Tarix: 22.10.2024 / 09:00
Diaspora.TV xaricdə yaşayan azərbaycanlılar üçün nə edə bilər?   - TƏKLİF

Diaspora.TV xaricdə yaşayan azərbaycanlılar üçün nə edə bilər? - TƏKLİF

“Diaspordan söhbət gedirsə, xaricdə yaşayan azərbaycanlılar Ana vətənlə bağlı ən mühüm məlumatları, təhlilləri görmək istəyərlər. Çünki istər-istəməz onların olduqları ölkədə Azərbaycanla bağlı informasiya yetərli olmaya bilər”.

Bu sözləri Diaspora.TV-yə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət xaricdə yaşayan azərbaycanlılar üçün daha çox hansı proqramların yayımlanması ilə bağlı danışarkən deyib. Hazırda internet əsrində yaşadığımıza diqqət çəkən A.Həsrət belə bir dönəmdə hər şeyin əlçatan olduğunu bildirib:

"İstər-istəməz insan işə gedəndə, evə gələndə, yaxud da başqa işlərlə məşğul olan zaman televiziyaya ehtiyac duyur. Onu açır və nəyəsə baxır. Təsəvvür edin ki, Amerikada, Avropada, uzaq Şərqdə yaşayan azərbaycanlı evində televizoru açır və orada Azərbaycanla bağlı hansısa verilişə baxmaq istəyir. Bu ənənəvi kanallar da ola bilər”.

Azər Həsrət ənənəvi kanalların hədəf auditoriyasının daha çox ölkə içi olduğunu qeyd edib:

“Ümumi verilişlər yayımlanır. Amma Diaspora.TV deyəndə adından göründüyü kimi hədəf auditoriyası xaricdə yaşayanlardır. Ona görə də onun verilişləri və təqdimatları digər kanallardan fərqli olmalıdır. Birincisi, dilimizin, mədəniyyətimizin qorunması, bu istiqamətdə baş verənlərlə bağlı xaricdəki soydaşlarımızın məlumatlandırılması çox vacibdir. Eyni zamanda, xaricdəki azərbaycanlıların bir-birinə tanıdılması da lazımdır. Məsələn, Malayziyada yaşayan azərbaycanlılarla bağlı veriliş yayımlanır, Amerikada və Avropadakılar da onları tanıyır. Yəni bu cür şaxələndirilmiş işlər görmək olar”.

A.Həsrət qeyd edib ki, bu məsələdə sorğu aprmaq daha məqsədəuyğun olar:

“Daha çox nəyə ehtiyacları var? Biz Azərbaycanda oturub nəyəsə qərar verə və hətta, ehtiyacları da müəyyənləşdirə bilərik. Amma ən doğru ehtiyacları diaspora nümayəndələrinin özləri bilir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...