki iş adamlarımıza Vətənə investisiya qoymalarından ötrü ayrıca güzəştlər tətbiq edilməsi də təklif olunurdu. Lakin bu günə kimi bu sahəyə cavabdeh qurumdan reaksiya yoxdur. Halbuki, bu təkliflər ümumilikdə Azərbaycan diasporunun inkişafı, Diaspor-Dövlət münasibətlərinin daha da sıxlaşdırılması məqsədilə verilmişdi.

P.S. Qeyd edək ki, İqisadiyyat Nazirliyi tərəfindən xaricdə, xüsusən də inkişaf etmiş və nüfuzlu ölkələrdə əhəmiyyətli biznes-forumlar keçirilir və diqqətəlayiq nəticələr əldə edilir. Lakin həmin tədbirlər xaricdəki icmalarımızın aktivləşdirilməsinə yönəlik layihə deyil. Yaxşı olardı ki, Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi xaricdəki iş adamlarımızı başına yığaraq bu istiaqamətdə məsləhətləşmələr aparsın. Güman edirik ki, bu təşəbbüs həm diasporumuzun güclənməsinə, həm də ölkəmizin çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcək.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...