Tarix: 22.11.2024 / 10:45
Ərkivandan Uzaq Şərqə gedən azərbaycanlının... –    Uğur hekayəsi

Ərkivandan Uzaq Şərqə gedən azərbaycanlının... – Uğur hekayəsi

Hər xalqın fəxr mənbəyi hesab etdiyi tarixi şəxsiyyətləri ilə yanaşı, onunla eyni çağda yaşayan, varlığı ilə qürrələndiyi, böyük bir elin, millətin qürur qaynağına çevrilmiş övladları da olur. Belə şəxslər hələ sağlığında öz dövrünün yaşayan əfsanəsinə çevrilirlər. Hələ bu cür şəxsiyyətlər xaricdə yaşayırsa və fəaliyyət göstərdiyi ölkədə böyük nüfuz qazanıb şöhrət sahibi olursa, bu, həm də onun mənsub olduğu xalqın dəyərini artırır. Yaşayan əfsanəyə çevrilmiş belə böyük azərbaycanlılardan biri də Rusiya Federasiyasının Yəhudi Muxtar Vilayətində yaşayan nüfuzlu iş adamı Hikmət Əliheydər oğlu Məmmədovdur.



Ədalət naminə qeyd edək ki, Hikmət Məmmədov təkcə biz azərbaycanlıların deyil, yaşadığı və fəaliyyət göstərdiyi vilayət sakinlərinin də fəxr yeridir. Vilayətdə sadə insanlardan tutmuş tanınmış sənət və elm adamlarına, ictimai-siyasi xadimlərə qədər hamı onun adını böyük məhəbbət və hörmətlə çəkir. Vilayətin sakinləri onun adını yerli TV-lərdən eşidəndə, fəaliyyəti barədə hansısa internet portalından oxuyanda fəxrlə “bizim yerlimizdir” deyirlər.



Yəhudi Muxtar Vilayətində böyük biznes şəbəkəsi quraraq minlərlə insan üçün iş yeri açmış Hikmət Məmmədov həm də təmənnasız xeyriyyəçilik fəaliyyəti, mesenatlığı ilə insanların məhəbbətini qazanıb. Xeyirxahlığı özünün həyat amalı sayan soydaşımız rəhbərlik etdiyi və minlərlə insanın çalışdığı müəssisələrində hər bir işçinin qayğısına qalır, dərdinə şərik olur. Bunu biz demirik, onu tanıyanların Rusiya mediasına verdiyi müsahibələrdən oxuyuruq. Vilayət üçün, orada yaşayan imkansız insanlar üçün etdikləri isə saya-hesaba gəlməz. Həmkarlarından biri Mixail Yurkin (“Yəhudi Muxtar Vilayətinin İnvestisiya Agentliyi” Qeyri-Kommersiya Təşkilatı Fondunun Baş Direktoru) Rusiya mediasına verdiyi müsahibələrinin birində həmyerlimiz haqqında demişdi ki, xeyirxahlıq onun qanındadır… Tam dəqiq ifadə olunub. Çünki tanışlarının dediyinə görə, o, hələ böyük iş adamı olmamışdan əvvəl də ehtiyacı olanlara yardımını əsirgəmirmiş. ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın “Biz hər kəsə yardım edə bilmərik, amma hər kəs kiməsə əl tuta bilər” sözləri onun sevdiyi aforizmlərdəndir.



İmanlı bir ailədə tərbiyə almış, Allahını sevən, İslam böyüklərinə ehtiramı ilə seçilən bir eldə böyüyüb boya-başa çatmış Hikmət Məmmədovun devizi isə Həzrət Əlinin “Yaxşılıq etmək, məzluma kömək etmək və qonaqpərvərlik sərvərlik vasitələridir” kəlamıdır.

Vilayət parlamentinin sədri Roman Boyko isə mediaya verdiyi müsahibələrinin birində Hikmət Məmmədov haqqında bunları deyir:

“...Hər yerdə insanlar ondan sonsuz razılıqlarını bildirirlər...”

Muxtar Vilayətin inkişafının zənginləşməsində Hikmət Məmmədovun rolunu sadə vətəndaşlar da çox yüksək qiymətləndirirlər. Sosial əhəmiyyətli obyektlərin tikintisi və inkişafı, vilayətin büdcəsinə çoxmilyonluq ayırmalar, mədəni və idman yarışlarına fəal sponsorluq sadə vətəndaşın diqqətindən kənarda qalmır. Muxtariyyətin rəhbərliyi bu saleh azərbaycanlının xeyirli əməllərinə görə sakinlərdən minlərlə məktub alır.


Məhz bu əvəzsiz xidmətlərinin nəticəsidir ki, seçicilər ona böyük etimad göstərərək Vilayət parlamentinin deputatı seçiblər.

Məhz bu fəaliyyətin nəticəsidir ki, soydaşımız dəfələrlə Vilayət rəhbərliyi tərəfindən müxtəlif təltiflərə layiq görülüb, təşəkkürnamələr alıb. Hətta 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. İki dəfə Rusiya Federal Məclisinin Federasiya Şurasının fəxri Fərmanına və “Parlamentarizmin inkişafına verdiyi töhfəyə görə" döş nişanına layiq görülüb, RF Kənd Təsərrüfatı Nazirliyinin yüksək mükafatını alıb.



