Tarix: 18.09.2024 / 13:09
Erməni diasporu aktivləşir... - Azərbaycan diasporu    nə etməli?

Erməni diasporu aktivləşir... - Azərbaycan diasporu nə etməli?

ABŞ-da erməni diasporu Qarabağla bağlı növbəti təxribata hazırlaşır. Sentyabrın 19-da ermənipərəst konqresmenlər Kristofer Smit və Ceyms MakQovernin həmsədrliyi ilə Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək.

Amerika Erməni Komitəsi (ANCA) tərəfindən dəstəklənən dinləmələrdə əsas müzakirə mövzusu “Hərbi əsirlərin və siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ” olacaq.

Biz görürük ki, Ermənistan Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsinin “Dağlıq Qarabağ” etabı bitsə də, iki ölkə arasında sülh danışıqları başlasa da delimitasiya, demarkasiya görüşləri keçirilsə də erməni disaporu və lobbisi aktiv şəkildə fəaliyyətini davam etdirir. Xüsusilə Amerika Erməni Komitəsi (ANCA) silsilə tədbirlər keçirir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa da aktiv müharibələr artıq dayanıb. Lakin bu bizi passivləşdirə bilməz. Xüsusilə indiki zamanda erməni lobbisi və diasporu ilə mübarizəmiz səngiməməlidir. Çünki lobbi və diaspora erməni dövlətindən daha qədim və köklü siyasi sistemə sahibdir.

Bu işdə yenə ən böyük pay Azərbaycan diasporunun üzərinə düşür. Diasporumuz passivləşməməli, əksinə daha aktiv olmalıdır. Baxın Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ kimi məsələlər ABŞ-da gündəmə gətirilir. Halbuki Azərbaycan nə Qarabağ ermənilərini zorla qovub, nə onların mədəni abidələrinə zərər vurub, nə də onların geri qayıtmaq hüququnu əllərindən alıb. Bütün bunları biz bilirik, amma nə Qərbdəkilər, nə də ABŞ-dakılar bilmir.

Bu məsələ ilə bağlı diasporumuz aktiv olmalı, işləri intensivləşdirməlidir. Müharibə bitdi deyib passivləşmək olmaz. İnformasiya müharibəsi davam edir. Ermənistan dövlətini cəbhədə, hətta diplomatik masada məğlub etmək asandır. Erməni diasporunu məğlub etmək isə elə də asan deyil. Ona görə mübarizəmiz davam etməlidir.

Xüsusi olaraq Diaspora.TV üçün

Turan Rzayev
Politoloq







Şərhlər

Yaz...