Hikmət Məmmədovun doğulduğu və böyüyüb-başa çatdığı Masallı rayonunun Ərkivan qəsəbəsindən Rusiyada və dünyanın müxtəlif yerlərində kifayət qədər imkanlı şəxslər var. Onların çox az bir hissəsi Ərkivanı diqqətdə saxlayır, qəsəbənin sosial-mədəni inkişafına dəstək olurlar. Hikmət Məmmədov da öz dogma el-obasını heç vaxt unutmur, köməyini əsirgəmir. O, dünyaya göz açdığı Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində yardıma ehtiyacı olan insanlara hər ay diqqət göstərir, bəzi xəstələrin müalicəsinə kömək edir. Həmçinin, orta təhsil aldığı Ərkivan qəsəbəsinin Həsənəküçə məktəbinə daimi yardımlar edir, onun təmirinə vaxtı – vaxtına vəsait ayırır.



Hikmət Məmmədovun sinif yoldaşı Hacı Cəsarət Qasımov deyir ki, Hikmət Məmmədov digər imkanlı ərkivanlılardan çox fərqlidir:

“Qəsəbədə yolların təmirinə, işqılandırılmasına maddi dəstək göstərib. Məhəllədəki məscidi təmir etdirib, əhalinin pulsuz istifadəsi üçün 700 nəfərlik Mərasim evi tikdirib. Hazırda Mərasim evinin qarşısında yaşlı insanların istirahəti üçün Çay Evi tikdirir. Hər il Qurban bayramında 100-dək ailəyə sovqat paylayır. Məhəllədə xəstə insanlara davamlı yardım edir. Şəxsən mənim bildiyimə görə, bir neçə imkansız ailəni himayəsinə götürüb, hər ay onlara maddi yardım göndərir. Təkcə cari tədris ilində 1-ci sinifə gedən 30-35 uşağa məktəb çantsı və digər dərs ləvazimatları hədiyyə edib. Mədəniyyətimizə dair bir çox kitabların çap olunmasına sponsorluq edib. Əlbəttə, bütün bunlar Hikmətin gördüyü işlərin çox az bir hissəsidir”.



Görkəmli soydaşımızın uğur hekayəsinin də oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq onun barəsidə qısa arayışı təqdim etmək istərdik…

Hikmət Məmmədov 22 noyabr 1971-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində sadə bir azərbaycanlı ailəsində anadan olub. 1988-ci ildə orta məktəbi bitirib Moskvada ali təhsil alan qardaşının yanına gedərək orada peşə təhsili alıb. Sonra hərbi xidmət illəri, yenidən Moskvaya qayıdış... Moskvaya qayıdışı dərin böhranın hökm sürdüyü 90-cı illərə təsadüf edir. Belə çətin dövrdə nəinki bizneslə məşğul olmaq, hətta dolanışıq belə, böyük bir problem idi. Xüsusən də Rusiyada yaşayan qafqazlılar üçün...

Lakin istedad hər yerdə özünü göstərir, zəka məkanından asılı olmayaraq özünü mütləq harada olursa - olsun, büruzə verir. Dünyaca məşhur biznesmen və maliyyə məsləhətçisi Robert Kiyosati deyir ki, əsl biznesmenin digər adamlardan fərqi onun fürsətləri hiss etmək, görmək istedadıdır. Bu istedad zəhmət və intellekt hesabına cilalandıqda meydana çox böyük işlər çıxır.

Gənc Hikmət Məmmədov da məzuniyyət dövründə Xabarovskda yaşayan böyük qardaşının yanına tətilə gəldiyi zaman bu fürsətləri görür. Əvvəlcə, kiçik bir mağaza, sonar mağazalar zənciri, ət-kolbasa kombinatı, daha sonar çörək zavodu… Sonrakı illərdə də daha nələr, nələr…



Fəxr hissi ilə qeyd edək ki, onun adı məşhur “Forbes” nəşrinə düşən iş admları sırasındadır.

Hikmət Məmmədovun çox qısa şəkildə təqdim etdiyimiz bu uğur hekayəsinin hər cümləsinin arxasında qəhrəmanımızın fövqəladə fitri istedadı, dərin zəkası və intellekti, illərin zəhməti dayanır. Lakin bu illərin yükü və ağır zəhmət həmyerlimizi yormayıb, əksinə, əldə etdiyi uğurlu nəticələr onu daha böyük nailiyyətlərə, xeyirxah işlərə həvəsləndirib.

Diaspora.TV-nin də bu günlərdə xəbər verdiyi kimi ki, Hikmət Məmmədov bir neçə gün əvvəl Muxtar Vilayət parlamentinin qərarı ilə “Yəhudi Muxtar Vilayətinin fəxri vətəndaşı” fəxri adına layiq görülüb. Hikmət Məmmədovun uğur hekayəsini mükafatın təqdimetmə mərasimində regional parlamentin sədri Roman Boyko tərəfindən səsləndirilmiş fikirlə yekunlaşdırırıq:

“Həmkarımız Hikmət Əliheydər oğlu Məmmədov Yəhudi Muxtar Vilayətində və Uzaq Şərqdə sahibkarlığın inkişafı üçün çoxlu işlər görüb. O, təkcə ən böyük ticarət evinin yaradıcısı deyil, həm də tanınmış xeyriyyəçidir”.



Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...